Sentyabr 30, 2022

Pandemiya bizə nəyi öyrətdi?

Azərbaycanda 2020-ci ilin fevralından etibarən “COVID-19” koronavirus pandemiyasinin yayıldığı təsdiqlənib. Pandemiya nəticəsində dünyanın bir çox yerində, eləcə də, Azərbaycanda karantin rejimi tətbiq olunmuş, insanlar maskalardan istifadə etmiş, məktəblər, ali təhsil müəssisələri, iş yerləri öz fəaliyyətlərini onlayn olaraq davam etdirmişdi. “COVID-19” pandemiyası cəmiyyətimiz üçün çox çətin bir dövr hesab olunur. Virusun şiddətlənməsi bir çox insanın həyatını itirməsi ilə nəticələndi. Bu kimi səbəblərdən pandemiya dövrü hər kəs üçün acı bir xatirə hesab olunur. Bütün bunlara baxmayaraq, bu dövrdə yaşadıqlarımızın insanlara nə qədər mənfi təsirləri olması ilə yanaşı, bəzi müsbət təsirləri də olmuşdur.

İlk olaraq, hər kəs öz həyatının, ailə fərdlərinin dəyərini daha yaxşı anlamışdır. Bundan əlavə, pandemiyadan sonra insanlar əvvəlki yaşayış tərzlərinə qayıtsalar da, sağlamlıqlarına, gigiyenik qaydalara olan diqqəti əldən vermədilər.

Digər müsbət tərəflərindən biri isə təhsil və iş sahəsinə aiddir. Nə qədər onlayn təhsil çox effektiv hesab edilməsə də, Azerbaycan təhsil sisteminin inkişafı üçün “distant təhsil” müsbət bir addim idi. Həmçinin iş yerlərinin onlayn formada fəaliyyəti həm virusdan qorunmaq üçün, həm də vətəndaşların evdən çalışaraq öz gəlirlərini əldə etməsi baxımından doğru bir addım hesab edilir.

Sosial şəbəkələrdə “Pandemiya sizə nəyi öyrətdi?” başlığı altında keçirilən bir sorğuda “sabahı düşünməyi, şükür etməyi, daha tutarlı olmağı, rəsm çəkməyi, çətin vəziyyətdə necə mübarizə etməyi, sağlamlığımızın qədrini bilməyi, səbrli olmağı” kimi maraqlı cavablar öz əksini tapmışdır.

Unutmamaq lazımdır ki, vəziyyət nə qədər çətin və çıxılmaz kimi görülsə də, mütləq oradan çıxarılacaq müsbət bir nəticə vardır.

Yazar: Lalə Padarova

Turaz.org

Translate »