Dekabr 8, 2021

Özbəkistanda siqaret çəkənlərin faizi açıqlanıb

Özbəkistanda kişilərin 23%-i və qadınların 1%-i siqaret çəkir və ölkədə hər il 30 minə yaxın insan siqaretlə bağlı xəstəliklərdən ölür.

Turaz.org xəbər verir ki, bu barədə noyabrın 12-də “Milli Dirçəliş” Partiyasının fraksiyasının növbəti iclasında məlumat verilib.

Qanunvericilik Palatasında fraksiyanın iclasında əvvəlcə “Alkoqol və tütün məmulatlarının yayılmasının və istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

İclasda tütün və alkoqollu məmulatların qlobal problemə çevrilən ürək-damar, xərçəng, şəkərli diabet kimi xəstəliklərin səbəbi olduğu vurğulanıb. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, siqaret hər il 5,4 milyon insanı və ya hər altı saniyədə bir nəfəri öldürür. Alkoqol 3,3 milyon insanın ölümünə səbəb olur.

“Ölkəmizdəki vəziyyət də narahatedicidir. Respublika Səhiyyə və Tibbi Statistika İnstitutunun məlumatına görə, Özbəkistanda hər il 30 minə yaxın insan siqaretlə bağlı xəstəliklərdən dünyasını dəyişir. Ölkəmizdə kişilərin 23 faizi, qadınların isə 1 faizi siqaret çəkir. Xüsusən də son illər gənclərin elektron siqaretə, nikotin iynələrinə aludəçilik halları artmaqdadır. Mütəxəssislərin fikrincə, elektron siqaret çəkənlər sonradan adi siqaretlərdən iki dəfə çox çəkməyə başlayırlar. Bu, gənc nəslin nikotin asılılığının səviyyəsini yüksəldəcək”, – deyə parlamentin aşağı palatasının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunanlar nəzərə alınaraq, spirtli içkilərin və tütün məmulatlarının dövriyyəsinin tənzimlənməsini, vətəndaşların mənfi nəticələrdən qorunmasını, cəmiyyətdə sağlam həyat tərzi üçün təşkilati-hüquqi şəraitin yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Mövcud qanunun təşkilati-hüquqi mexanizmlərinin zəifliyi nəticəsində orada müəyyən edilmiş qaydalara və məhdudiyyətlərə əməl olunma səviyyəsi çox aşağıdır.

“Qanun layihəsinin yeni redaksiyasında alkoqol və tütün məmulatlarının satışı ilə bağlı məhdudiyyətlər 20 ildən 21 ilə dəyişdirilir, çatdırılma və paylanması ilə bağlı tələblər gücləndirilir. Ticarət və xidmət obyektlərinin piştaxtalarında tütün məmulatlarının nümayişi də qadağandır.

Eyni zamanda, qanun layihəsində qüvvədə olan qanunda nəzərdə tutulmayan, lakin hazırda gənclər arasında ənənə halını alan və onların sağlamlığı üçün ciddi təhlükə yaradan nikotin qəlyanaltılarının dövriyyəsinə məhdudiyyətlər də daxildir”, – deyə məlumatda bildirilir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qasim-comert-tokayev-istanbula-isguzar-sefer-edecek
Həmçinin bax: kafkazh.com/azerbaycanin-terkibinde-naxcivan-mssr-ve-dqmv-yaradilmasi

Translate »