Noyabr 29, 2022

Paytaxtda yaradılan süni əngəl: Tıxaclarla necə mübarizə aparaq? – Ekspertdən təklif

Tədris mövsümü başlayandan paytaxtda müşahidə olunan tıxaclar kəskin şəkildə artıb. Bir çoxları problemin səbəbkarı kimi şəxsi avtomobildən istifadə edən vətəndaşları göstərsələr də, bir qisim şəxs də ictimai nəqliyyatın strukturunun düzgün təşkil olunmadığını deyir. Bəs problem nədən qaynaqlanır? Paytaxt yollarının üzərinə düşən “yük”ü necə azaltmaq olar?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Turaz.org-a danışıb.

Ekspert bildirib ki, bir çoxları mövzuya fikir bildirdikdə tıxacların yaranma səbəblərindən söz açmırlar:

“Bakıda təxminən 3,5-4 milyon əhali cəmləşib. Bu insanların gündəlik gediş-gəlişini təmin etmək üçün çeşidli ictimai nəqliyyat şəbəkəsi və növləri olmalıdır. Bizdə bu növlər var, amma gücü yetmir. Yəni biz daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərini inkişaf etdirməliyik. Hazırda Bakıda əsas yüklənən ictimai nəqliyyat vasitəsi avtobuslardır. Avtobuslar gündəlik olaraq 2,2 milyon sərnişin daşıyır. Ondan sonra ikinci yüklənən, məhdud şəbəkəyə malik olan ictimai nəqliyyat metrodur, gündəlik olaraq 749 min sərnişin daşınmasını həyata keçirir. Əgər böyük Bakı tərəfdən baxsaq, yəni Abşeron dairəvi dəmir yolunu da bu siyahıya əlavə etsək, 93 km olan dəmir yolu gündəlik 23 min sərnişin daşıyır. Əlbəttə ki, yetərli deyil və bu şəbəkə özü də hələ genişlənməlidir. Bundan başqa, paytaxtda 60 min taksi fəaliyyət göstərir. Onların arasında aqreqator şirkətləri də yer alır. Yəni paytaxtın yol şəbəkəsinin yüklənməsinə səbəb budur”.

Ekspert hazırda müşahidə olunan sıxlığın həll yolarından söz açıb:

“Sağlam, həmçinin bir az xəstələnmiş orqanizm düşünək. Hazırda Bakı şəhəri özü də bir orqanizmdir, sağlam olmayan bir vəziyyətdədir. Bunu sağlamlaşdırmaq üçün bəzi tədbirlər görülməlidir. Yol, əslində, mürəkkəb bir mühəndisi qurğudur, çünki bir çox fərqli qurumları, kommunikasiyaları özündə birləşdirir, sərnişin və yük nəqliyyatının hərəkətini təmin edir. Həmçinin də şəhərimizdə olan həm yaşam, həm biznes mühitinə birbaşa əlaqəsi olan mühəndisi qurğudur və çox funksionaldır. Onsuz da şəhərdə torpaq resursu məhdud və çox bahadır, az olan resursdan səmərəli istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə daha çox sərnişin daşıyan ictimai nəqliyyat növü – avtobus üçün xüsusi avtobus zolağı yaradılmalıdır. Bununla yanaşı, bizdə köhnə sovet standartlarının yenilənməsinə ehtiyac var. Bəzi dəyişikliklər etmək lazımdır, Avropa ölkələri artıq bunu tətbiq ediblər. Məsələn, hərəkət zolaqlarının eni hazırda 3,75-3,5 metrdirsə, bunu 2,5-3 metrə qədər daraltmaq olar. Qalan sahədə isə velosiped zolağı salına bilər. Bu, insanlara birbaşa olaraq seçim imkanı verir. Hazırda seçim olmadığına görə bir çoxları ya şəxsi avtomobilə yönəlir, ya da taksi xidmətinə üz tutur. Taksilərin də bir çoxu aqreqator şirkətləridir və burada da keyfiyyət məsələsi bir az aşağıdır. Yəni birbaşa taksi fəaliyyəti göstərən şirkətdən əlavə, boş zamanında hobbi kimi məşğul olanlar var və bu da keyfiyyətin birbaşa aşağı düşməsinə səbəb olur”.

Dörd ilə yaxındır ki, parkinq zonalarının qiymətinin təklif olunsa da, təsdiqlənmədiyini bildirən ekspert bu məsələnin həllinin şəhərin mərkəzinə avtomobillə gələnlərin sayına birbaşa təsir edəcəyini vurğulayıb:

“Baha da olsa, öz təsirini göstərəcək. İnsanlar düşünəcək ki, avtomobillə şəhər mərkəzinə səfər edim, yoxsa ictimai nəqliyyatla gedim? Digər məsələ isə şəhərin alt mərkəzlərinin yaradılmasıdır, insanlar şəhərin bir nöqtəsində yox, müxtəlif hissələrində cəmlənə bilərlər. Bununla yanaşı, “Park and drive” mexanizmi tətbiq oluna bilər. Belə ki, vətəndaş avtobus və ya taksidən asılı düşməsin deyə dəmiryol stansiyalarının ətrafında bir konsepsiya qurulur. Şəxs şəhər ətrafı qəsəbələrdən gəlirsə, öz avtomobilini və ya velosipedini park edir və ondan sonra səfərini ictimai nəqliyyatla davam etdirir. Bunu nizamlaya bilərik, insanların özlərinin seçim imkanı olsun. Hazırda bizim insanlarımızın çoxu əlacsızlıqdan şəxsi avtomobillə hərəkət edir, taksilərə üz tutur. Daha sürətli, daha tez çatmaq istəyir, amma bu istəklər çoxaldıqca avtomobillər də sıxlığa səbəb olur. Yolun tikilməsi bir günlük proses deyil, şəhər mühitində bu daha çox vaxt tələb edir. Çünki şəhər küçələrinin altında yetərincə bizim görmədiyimiz, amma yeraltı kommunikasiyalar var. Bunların köçürülməsi, yenilənməsi vaxt tələb edir. Elə bu səbəbdən biz küçə yol şəbəkəsinin optimal istifadəsini hədəf qoymalıyıq ki, bir zolaqda eyni anda fasiləsiz nə qədər sərnişin hərəkət edir və bunun şəbəkəsi üçün bütün şəhəri əhatə edən avtobus zolaqlar şəbəkəsi olmalıdır”.


Rauf Ağamirzəyev bildirib ki, bəzi küçələr sərnişindaşıma baxımından həddindən artıq yüklənir və bunun qarışısını almaq üçün daha çox sərnişin daşıyan yüngül relsli dəmiryol sistemi yaradılmalıdır:

“Şəhərin baş planında da bu nəzərdə tutulub. Kompleks tədbirlər planın nəticəsi olaraq, yekunda biz daha rahat şəhərə sahib olan və səfərlərimizi dünyanın aparıcı şəhərlərində olduğu kimi daha rahat təşkil edə bilərik. Dünyada ictimai nəqliyyatdan savayı, velosipeddən tutmuş paylaşılan avtomobilə kimi fərqli nümunələr var. Yəni siz müəyyən məsafəni icarəyə götürdüyünüz velosipedlə və yaxud skuterlə gedirsiniz və müəyyən məsafədən sonra isə şəhərin digər nöqtəsində onu park edərək yolunuza davam edirsiniz. Dünya təcrübəsi ilə müqayisə aparsaq, fərqli şəhərlər və fərqli mühitlər var. Amma bu nümunələri tətbiq etmək üçün biz çeşidli ictimai nəqliyyat şəbəkəsini daha da sıxlaşdırmalıyıq, dayanmadan onun inkişafına nail olmalıyıq. Onun yoluna əngəl duran bütün səbəbləri qanunun tam sərt qaydası ilə ona tətbiq etməliyik. Lazım olduqda cərimələməliyik ki, yolu əngəlləyən bir səbəb tapılmasın. Yəni piyada yönümlü hərəkət artsın, insanlar səfərlərini ictimai nəqliyyatla təşkil etsinlər. Piyada yönümlü şəhərlərdə mühit də fərqli olur. Küçələr daha sakit olur. Əslində, səs kirliliyi də bizi yorur, lakin buna fikir vermirik. Amma bu çox ciddi bir məsələdir və şəhərimizin yaşayış keyfiyyətini aşağı salan səbəblərdən biridir. Bunu dayanmadan təbliğ etməliyik, insanlarımızın gündəlik mobilliyini təmin etmək üçün bu yöndə də işləri artırmalıyıq. Küçələrimiz piyadayönümlüyə uyğun olduğu halda, bu, şəhər iqtisadiyyatına, biznesin inkişafına, insanlarımızın həyat keyfiyyətinin yüksəlməsinə səbəb olacaq ”.

Turaz.org” Təhlil Komandası – Ağayeva

Translate »