Noyabr 27, 2021

Qafqazda yanan əbədi məşəl

Yunan əfsanələrinin birində qeyd olunur ki, Prometey odu tanrılardan oğurlayaraq insanlara gətirir. Bunu bilən tanrılar qəzəblənir və Prometeyi cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırırlar. Burada qartal onun qaraciyərini hər gün didib yeyərmiş. Hər dəfə onun didilmiş qaraciyəri yenidən sağalırdı. (Əfsanədəki bu məqam bugünkü elm tərəfindən də sübut olunub- qaraciyər insanda özünü bərpa edən yeganə orqandır ) Beləliklə, Prometey otuz il ərzində əzab çəkərək qaraciyərini qartala yedirtmişdir. İnsanlar əbədi işığa qovuşmuşdu, amma Prometey bunun cəzasını ağır ödəmişdi. Bu əfsanəni səbəbsiz xatırlamadım. Qafqazda yerləşən Azərbaycan da bir dövlət olaraq dəfələrlə parçalanmış, istilaya məruz qalmış, işğal edilmiş və hər dəfəsində də gücünü toplayaraq ayağa durmağı bacarmışdır. Azərbaycan xalqı bütün tarixi dönəmlərdə müstəqillik uğrunda daim mübarizə aparmış,bu istəyindən bir an olsun belə geri çəkilməmişdir.

Uzun illər əsarətdə saxlanılan, lakin ürəyi yalnız müstəqil olmaq arzusu ilə döyünən Odlar Yurdu XX əsrin əvvəllərində çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi apardı. Bunun nəticəsi olaraq Birinci Dünya Müharibəsi dövründə Şimali Azərbaycanda müsəlman Şərqinin ilk parlament respublikası sayılan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Müstəqillik əldə edən Azərbaycan odu əldə edərək insanlara bəxş edən Prometey kimi, bəlkə də ondan da artıq sevincli idi. Çünki azadlıq var olmaqdır, yaşamaqdır, yaşatmaqdır. Təəssüf ki, o zaman bu sevincimiz cəmi 23 ay davam etdi. Azərbaycan yenidən bolşevik rusların əsarəti altına düşdü. Prometey kimi o da cəzalandırıldı. Amma onun cəzası 30 il yox 70 il davam etdi. Bu illər ərzində xalqımızı öz dilindən, milli – mənəvi dəyərlərindən ayırmaq istəyənlərin millətimizə yaşatdıqları bütün çətinliklərə, zülmlərə baxmayaraq Azərbaycan daim ayaqda durdu. Qolumuza vurulan 70 illik zəncirin ilk halqası 1990-ci ilin noyabr ayının 17-sin də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırılan üçrəngli ,ay ulduzlu Azərbaycan bayrağının dalğası ilə qırıldı. 1991-ci ilin oktyabrın 18-də isə müstəqilliyimiz yenidən bərpa edildi. Bu dəfə onu buxovlayan zəncirləri tamamilə qıran xalqımız min bir çətinliklə yenidən öz müstəqilliyinə qovuşdu.

Azərbaycanın dünyaya bir günəş kimi doğacağından qorxanlar yenə boş durmadılar. Ermənilərin arxasında dayanan qüvvələr bu dəfə də Qarabağımıza göz dikdilər. Yenicə müstəqillik əldə edən və hələ ordusu formalaşmamış bir ölkəyə göz dağı vermək üçün Qarabağı işğal etməklə qalmayıb insanlıq tarixində misli görülməmiş cinayətlər törətdilər. Odlar yurdu düz 30 il bu nifrət alovuyla alışdı, amma kül olmadı, qığılcım alıb yenidən doğdu. Nəhayət ordumuz illərin qisasını alaraq 2020-ci ilin sentyabr ayında başlanan 44 günlük müharibəsində düşməni ona bəslədiyi nifrət alovuyla yandırıb külə döndərdi. Azərbaycan oğullarının odlu nəfəsindən çıxan bu yanğın düşməni öldürdükcə Qarabağ cana gəlirdi. İşğalçıdan təmizlənən ana yurd gül-çiçək açaraq payız fəslində azadlığın xoş ətirli baharını yaşadı. Vətən torpağı igidlərimizin qanı ilə sulanaraq müqəddəslik qazandı, and yerimizə çevrildi. Azərbaycanın işğal olan torpaqlarında açan azadlıq çiçəkləri bütün dünyanı heyrətləndirdi. Çünki biz təkcə zəfər qazanmadıq, biz arxamızda başqa ölkələrin öyrənə biləcəyi çox izlər buraxdıq.

Bir illik zəfər tariximizdə Şuşa dastanının isə ayrı bir yeri var. Sıldırım qayalara dırmanan vətən oğulları öz yarına qovuşmaq üçün qayaları yaran Fərhaddan daha güclü və cəsarətli idilər. Onların da mübarizəsinin təməlində sevgiliyə qovuşmaq dayanırdı. Bu “yar” əzəmətini dağlardan alan, vüqarı və qüruru ilə göz oxşayan Şuşa idi. O Şuşa ki özündə tariximizin min illik izlərini daşıyır. O Şuşa ki Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin səsini, dahi Üzeyirin musiqisini illərdir qoynunda saxlayır. Mədəniyyətimizə, ədəbiyyatımıza , incəsənətimizə yüzlərlə tarixi şəxsiyyətlər bəxş edərək muğamımızın beşiyinə çevrilib. O Şuşa ki adında özü boyda tarixi yaşadır. Bu sevgili uğrunda qayalara dırmanan igidlərimiz topun, tüfəngin qarşısına süngü-bıçaqla çıxdı. Dünya bu sevda qarşısında heyrətdən dondu, dili tutuldu. Qarabağda haqqı, ədaləti bərpa edən igidlərimiz eyni zamanda bir məhəbbət dastanı yazdılar. Elə bir dastan ki bundan sonra da dünya tarixində dillərdən düşməyəcəkdir. Bu savaşda insanlıq tarixində cəsarətin, gücün, ağlın, yenilməzliyin simvoluna çevrilən Prometeyin ruhu da Azərbaycan igidlərinin qarşısında baş əydi. Öz dözümlülüyü, mübarizliyi, qorxmazlığı, cəsarəti, igidliyi ilə yenilməzlik simvoluna çevrilən xalqımız oddan-atəşdən qorxmayan Simurq quşu kimi dəfələrlə atəşə atılsa da, yanmadı, sönən odun külü içərisindən dirilib çıxdı. Artıq Azərbaycan bayrağı bir qartala dönüb Qafqaz dağlarının ən yüksək zirvəsində qanad çalır.

 

İlahə Allahverdiyeva – Naxçıvan Dövlət Universitetinin ” Jurnalistika ” ixtisası üzrə III kurs tələbəsi

Həmçinin bax: kafkazh.com/azerbaycanin-terkibinde-naxcivan-mssr-ve-dqmv-yaradilmasi/

Həmçinin bax: turaz.org/mudafie-nazirliyi-heftelik-icmalini-teqdim-edib-4/

 

 

Translate »