Orfoqrafiya və orfoepiya mövzusu son zamanlar cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdən biridir.
Biz də, Turaz.org olaraq bu mövzuya öz münasibətimizi dəyərli Gülyaz xanımın yazısını sizinlə paylaşaraq bildirmək istəyirik.
Doğma dilim sən ki varsan dünyada!
“Mən də varam” söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!
(Ələkbər Ziyatay)
Yeni orfoqrafiya və orfoepiya lüğətlərinin nəşri də bu sahədəki problemləri həll etmədi. Əksinə, bir az da qabartdı. Hələ də orfoqrafiya qaydalarında boşluqların olduğunu daha artıq nəzərə çarpdırdı. Razılaşaq ki, mətbuatda, hətta ixtisaslı jurnalist, alim, savadlı insanlar tərəfindən gedən mətnlərdə belə adi orfoqrafik, leksik, qrammatik səhvlərə yol verilməsi halları artıq çox geniş miqyas alıb və bu da sadəcə diqqətsizlik deyil, dilimizə, imlamıza hörmətsizlik kimi görünür və getdikcə vərdişə çevrilir. Onu da qeyd etməliyik ki, bunun səbəbini təkcə subyektivlikdə axtarmaq düzgün deyil. Səbəblərdən biri də bəzi sözlərin yazılışı barədə vahid qaydaların olmamasındadır.
Söhbət konkret olaraq nədən gedir? Söhbət əcnəbi şəxs adlarının necə yazılmasından gedir. Son zamanlar isə bir sistemsizlik yaranıb. Azərbaycanda qarşılığı olan türk şəxs adları gah Azərbaycandakı kimi, gah Türkiyədəki kimi yazılır və belə hallara ən mötəbər saytlarda belə rast gəlmək olar. Məsələn:
Əziz Səncər – president.az
Əziz Sancar – Azərtac
Aziz Sancar – APA
Türkiyənin Vitse-prezidenti Fuat Oktayın ad-soyadının yazılışında saytlar arasında “konsensus” var – Türkiyədəki kimi yazılır.
Bəzən eyni adın eyni saytda iki cür yazılması hallarına da rast gəlirik:
“Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi professor Fəxrəddin Altun” (“Azərtac”)
“Türkiyənin səhiyyə naziri Fahrettin Koca (“Azərtac”)
Təbii ki, bütün bunlar xoş deyil və tədbir görülməlidir. Bu barədə sizin fikirlərinizi də bilmək istərdik. Bir şey də maraqlıdır: Türkiyədə və Azərbaycanda ortaq olan şəxs adları yazılarkən hansı sənədə istinad edilməlidir? Əgər elə bir sənəd yoxsa, onda doğru və yanlış necə müəyyən edilməlidir?
Bu gün mətbuatda xarici şəxs adlarının yazılışında imla fərqliliyi tez-tez rastlaşdığımız və həllini gözləyən məsələlərdəndir.
Əcnəbi şəxs adlarının necə yazılması ilə bağlı bu gün dilimizdə bir norma varmı?
Bəzi saytlar əcnəbi adları o adların mənsub olduqları dildəki kimi, bəziləri isə bizim dil qaydalarına əsasən yazırlar.
Təəssüf ki, əcnəbi şəxs adlarının necə yazılması ilə bağlı istinad edəcəyimiz bir norma yoxdur. Bu səbəbdən də KİV-də bu adları kim necə istəsə, o cür də yazır. Məsələn, ədəbi dil normalarına əməl edən ən mötəbər sayt kimi president.az-da belə şəxs adları “Fuat Oktay və Rəcəb Tayyib Ərdoğan” kimi yazılıb. Digər rəsmi saytlar da ondan götürərək o cür yazır.
“Azərtac” da şəxs adları ilə bağlı iki cür yazılışdan istifadə edib, həm “Fəxrəddin Altun”, həm də “Fahrettin Koca” kimi yazıb.
Fikir verin, Prezident az saytında da birincidə ad və soyad Türkiyədə olduğu kimi (Fuat, Oktay), ikincidə Azərbaycandakı qarşılığı kimi (Rəcəb, Ərdoğan. Tayyib isə qismən, bizdə Teyyub, Türkiyədə Tayyip-dir) yazılıb.
Eynən “Azərtac” da şəxs adları ilə bağlı iki cür yazılışdan istifadə edlib. Göründüyü kimi əcnəbi şəxs adlarının yazılışı ilə bağlı mətbuatda bir anarxiya var. Bununla yanaşı, əcnəbi şəxs adlarını Azərbaycandakı qarşılığı kimi yazanlar çoxdur. Məsələn, türk adı olan Ahmet Davutoğlunun Əhməd Davudoğlu kimi yazılması hallarına daha çox rast gəlinir. Saytlarda
“Əziz Sancar”ın yazılışına isə üç formada rast gəlinir: Əziz Sancar, Aziz Sancar, Əziz Səncər…
Bu barədə məsələyə aydınlıq gətirmək üçün aşağıdakı suallarla müxtəlif mütəxəssislərin də fikrini öyrənmək istədik.
Əməkdar jurnalist, AzərTAc-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov: “Mənim fikrimcə, əcnəbi şəxs adları bizdə necə səslənirsə, elə də yazılmalıdır. Məsələn, Əziz Səncər, Fuad Oqtay, Fəxrəddin Qoca kimi. “AzərTac”da bu cür əcnəbi adların iki cür yazılışına gəlincə, bunu olsun ki, xarici müxbirlər elə göndərir, ayrı-ayrı şöbələrdən gəlir və bəzən redaktorlar buna diqqət yetirmirlər. Prezidentin məlumatları, əsas rəsmi xəbərlərimizə fikir verin, orada Azərbaycanda necə səslənursə, eləcə də yazılır”.
Nəsimi adına Dilçilik İnstitutunun Toponimika sektorunun müdiri Elçin İsmayılov:
– Sualınıza belə də cavab verə bilərəm. Bu məsələdə bir prinsip yoxdur. İş yoldaşlarımla danışdım. Bunların da heç birinin belə bir prinsipin olmağından xəbərləri yoxdur. Yəni, kim necə istəyirsə, elə də yazır. Ancaq əslində sözlər bizim dilimizdə olduğu kimi yazılmalıdır. Qəribə burasıdır ki, türklər bizim adlarımızı, sözlərimizi bəzən öz dillərinə uyğunlaşdırıb deyirlər. Hətta toponimlərimizi də. Biz də onların şəxs adlarını dilimizə uyğunlaşdırıb deyirdik, indi isə onlar kimi deyirik. Yəni, dilçilər sırf bunun tərəfdarıdır. Mən bir də sorğu keçirdim, beş-altı nəfərdən soruşdum və bu qənaətdəyəm ki, bizim dildə necədirsə, elə yazılsa, daha məqsədəuyğundur. Yəni “e” saitinin yerinə “ə” yazmaq və s. Yəni bizim dilimizin qaydalarına – Azərbaycan türkcəsinin qaydalarına uyğun olmalıdır. Yazılış da, deyiliş də. Ancaq bir də vurğulayıram bu məsələdə konkret bir transliterasiya prinsipi yoxdur… Mən burada transliterasiya ilə məşğul olan İlham müəllimlə və bir neçə başqa alimlə söhbət etdim. Dedilər ki, “e”lər “ə” kimi yazılmalıdır. O biri hallarda da vəziyyətə baxmaq lazımdır.
Professor Nəriman Qasımoğlu (ADA Universiteti):
“Neçə onilliklərdir. Azərbaycanda qarşılığı olan türk şəxs adları dilimizdəki kimi yazılır: Nazim Hikmət, Əziz Nesin, Süleyman Dəmirəl və s. Məncə, belə doğrudur. Eyni şəxs adının müxtəlif resurslarda fərqli şəkildə yazılması isə təəssüf doğurur”.
Fəxrəddin Veysəlli, AMEA Dilçilik İnstitutunun sabiq direktoru, professor: “Adların və soyadların, ölkə, şəhər, kənd, qəsəbə adlarının yazılışında elmi prinsiplərə riayət olunmalıdır. Bu elmin adı transliterasiyadır. Bütün adların transliterasiyasında iki yol var: ya yazı əsas götürülür, ya da tələffüz. Məsələn, ingilislər öz paytaxtlarını Landon adlandırırlar. Biz isə ona London deyir və yazırıq. Deməli, burda bizim üçün yazı əsas olmuşdur. Dediyiniz adlar bizdəki qarşılığı kimi – Əziz Nesin, Kamal Paşa, Nazim Hikmət şəklində yazılmalıdır. Kamal Paşa latın əlifbasına keçəndə erməni A. Dilaçar /ə/ fonemini əlifbadan çıxardı. Amma bu gün də türk dilində /ə/ fonemi işlənir. Məsələn, türklərə zəng gələndə dəstəyi qaldırıb /əfəndim/ deyirlər. Mən eşitməmişəm ki, onlar /efendim/ desinlər.
Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent: “Yalnız türk deyil, ümumiyyətlə, xarici şəxs adlarının yazılışında imla fərqliliyi təkcə publisistik yazılarda deyil, elmi mətnlərdə tez-tez rastlaşdığımız və həllini gözləyən məsələlərdəndir. Məsələn, Əhməd Qabaqlımı, yoxsa Ahmet Kabaklımı, Kınalızade, yoxsa Xınalızadə yazılmasının doğruluğu barədə həmişə tərəddüdüm olub. Zənnimcə, şəxs adlarını, xüsusilə dilimizdə qarşılığı olanları Azərbaycan türkcəsinin tələbinə uyğun yaza bilərik. Onsuz da həmin adlar ədəbiyyat siyahısında əslinə uyğun qeyd olunur. Amma bu da var ki, həmin şəxslərə mətn içində istinad etdikdə internetdə həmin mətnin elektron variantı əsasında sitatgöstərmənin müəyyənləşməsində qarşıya problemlər çıxır. Yəni ad və soyad dəyişdikdə həmin şəxs ona istinad olunduğundan xəbərsiz qalır. Bu mürəkkəb məsələ ciddi müzakirə olunmalıdır. Türklər mənim soyadımı ingiliscə verməyə meyllidirlər. Belə ki, türk əlifbasında x hərfi olmadığından soyadımı Şıhıyeva yazmaq məcburiyyətində qalıram. Amma onlar bu şəkli deyil, ingiliscə variantı – Shikhiyevanı seçməyə meylli görünürlər. Bu, sadəcə, bir nümunədir. Düşünürəm ki, bu məsələdə vahid yazı qaydası qəbul olunmalı və pərakəndəlik tədriclə aradan qaldırılmalıdır”.
Yeganə Kərimzadə, yazıçı: “Məncə, nəinki türk, eyni zamanda, digər xarici adlar dilimizə uyğunlaşdırılmalıdır. Bu, dünya təcrübəsində yenilik deyil ki, adlar və yer adları yerli dilə uyğunlaşdırılır. Bu, düzgün tələffüz üçün vacib şərtlərdən biridir. Saytlarda gedən səhvlər isə, məncə, qeyri-peşəkarlıqdır və saytlarda tərcüməçilərin olmamasından irəli gəlir. Peşəkar iş peşəkar kollektivlə inkişaf edə bilər”.
Jalə İsmayıl, filologiya üzrə fəlsəfə doktoru, redaktor: “Azərbaycan dilində xarici dillərdəki xüsusi isimlərin necə yazılması ilə bağlı ciddi problem var. Ənənəvi olaraq, ruscadan aldığımız adlara yenidən baxılmalıdırmı? Hər dilin özündəki tələffüz əsas götürülməlidir, yoxsa orijinal yazılış Azərbaycan dilinə uyğunlaşdırılmalıdır? Texasmı, Teksasmı? Milanmı, Milanomu? Kipr, yoxsa Kıbrıs?
AMEA Dilçilik İnstitutu çox vaxt itirib bu qaydaları yeniləmək üçün. Artıq dəqiq söz deyilməlidir. Bu sahədə ən qarışıq vəziyyət türkcə sözlərlə bağlıdır. İnsan adlarının və coğrafi adların əksəriyyəti Azərbaycan dilində də olduğu üçün bu adların yazılışı və tələffüzü, sadəcə, şəxsi təşəbbüs və subyektiv rəylər əsasında baş verir. Hər redaktorun arqumenti fərqlidir. Arzu edirəm ki, qısa müddətdə rəsmi dilçilərimiz bir qərar versinlər və hamı bu qərara uyğun hərəkət etsin. İndiki halda türkcədəki xüsusi isimlərin orijinaldakı kimi işlənməsinin tərəfdarıyam”.
Müəllif: Gülyaz Əliyeva
Müxbir: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/sovket-mirziyoyev-sankt-peterburqa-yola-dusub
Həmçinin bax: kafkazh.com/uygurlara-qarsi-soyqirimi-aktlari-sahidlerin-dilinden-ii-hisse
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib