May 17, 2022

Patriarx Kiril və Şeyx Qaynuddinin istinad etdikləri və “unutduqları”

“Onları buraxın, onlar korların kor başçılarıdır və əgər kor koru yedəkləsə, hər ikisi quyuya düşər”

İncil, Mattanın müjdəsi, XV, 14

Bu yaxınlarda xəbər yayıldı ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, Müftilər Şurasının rəhbəri Şeyx Ravil Qaynuddin müsəlmanlara çağırış edib. O, bütün müsəlmanları Rusiyaya dəstək verməyə çağırıb.

“Şeyx Qaynuddin Rusiyanın Ukraynaya hücumunu Quranın ayələri ilə əsaslandırıb və müsəlmanların Rusiyanın yanında dayanmalı olduqlarını bildirib”, – deyə KİV yazır.  Oxşar bəyanatla Moskva və Bütün Rusiyanın patriarxı Kiril də çıxış edib. TASS onun sözlərini sitat gətirir: “Ona görə də bu gün, Bağışlanma Günü… hər kəsi günahları və təhqirləri bağışlamağa çağırıram”. Sevgi dini mənsubunun belə danışmağı gözəldir, təqdirəlayiqdir, eləmi? Amma tələsməyin, patriarx sözlərinə davam edir: “Amma ədalətsiz bağışlama kapitulyasiya və zəiflikdir… Ona görə bağışlayan şəxs Nurun tərəfində, Allahın həqiqətinin, İlahi əmrlərin, Məsihin işığının, Onun sözünün, İncilin tərəfində olmalı, bağışlama isə Onun sözünə, İncilinə, bəşər övladına verdiyi ən böyük vəsiyyətlərə əməl etmək hüququ ilə müşayiət olunmalıdır”.

Sonra Moskva və Bütün Rusiyanın patriarxı ilahi nurun, Allahın həqiqətinin, ilahi əmrlərin, Məsihin işığının, Onun sözünün, İncilinin, bəşər övladına verdiyi ən böyük vəsiyyətlərin “koordinatlarına” da aydınlıq gətirib: “Səkkiz ildir, Donbasda insanların əzilməsi və məhv edilməsi davam edir. Səkkiz ildir, onlar iztirab çəkirlər, amma bütün dünya susur”, – deyə Patriarx Kirill Xilaskar Məsihin kilsəsində liturgiyadan sonra xütbəsində bildirib.

Sonra hörmətli patriarx təəssüf edir ki, xitab etdiyi qövm çox sadəlövhdür, zəif müqavimət yolunu seçir, güclərin onlara göstərdiyi yolla təvazökarlıqla gedir. Buna görə o, həmvətənlərini mübariz olmağa səsləyir: “Allahın sözünə sadiq olacağıq, Onun qanununa sadiq olacağıq, Ədalətin və bu qanunun pozulduğunu görsək, biz heç vaxt bu qanunu, o cümlədən müqəddəslik və günah arasındakı sərhədi pozanlarla, günahı nümunə kimi, insan davranış modellərindən biri kimi təbliğ edənlərlə barışmayacağıq”, – deyə patriarx bildirir. Göründüyü kimi, patriarx Rusiyanın Ukraynaya təcavüzünə teoloji cəhətdən bəraət qazandırmağa çalışır və ölkədən kənarda yaşayan rusların “hüquqlarını müdafiə etmək” adı ilə başqalarının torpağını işğal etməyin “məqbulluğu” (oxu: “məşruluğu”) məsələsində onun mövqeyi Rusiyanın siyasi rəhbərliyinin, hətta “İmperiya Hərəkatı” terror təşkilatının liderlərinin mövqeyi üst-üstə düşür.

Halbuki patriarx xitab etdiyi şəxslərə “öldürmə, yalan danışma, sağ üzünə şillə vurulanda sol üzünü tut” kimi etik imperativləri, müharibədən əvvəl isə üzünü  korrupsiya yolu ilə milyardlar qazananlara tutub “Yenə sizə deyirəm: Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın cənnətinə girməsindən daha asandır” (İncil, Mattanın müjdəsi, XIX, 24) ayəsini xatırlada bilərdi…

Amma bunu etməyib. Moskva və Bütün Rusiyanın patriarxını bilmirəm, Rusiyanın Krımı, ardınca da Donbası ələ keçirmək üçün törətdiyi fitnələr mənə Bibliyadakı bir qissəni xatırlatdı. Əhdi-ətiqdə Davudun “böyük günah”ından da danışılır. Vaqiə belədir. Demək, bir gün o, evinin damında gəzəndə Batşeva adlı bir qadını görür və ona bir baxışdan vurulur. Şeytan onu yoldan azdırır. Davud peyğəmbər bu ərli qadınla evlənmək üçün onun əri Uriyanı müharibəyə göndərir. Uriya müharibədə həlak olur və Davud bu qadınla evlənir. Nəticədə Allah onu cəzalandırmaq qərarına gəlir və peyğəmbər Natanı onun yanına göndərir. Natan Davuda belə bir hekayə nağıl edir: “Bir şəhərdə iki adam yaşayırdı. Biri varlı, digəri yoxsul. Varlının çoxlu iri və xırda buynuzlu mal-qarası vardı. Yoxsulun isə satın alıb bəslədiyi kiçik quzudan başqa heç nəyi yox idi. Bu quzunu uşaqları ilə böyüdürdü. Quzu onun çörəyindən yeyir, onun qabından içir və onun qucağında yatırdı. Sanki onun qızı idi. Varlının yanına bir zəvvar gələndə o, öz mal-qarasından və qoyunlarından kəsdirib onun üçün nahar hazırlamaq istəməyib. Yoxsulun quzusunu kəsdirib zəvvar üçün yemək hazırladıb”. Davud bu hekayəni eşidəndə qəzəblənib: “Bunu edən adam ölümə layiqdir”. Bu vaxt Natan Davuda deyir: “Həmin adam sənsən”.

Bu qissə mənə dərisinə sığmayan Rusiya adlı bədheybətin Krıma göz dikməsini və işğal etməsini, sonra “dərə xəlvət…” deyib Donbası almaq üçün Ukraynada daşı daş üstə qoymamasını xatırlatdı. Əhdi-ətiqdə deyilir ki, Davud böyük günahını dərk edəndən sonra Allahdan özünə ölüm diləyir. Amma ona bildirilir ki, etdiyi günahın əvəzində o özü yox, oğlu öləcək. (2 Hökmdarlar 11:2-17; 12:1-14). Belə də olur. Oğullarından biri olan Avşalom taxtı ələ keçirmək üçün üsyan edir və öldürülür.

Buradan çıxan nəticə çox aydındır: hətta peyğəmbər, rəsul olsan belə, Calut kimi bədheybəti öldürüb, ümmətini xilas etmiş olsan belə, səlahiyyət və gücündən istifadə edib zəifi əzmək deyə eksklüziv hüququn yoxdur. Bunu etsən, mütləq cəzalanacaqsan…

Görünür, patriarx təhlükəsizlik mülahizələrindən və ya velikorus şovinizminin təsirindən hökmfərma eqonu məmnun etmək, qonşu və qardaş ölkəni işğal etməyi Nurun tərəfində, Allahın həqiqətinin, ilahi əmrlərin, Məsihin işığının, Onun sözünün, İncilin tərəfində olmaq kimi şərh etmək yolunu tutub. Əgər qəlbi ilə qərarı arasında ziddiyyət varsa, zalıma boyun əyməyə məcburdursa, bu qərarını da özü üçün əsaslandıra bilər: “Allahdan qorxun, hökmdara hörmət edin. Ey xidmətçilər! Yalnız xeyirxah və mülayim ağalara deyil, qəddarlara da tam ehtiramla tabe olun” (Müqəddəs həvari Peterin birinci məktubu, 17-18).

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinə gəlincə, o da oxşar qissənin Quranda olduğunu bilməmiş olmaz. Əgər Bibliyada Davudun səhvini ona peyğəmbər Natan çatdırırsa, Quranda bunu mələklər edir: «Xəbərin varmı sənin o şikayətçilərin əhvalatından. Dırmaşaraq məbədin divarına girmişdilər Davudun yanına, ürkmüşdü onlardan Davud. Demişdilər: «Qorxma, biz iki şikayətçiyik. Birimiz qəsd eləmiş o birinin haqqına. Haqq ilə hakimlik elə aramızda, basma haqqı, doğru yolun ortasına yönəlt bizi» (Sad 21-22); «Bu mənim qardaşımdır. Doxsan doqquz qoyunu var, mənimsə bircə qoyunum. «Bunu da mənə ver» dedi. Mübahisəmiz düşdü, məni məğlub elədi». Davud dedi: «Sənin qoyununu öz qoyunlarına qatmaqla haqqını tapdamış o. Təcavüz eləyər bir-birinin haqqına şəriklərin bir çoxu. Ancaq iman gətirənlər, əməli salehlərsə bunlara aid deyil, sayları da lap azdır». (Sad 23-24). Davud səhvini anladıqdan sonra tövbə edir, Allahdan bağışlanmasını istəyir.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri ən azı susa və ya münaqişəni danışıqlar yolu ilə həll etməyi tövsiyə edə bilərdi. Ərazisinin bir hissəsi işğal olunmuş, digər isə işğal ərəfəsində olan Ukrayna xalqının öz ərazi bütövlüyünü qorumaq haqqı var. Bunu beynəlxalq hüquqla yanaşı, Quran ayəsi ilə əsaslandırmaq olar: “Sizi çıxardıqları yerdən siz də onları çıxarın”. (Baqara 191).  Aydındır, Şeyx bu barədə danışa bilməzdi, hansı ölkədə yaşadığını bilir. Amma belə olan halda işğalı Quran ayələri ilə məşru göstərməyə məcburdurmu? Bunu özü daha yaxşı bilər. Hər halda müsəlmanları işğalçı Rusiyanın ambisiyalı liderlərinin eqosunu məmnun etməyə təşviq etmək, bunu ayələrlə “əsaslandırmaq” doğru deyil. Axı biz müsəlmanlar insanların yaxşılığı üçün ortaya çıxarılmış ən xeyirli bir ümmətik. Yaxşılığı əmr edər, pislikdən çəkinər və Allaha inanarıq (Ali-İmran, 110). Dinimizə görə, indiki halda baş verənlərə qarşı susmaq belə qəbulediməzdir. Hər kəs gücü daxilində milyonlarla insanın yurd-yuvasını tərk etməsi, on minlərin ölümü ilə nəticələnən işğala qarşı çıxmalıdır. Çünki haqla batilin arasında yalnız batil var…

Turaz.org olaraq Vasif Sadıqlı bəyə yazı üçün təşəkkür edirik. Gündəmimizə uyğun gələn bu yazını sizə təqdim etmək bizim üçün xoşdur.

Müxbir: Vasif Sadıqlı
Həmçinin bax: turaz.org/fetelibeyli-ve-beriya-haqqinda-yeni-materiallar-muemmali-tariximizle-bagli-iki-kitab
Həmçinin bax: kafkazh.com/media-ve-siyaset

Translate »