Dekabr 9, 2021

Ölməz qəhrəmanlar- şəhidlik zirvəsi

Vətənin arxasında,

Biz həmişə dağ olduq.

Vətən bizimçün deyil,

Biz Vətənçün doğulduq. (B. Vahabzadə)

Vətən… Əzəmətli bir qaladır. Bu qalanı yıxılmağa qoymayan isə onun qayalarıdır. Hər cümləsi  “Vətən sağ olsun!” ilə başlayan bu qayaların qəlbində o qədər böyük Vətən sevgisi var ki! Milyonlarla insanın qəhrəmanına çevrilərək heç bir zaman geri çəkilmir və son nəfəslərinə qədər döyüşüb , qaya kimi düşmənin qarşısını kəsirlər. Bu qayalar mərd anaların mərd Azərbaycan oğullarıdır.

Bəzən çox isti olur onlar üçün, bəzən də çox soyuq ,amma ,sizcə,yenə də bir əsgər geri dönərmi getdiyi yoldan?! Xeyr. Çünki o öz el-obasını “Vətənə xidmətə gedirəm, ana” deyərək tərk edib. Vətəni üçün hər zaman çalışacağına üçrəngli bayrağı öpərək and içib. Çünki ona Azərbaycan əsgəri, Vətəninin qəhrəmanı deyilir. Nə düşməndən, nə də ölümdən qorxan igid…

Gül toxumunu əkərsən torpağa, amma iş sadəcə onunla bitirmi?! Gərək yaxşı bir bağban olaraq yağışdan, qardan qoruyub , çoxlu sulayasan ki, o toxum sənin üçün güllük yaratsın. Eləcə də bir ölkəni qorumaq, onun işıqlı sabahı üçün vuruşmaq, üçrəngli bayrağını daima yüksəklərdə dalğalandırmaq hər insanın işi deyildir. Bunu bacaranlar sadəcə qəlbi daim Vətəni üçün döyünənlərdir. Çünki bir borc var onlar üçün. Vətən borcu… Addımlarını basdığı hər qarış torpağı qorumaq borcu… Bu borcun tək fərqi isə sonunda qan,itki,göz yaşı olmasıdır və elə bir söz var ki , sanki bu üç kəlmə həmin sözün izahıdır. Hansı ki səslənişi belə insan qəlbində qorxu yaradır. Müharibədir bu söz. Top,güllənin havada pərvanə kimi uçuşduğu, qanın su yerinə axdığı, Vətənin dayağı olan oğulların döyüş meydanında son nəfəsini verməsinə  səbəb olan qorxulu o söz…

Hər kəs bir gün ölmək üçün doğulur. Amma elə insanlar var ki, sanki onlar Allah qatında xüsusi seçilmiş insanlardır. Çünki onlar ölmür,sadəcə cismən bu dünyanı tərk edir. Elə bir zirvəyə qalxırlar ki, onun qədər uca bir zirvə yoxdur. Elə bir ad var ki, ondan daha dərin mənaya malik olan söz yoxdur. Ad-şəhid, zirvə-şəhidlik zirvəsi…

Bəli! Öz ömrünü xalqına sanki pay verən min yox ,milyonlarla şəhid… Bəlkə də daha fərqli arzuları var idi onların. Amma Vətənin dar günündə qaçdılar köməyə. Bir xalqın başını dik tutmağı üçün irəli atıldılar. Həm də heç tərəddüd etmədən. Top,güllə səsi qorxutmadı onları. O qədər böyük gücə sahib idilər ki, düşmənin dovşan kimi qaçmasına bir baxışları bəs edirdi. Dayandılarmı?!Xeyr. Geri çəkildilərmi?! Xeyr. Qəhrəmanlıqları ilə bütün  dünyanı ayağa qaldırdılar. Böyük bir qəhrəmanlıq dastanının müəllifi oldular.  Amma  hər şey sadəcə Vətən üçün idi.

Vətən,sən heç zaman bölünməyəcəksən! Çünki sənin uğrunda canından keçən oğulların var. İllərlə əziyyət çəkib böyütdüyü oğlunu öz əlləriylə torpağa basdıran, bunun üçün yaşamağı özünə ar bilən, qəhər boğduğu halda başını dik tutan bir ata igid bir oğul yetişdirdiyi üçün  qürur duyur. Dillənsə, sadəcə bu sözlər tökülər dilindən: “Qürur duyuram ki, belə bir oğul böyütmüşəm.” Baxmayaraq ki, bir zamanlar oyun üçün çiyinlərinə aldığı oğlunun indi  tabutunu da həmin çiyinlər daşıdı. Oğlu üçün xonçalar hazırlayan, amma artıq onları sadəcə oğlunun məzarına apararaq təskinlik tapan həm qürurlu , həm də yaralı ananın da sözləri “Vətən sağ olsun” ilə başlayır. Atasının şəklini bərk-bərk qucaqlayan, bir zamanlar atasına amma indi onun üçrəngli bayraqla örtülmüş tabutuna sarılan uşaqların dilindədir: “Mən fəxr edirəm ki, şəhid övladıyam”. Halbuki, çox yaxşı bilirlər ki, heç vaxt geri qayıtmayacaq atası, Arəstə kimi anası. Qardaş acısının yükünə tab gətirməyə çalışan bacı, qardaşın və həyat yoldaşının tabutunu öz zərif çiyinlərində həm gözyaşları,həm də qürur ilə aparan bir qadının dilindən də eyni sözlər eşidiləcəkdir. Əsgər yoldaşları onlar üçün atəş açır son dəfə səmaya. Hər kəs məzarın önündə fəxrlə baş əyir. Bir zamanlar sadəcə bir kənd, bir el-oba tanıyırdı onları. Amma indi  milyonlarla insan göz yaşı tökür həmin igidlər üçün. Bütün uşaqlar gələcəkdə onlara bənzəmək istəyir.

Budur şəhidlik zirvəsi,əbədiyyətə qovuşmaqdır. Geridə çox acılı ürəklər qalsa da, xalqın ölməz qəhrəmanına çevrilməkdir. Müqəddəs Vətənin bir daha heç zaman qayıtmayacaq olan oğullarının qalxdığı zirvədir. Bu zirvəyə gedən yolda onlar “mümkünsüz” fikrini yıxıb, mümkün etdilər. İllərdir bağlı qalan qapıların paslı kilidini açdılar. Həm də qanları bahasına…

Polad Həşimov, İlqar Mirzəyev, Cəbrayıl Dövlətzadə, Vidadi Xəlilov, Arəstə Baxışova,  İntiqam Abbasov ,Elməddin Babayev, Kamal Əbilov, Pərviz Məmmədov, Yaşar Babayev, Xudayar Yusifzadə, Həsənağa Abdullayev,Teymur Osmanlı, Elvin Bayramov, Əzim Həsənov,Azər Kərimov, Eldar Şirinov  kimi 2907 şəhid uyuyur soyuq torpağın altında. Hər kəs həmin 2907 igidin dastanını danışır. Soyuq bir sentyabr ayında başladı bu dastan. Güllələrin quşların əvəzinə səmada uçuşduğu, qanların yarpaqların əvəzinə töküldüyü bir payız ayı şəhidlik zirvəsinə ucalanların ayı oldu. Hansı ki heç bir zaman unudulmayacaq.

Unutmayaq, unutdurmayaq! Əgər bu gün bir xalq  zəfər qazanıb, düşmən diz çöküb, üçrəngli bayraq hələ də ucalarda dalğalanırsa, dağ qamətli, ər qüdrətli oğullar və qızlar Vətənə canını fəda etdiyi üçündür. Bu gün böyük bir fəxrlə deyə bilərəm ki, şəhidləri olan bir ölkə heç zaman məğlub olmaz və ya bölünməz. Çünki sadəcə torpaq uğrunda ölən varsa, Vətəndir.

Allah cümlə şəhidlərimizə rəhmət eləsin!

YAZAR: Lamiyə Süleymanlı

Translate »