İyun 8, 2023

Populyarlaşan “ifritələr bayramı”: Helloven uşaqları qatil kimi yetişdirir?

Helloven bayramı illərdir ki, ölkəmizdə keçirilir. Bir çoxları arasında ifritələr bayramı kimi tanınan bu şənlik son illərdə məktəblərdə daha təntənəli şəkildə təşkil olunur. Lakin bayrama marağı olanlarla yanaşı, helloven haqqında əks fikirli olanlar da az deyil. Bir çoxları düşünür ki, bu bayram uşaqların psixologiyasını korlayıb, fərd kimi yetişmələrinə birbaşa təsir göstərir.

Bəs, mütəxəssislər nə düşünür?

Mövzu ilə bağlı Turaz.org-a danışan psixoloq Fərqanə Mehmanqızının fikrincə, helloven ölkəmizdə qədərindən artıq qabardılır:

“Biz emosional cəmiyyətik. Ona görə də hər şeyi daha geniş mövhümdə götürürük. Bu bayram mənsub olduğu ölkədə sadəcə bir balqabaq balqabağı bəzəməklə keçirdilərsə, bizdə məktəblərdə tortun üstündə gərəksiz simvollarla, gərəksiz can-fəşanlıqla keçirdilər. Ümumiyyətlə, bu bayram bizə nə verib? İstər xarici, istər yerli adət-ənənənin cəmiyyətə nə verdiyinə baxmaq lazımdır. Əgər o bayram bizə müsbət enerji, faydalı iş əmsalı və yaxud da ki, adət-ənənəmizə, şəxsiyyət kimi yetişməmizə fayda verən, cəmiyyətin birliyinə səbəb olan bir bayram, bir tədbir deyilsə, onda onu qeyd etməyin nə mənası var?! Düzü mən məktəblərdə bu bayramın keçirilməsini qəbul etmirəm. Çünki ibtidai siniflər və yaxud da bağça yaşlı uşaqlarda bu bayram qorxu yarada bilir. O, qan, o dəhşət qorxulu olanda yumoristik olmur, insanları ciddi şəkildə qorxudur. Ölkəmizdə isə bu daha da qabardılır. Uşaqlarda aqressiya, qorxular yaradır, şüuraltı qorxularını oyadır. Biz bilirik ki, insanlar müxtəlif psixikaya sahibdir və psixohəssas uşaqlar daha həssas olurlar. Onlar müəyyən travmalar, müəyyən hisslərə qapıla, qorxa bilərlər. Ona görə də bunu mənasız bir şey kimi düşünürəm”.

Psixoloq hesab edir ki, belə bayramların təbliğində cəmiyyətin reaksiyası vacib rol oynayır: “ Burda nə əyləncə ola bilər? Təbliğat çox önəmlidir. Mənim övladıma, cəmiyyətə nə təbliğ olunur? Cəmiyyət olaraq nə təbliğ olunduğuna baxmalıyıq. Təbliğ olunacaq bir şey yoxdur. Bizim çox gözəl payız bayramımız var və mən düşünürəm ki, payız bayramı məktəblərdə qeyd olunsun. Çox təəssüf ki, hər məktəb bunu qeyd etmir. Bolluq bərəkət bayramı kimi payız bayramı qeyd edilsə çox yaxşı olar. Başqa vaxt cəmiyyətdə dini bayramları qınayan kəslər var, onlar helloven kimi bayramları keçirtməyə bir şey demirlər. Çox maraqlıdır ki, insanlar bir yol seçib o yola uyğun da rəftar edə bilir. Ümumi götürəndə, istər yerli, istər xarici adət-ənənə olsun, əgər cəmiyyətimizə, həyat tərzimizə müsbət bir şeylər qatmırsa, o adət-ənəni, o həyat tərzini götürməyə dəyməz”.

Mövzuya münasibət bildirən pedoqoq Leyla Nəzirzadə isə hesab edir ki, helloven sadəcə bir bayramdır və uşaqların inkişafına təsiri yoxdur.

Onun sözlərinə görə, uşaqların psixologiyasına təsir edən amilləri bayramla əlaqələndirmək doğru deyil: “Hellovenin bir bayram kimi keçirilməsinin nə tərəfdarı, nə də əleyhdarı deyiləm. Sözün açığı mən onu bir bayram kimi qəbul etmirəm. Bu, gəlmə, calıq “dəyərdir”. Düşünmürəm ki, bu bayramı qeyd etmək potensial qatil yetişdirir. Nəticə etibarilə bu, bir maskalı bir əyləncədir. Hamı o maskaların yalançı olduğunun fərqindədir, xüsusilə də uşaqlar. Əyləncə xarakterli qeyd olunan ənənədir. Potensial qatilləri yetişdirən daha dərin səbəblər var. Hansısa bir bayrama bunu bağlamaq düzgün deyil. Onda belə çıxır ki, Novruz bayramında kosayla keçən keçəlin qapı-qapı düşüb sovqat yığması bizim uşaqlarda dilənçilik formalaşdırır? Bu, cəfəng yanaşmadır. Amma nə qədər qarşısını almağa çalışsaq da, kənar ənənələr, dəyərlər bizim cəmiyyətimizə də yol tapır, tapacaq və intensivləşəcək. Kütləviləşmənin əleyhinəyəm. Kimsə əgər bunu bir bayram kimi qeyd edərək əylənirsə, pozitiv anlar yaşayırsa, niyə də yox? Qoy qeyd etsinlər”.

Translate »