Noyabr 29, 2022

Özəl bağçaların sayı artır: rəqabət, yoxsa pul tələsi? – Təhsil eksperti açıqladı

 

Ölkədə ildən ilə özəl bağçaların sayı artır. Təbii ki, say artmaqla yanaşı qiymət fərqi də nəzərə çarpacaq dərəcədə olur. Valideyn övladı üçün özəl bağçaya ortalama hesabla ay ərzində 300 manatdan 900 manata qədər ödəniş edir. Niyə özəl bağça seçdiyini soruşduqda isə dövlət bağçasına da “hörmət” edildiyini, təhsil keyfiyyəti baxımından özəli üstün tutduğunu deyir. Hazırda ölkəmizdə 1 656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var.

Bəs bağçanın öhdəliyi nədir? Özəl bağçaların çoxalması zərurəti nədən qaynaqlanır? Dövlət bağçaları üzərlərinə düşən vəzifəni düzgün icra edə bilmirlər, yoxsa bu sırf valideyn eqosunun tətmin olunmasının nəticəsidir?
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov mövzu ilə bağlı Turaz.org-a danışıb.

Uşaqların təlim-tərbiyəsinin ilk olaraq ailədən başladığını qeyd edən ekspert növbəti mərhələdə bu öhdəliyi bağça və məktəblərin yerinə yetirdiyini qeyd edib. Onun sözlərinə görə, azyaşlıların baxçaya gedib–getməməsi məktəbə gedən zaman həlledici rol oynayır:

“Baxçaya gedən uşaqların məktəbə uyğunlaşması daha asan, təlim-tədris nəticələri isə üstün olur. Amma müstəqillikdən sonra dövlət uşaq bağçalarının özəlləşdirilməsi, fəaliyyətini dayandırması və infrastrukturdakı geriləmələr valideyinləri özəl baxçalara üz tutmağa məcbur edib. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Amma 1 656 dövlət uşaq bağçası cəmi 123 min uşağı qəbul etmək imkanına malikdir. Bu isə bağçayaşlı uşaqların cəmi 25 faizi deməkdir. Ona görə də son illərdə sürətlə özəl uşaq baxçalarının sayı artıb”.

Azyaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilərin dünyanın aparıcı dövlətlərlə müqayisədə çox aşağı olduğunu deyən təhsil eksperti bağçaların sayının çox olduğu Bakıda məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizinin məktəbə bağçalardan gəldiyini bildirib:

“Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75 faizlik uşaq da bağçalara cəlb olunsun. Dünya təcrübəsindən yola çıxaq, Amerikada bağçaların 80 faizi özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Bir neçə il ərzində bağçaların icra hakimiyyətlərinin nəzdində olmasından narazılıq çoxalmağa başladı. 10 il ərzində uşaq bağçalarının yerli icra hakimiyyətlərinin nəzdində olması onları azı 10 il inkişafdan geri saldı.

İlk növbədə qeyd edim ki, Azərbaycanda dövlət bağçalarında bir uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır. Normativə görə, bir körpəyə gün ərzində 120 qr çörək, 37 qr yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. Sözsüz ki, bu, uşaqların normal qidalanması üçün yetərli ola bilməz. Düşünürəm ki, meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır. Eyni zamanda, menyu yeknəsəq olmamalı, elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər. Amma real vəziyyət odur ki, hazırda uşaq bağçalarında qidalanma tamamilə aşağı səviyyədədir”.

Kamran Əsədov hesab edir ki, bağçaların fəaliyyətinə kifayət qədər vəsait ayrılarsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir:

“Elə-belə pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Düzdür, on illərdə ölkədə məktəbəqədər təhsil müəssisələri dünya standartlarına yaxınlaşıb. Amma normativlər – uşaq bağçasının quruluşu, işləmə metodu, idarəedilməsi baxımından isə hələ dünya standarlarına cavab vermir. Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur. Bu günün reallıqları da o normativlərlə uyğunlaşmır. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı normativlər var. Tədris otağı 20, uşaq otağı isə 50 m² olmalıdır. Doğrudur, özəl bağçaları da istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi-tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır”.

Turaz.org Təhlil Komandası – Ağayeva

Translate »