Oktyabr 19, 2021

Özbəkistan Əfqanıstan ilə Termizdə danışıqlar aparmağa razılıq verib

Oktyabrın 7-də Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilovun başçılıq etdiyi nümayəndə heyəti baş nazirin siyasi məsələlər üzrə müavini Molla Əbdül Kabirin başçılıq etdiyi Əfqanıstan rəhbərliyinin nümayəndələri ilə danışıqlar aparıb.

Turaz.org xəbər verir ki, görüşdə Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini A.Hənəfi, nəqliyyat və mülki aviasiya, ümumi işlər, enerji və su qaynaqları nazirləri də iştirak ediblər.

Xarici işlər naziri Mövləvi Əmir Xan Muttaqi ilə ayrıca danışıqlar aparılıb.

Tərəflər ölkədəki mövcud vəziyyəti, Əfqanıstan xalqına humanitar və digər yardımların göstərilməsi səylərini, həmçinin ölkədə enerji və nəqliyyat sektorunda böyük infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Əfqanıstan müvəqqəti hökumətinin üzvləri, Əfqanıstan xalqının arzularına böyük diqqət göstərdiyinə və ərzaq böhranının qarşısının alınmasında göstərdiyi köməyə görə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevə səmimi minnətdarlıqlarını bildiriblər.

Əfqanıstan tərəfi, Özbəkistan Prezidentinin yeni Əfqanıstan hökuməti ilə konstruktiv və qarşılıqlı məqbul dialoq qurmağa yönəlmiş siyasətini, həmçinin beynəlxalq ictimaiyyəti Əfqanıstanın xaricdəki dondurulmuş aktivlərinə qoyulan məhdudiyyətləri qaldırmağa çağırışını yüksək qiymətləndirib.

Əfqanıstan nümayəndə heyətinin üzvləri, Məzari-Şərif Beynəlxalq Hava Limanının bərpasına, ölkənin Özbəkistan-Əfqanıstan sərhədinin fasiləsiz işləməsinə kömək etdiyi üçün Özbəkistan Hökumətinə dərin minnətdarlıqlarını bildiriblər.

Tərəflər Surxan-Puli-Xumri elektrik ötürücü xəttinin və Məzari-Şərif-Kabil-Pişəvər dəmiryolunun tikintisi layihələrinin həyata keçirilməsi də daxil olmaqla ticarət-iqtisadi məsələləri müzakirə etmək üçün Termizdə birgə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Əfqanıstan tərəfi bu layihələrin həyata keçirilməsində iştirak edən özbək mütəxəssislərinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.

Rəsmi Kabil, Əfqanıstan ərazisindən qardaş Özbəkistanın təhlükəsizliyinə heç bir təhlükə olmadığını bəyan edib.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/biskekde-qazaxistanin-arxeoloji-eserleri-ve-tesviri-senet-sergisi-acilib
Həmçinin bax: kafkazh.com/qorxular

Translate »