Yanvar 29, 2022

Özbəkistan və ABŞ investisiyaların qorunması sazişi üzrə danışıqlara başlayır

Daşkənddə Özbəkistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Dialoqunun ilk iclası keçirilib.

Turaz.org xəbər verir ki, tərəflərin nümayəndə heyətlərinə Özbəkistan Respublikasının xarici işlər naziri Əbdüləziz Kamilov və dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu başçılıq ediblər.

Siyasi və diplomatiya, iqtisadiyyat və inkişaf, təhlükəsizlik, mədəni-humanitar əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar və maliyyə institutları ilə təmaslar sahələrində ikitərəfli və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ hökumətinin Özbəkistanda iqtisadiyyatın liberallaşdırılması, insan hüquq və azadlıqlarının qorunması, demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aparılan islahatlara fəal kömək göstərməyə hazır olduğu vurğulanıb.

Tərəflər mühüm nəticələrin əldə olunması üçün C5+1 mexanizmi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və bu formatın praktiki səviyyəyə çatdırılmasının tərəfdarı olduqlarını bildiriblər.

Nümayəndə heyətləri terrorizm və ekstremizm təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi, Əfqanıstanda sülh prosesinin irəliləməsi, ölkənin münaqişədən sonrakı bərpası və əfqan xalqına humanitar yardımın göstərilməsinin vacibliyini qeyd ediblər.

Özbəkistan-Amerika strateji tərəfdaşlığının konkret sahələr üzrə institusionallaşdırılması, o cümlədən investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin bağlanması üçün danışıqlar prosesinin başlanması ilə bağlı təkliflər nəzərdən keçirilib.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/daskenddeki-herbi-sehercik-herracda-2664-milyard-suma-satilib
Həmçinin bax: kafkazh.com/skalyarlar-ve-vektorlar

Translate »