Dekabr 4, 2022

Ölkəyə idxal olunan malların markalanmasında biganəlik: Məhsulların üzərində niyə dilimizdə məlumat yoxdur?

Ərzaq məhsullarının markalanmasında dövlətimizin qanunlarına məhəl qoyulmur, xüsusən də İrandan ölkəmizə idxal edilən məhsullarda bunun şahidi oluruq.

Sözügedən məsələ ilə bağlı Suraxanı rayon sakini Elşən Məmmədov Turaz.org-a şikayət edib.

Onun sözlərinə görə, bu halla dəfələrlə qarşılaşıb. Ailəsi və yaxınları ərzaq məhsulları alarkən İran istehsalı olmasına üstünlük verirlər. Bildirib ki, İrandan idxal olunan əksər ərzaq mallarının markalanması mövcud qanunlara uyğun şəkildə həyata keçirilmir:

“Məhsulun etiketində məlumatlar Azərbaycan dilində yazılmır və ərzaq mallarının mühüm göstəricisi olan buraxılma və son yararlılıq tarixi də fars əlifbası ilə yazılıb. Yararlılıq müddəti məlum olmayan İran mallarından zəhərlənmə olması barədə məlumatlar mediada dərc olunub”.

Şikayətçi qeyd edir ki, avqust ayının sonundan başlayaraq İrandan idxal olunan ərzaq mallarının etiket məlumatlarının qanunlara məhəl qoyulmadan markalanması barədə konkret fakt və ünvanları göstərərək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (İBNDX), Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), Azad İstehlakçılar İctimai Birliyinə (AİİB), həmçinin prezidentə yazılı müraciət edib. Lakin əksər hallarda olduğu kimi dövlət orqanlarından alınan cavablar heç bir nəticəni özündə əks etdirməyib.

Belə ki, İBNDX-dan alınan cavab İstehlak Bazarına Nəzarət Şöbəsinin müdiri Elnur Bağırovun imzasıyla 15 və 20 sentyabr tarixlərində daxil olub və “Baxılması üçün AQTA-ya göndərilir” yazılaraq şikayətə baxılmayıb:

“Daha sonra AQTA-nın Bakı regional bölməsinin rəisi Zaur Kərimov sentyabrın 23-də mal nümunəsi və kassa çeki ilə birgə təqdim etdiyim faktı tam danaraq “Yoxlama zamanı satış vitrinlərində müraciətdə qeyd edilən məhsullara rast gəlinməyib” cavabını verib. AQTA-nın Qida Zəncirinə Nəzarət Şöbəsinin müdiri Elşad Cəbrayılov isə sentyabrın 26-da “Araşdırılacaq və sizə məlumat veriləcək” cavabı ilə yenə də məsələ ilə maraqlanmaqdan imtina etdi”.

Yaşanan halla bağlı şikayətçi Elşən Məmmədov İrandan idxal olunan ərzaq mallarının Azərbaycan dilində markalanması ücün dövlət orqanları, İran səfirliyinin məsələyə müdaxilə etməsini tələb edir.

Məsələ ilə bağlı AİİB sədri Eyyub Hüseynov saytımıza bildirib ki, ölkədə birbaşa xarici şirkətlərlə işləyən və dükanlar şəbəkəsinə malik olan “Alman malları”,“Belçika malları” və s. satan biznes subyektləri də ərzaq mallarının etiketləşdirilməsində dövlətimizin qanunlarına məhəl qoymurlar:

“Çoxsaylı mal çeşidi ilə səciyyələnən texniki malların da müşahidəedici sənədləri milli dildə deyil. AİB olaraq dövlətimizin qanunlarına əməl olunması üçün bu məsələni müvafiq dövlət orqanları qarşısında yenidən qaldıracağıq. Qeyd edim ki, malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində, hətta Azərbaycandan hər cəhətdən zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki, tam həyata keçirilsə də, ölkəmizdə bu məsələ həll olunmadan qalır. Əlbəttə, bu amil qaçaqmalçılıq üçün münbit bir şərait yaradır. İstehlakçılar AİİB-ə müraciət edərək mal nümunələrini alıb kassa çeki ilə birlikdə ofisə gətirərək malların milli dildə markalanması məsələsinin dövlət orqanları qarşısında qaldırılmasını xahiş edir, özlərinin də dayanmadan müvafiq dövlət orqanlarına müraciət etdiklərini qeyd edirlər. Lakin cavabdeh dövlət orqanları tam biganəlik göstərir”.

Xatırladaq ki, “Dövlət Dili Haqqında Azərbaycan Respublikasının 7.3 nömrəli qanun”unun maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

Həmçinin “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikasının qanun”unun 13-cü maddəsində və Nazirlər Kabinetinin 94 saylı qərarının 5.8-ci maddəsində qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Turaz.org” Təhlil Komandası – Ağayeva

Translate »