Noyabr 29, 2022

Özbəkistan və Səudiyyə Ərəbistanı energetika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Özbəkistanın baş nazirinin müavini, İnvestisiyalar və Xarici Ticarət naziri Cəmşid Xocayev dünən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşüb.

 

 

Turaz.org Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, görüş cari birgə layihələrin icrasının sürətləndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində investisiya əməkdaşlığının daha da genişləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Tərəflər, o cümlədən, Sırdərya İES-in bazasında 1500 MVt gücündə kombinə edilmiş istilik elektrik stansiyasının tikintisi layihəsinin icrası prosesini, o cümlədən iki külək elektrik stansiyasının tikintisinə hazırlıq işlərini öyrəniblər. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi və bütün layihələrin tezliklə istifadəyə verilməsi üçün konkret əməli tədbirlərin görülməsi barədə razılıq əldə olunub. Şirkət tərəfindən Özbəkistanda yeni irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsi nəzərə alınmaqla investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

 

Bu kontekstdə Qaraqalpaqıstan Respublikasında gücü 1,5 GVt-a qədər olan külək elektrik stansiyalarının tikintisi üçün yeni investisiya layihələrinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu layihələr Özbəkistan hökumətinin ölkənin enerji balansının şaxələndirilməsi proqramının tərkib hissəsidir və 2030-cu ilə qədər külək stansiyaları tərəfindən istehsal olunan elektrik enerjisinin həcmini 3 GVt-a çatdırmaq məqsədi daşıyır. Danışıqların yekununda birgə layihələrin sürətləndirilməsinə, yeni sazişlərin və təşəbbüslərin hazırlanmasına hərtərəfli köməklik göstərilməsinə dair qarşılıqlı öhdəliklər götürülüb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/qirgizistan-ve-tokio-turizm-sahesinde-emekdasliga-maraq-gosterir/

Translate »