Noyabr 28, 2021

Naxçıvanda bank sektorunun inkişafı müzakirə edilib

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Naxçıvan MR-ə səfər edib.

Turaz.org bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, səfərin məqsədi muxtar respublikada bank sektorunun inkişafı problemləri, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxışı, bank sektorunun kiçik və orta sahibkarlığa dəstək imkanları, nağdsız ödənişlərin genişlənməsi və digər bu kimi məsələləri müzakirə etmək olub.

Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi aktivlik üzrə müsbət dinamika qorunmuş, sosial-iqtisadi inkişaf istiqamətində mühüm uğurlar əldə olunub. Pandemiyanın ilk günündən dövlət başçısının rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin azaldılması, makroiqtisadi sabitliyinin və məşğulluğun təmin edilməsi və real sektorunun dəstəklənməsi istiqamətində geniş spektrli tədbirlər həyata keçirilib. Azərbaycanın bank sektoru da davamlı islahatlar və inkişafla xarakterizə olunub, bank xidmət və məhsullarının çeşidi və keyfiyyəti yaxşılaşıb, bankların sağlamlaşdırılması və kapitallaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Blokada şəraitində olduğu üçün Naxçıvanın maliyyə sektoru, onun problemləri və inkişaf məsələləri daim diqqət mərkəzində saxlanılıb. Görüşün əsas məqsədi hazırda bu sektorda mövcud vəziyyəti və görüləcək işləri, o cümlədən əhalinin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması, nağdsız əməliyyatların genişləndirilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin genişləndirilməsi kimi məsələlərin birgə müzakirə edilməsindən ibarət olub.

Aparılmış müzakirələr nəticəsində qarşıda duran əsas vəzifələrin əhalinin və sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, maliyyə xidmətlərindən istifadənin əlçatanlığının artırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ipoteka kreditləşməsinin əhatə dairəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması, Naxçıvan iqtisadiyyatının ixrac potensialının artırılması məqsədilə sahibkarların ixrac kreditləşməsi, bölgədə fəaliyyət göstərən bankların özünüməşğulluq proqramının reallaşmasında aktiv iştirak etməsi, əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təhsil prosesinə, təlimlərə cəlb edilməsi olduğu müəyyənləşmiş və bu məsələlərin nəzarətdə saxlanılması və həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Müxbir: Əzizə Əlizadə

 

Translate »