Oktyabr 3, 2022

“QARABAĞ” “LECH”İ BAKIYA GƏLMƏYƏ PEŞMAN ETDİ

Qitənin ən nüfuzlu klub turniri olan Uefa Çempionlar Liqasının 2022-2023 mövsümünün ilk təsnifat mərhələsində mübarizəyə qoşulan təmsilçimiz “Qarabağ” yenə bizləri sevindirdi. Hərçənd ki, püşk bu dəfə komandamızın üzünə gülməmişdi. Bu dəfə rəqibimiz, Azərbaycan klubları ilə bütün cütlərdə mərhələ adlamağı bacarmış, son Polşa çempionu “Lech Poznan” idi.

“Lech”in Transfermarkt dəyərinə nəzər salsaq, “Qarabağ”dan 2 qat dəyərli klub olduğunu görürük. Amma futbolda təbii ki, nəticə topun tora daxil olması ilə müəyyənləşir. İlk qarşılaşma Polşada “Lech”in 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Amma həmin qarşılaşmada da “Qarabağ” baxımlı oyun göstərmişdi. Ona görə də cavab qarşılaşmasında mərhələ adlayacağımıza çoxumuz inanırdıq.

“Lech”in rəsmi sosial media hesablarının paylaşımlarına baxanda Bakıya gəldikləri andan etibarən istidən şikayətləndiklərini görürdük. Təbii ki, bu hal bəhanə kimi qəbul edilə bilməzdi. Qarşılaşma axşam saatlarına təsadüf edirdi. Matç gözlədiyimiz kimi başlamadı. Start fitindən 20 saniyə sonra ani diqqətsizlikdən qapımızdan qolu buraxdıq. Bu qoldan sonra “Qarabağ” futbolçularında qətiyyən inamsızlıq hiss olunmadı. Hücumlarının kəsərini artıran komandamız bir neçə hücumun ardından bərabərliyi bərpa etdi. Komandanın ən istedadlı oyunçusu Kady Borges yenə səhnəyə çıxdı və baxımlı qolla hesabı bərabərləşdirdi. Bu qolun ardından komandamız təzyiqi daha da artırdı. Bu təzyiqlərin məntiqi davamı olaraq Ozobic hesabı 2:1 komandamızın xeyrinə dəyişdi. İkinci hissədə isə, Kadynin cərimə zərbəsindən vurduğu topu qapıçı dəf etsə də, Medina və Wadjinin eyni anda topun üzərinə şığıması ilə hesab 3:1 oldu. Komandamız təqdirəlayiq oyun göstərirdi. Növbəti cərimə zərbəsindən sonra futbolçularımız baxımlı ev tapşırığını yerinə yetirsələr də, qapıçı sevinməyimizə maneə oldu. Bu tapşırığın belə ustalıqla yerinə yetirilməsi məşqlərdə nə qədər yüksək səviyyədə hazırlığın keçirilməsi ilə əlaqədardır. “Qarabağ” 3 qolla kifayətlənmədi. Kadynin Maradona sayağı keçidlərindən sonra vurduğu möhtəşəm qol fərqi 3 topa yüksəltdi. Oyunda son nöqtəni isə, Abbas Hüseynov qoydu, 5:1. “Qarabağ” “Lech”i bu cür darmadağın etdi. Azarkeşlər, məşqçilər korpusu və futbolçular bu möhtəşəm qələbəni birlikdə qazanmış oldu. Komandamızın hər bir futbolçusunu ayrıca qeyd etmək olar. Amma matçın qəhrəmanı şübhəsiz ki, Kady idi. Matçdan sonraki mətbua konfransında “Lech”in baş məşqçisi ilk başda “Qarabağ”ın keyfiyyətli oyunundan danışsa da, sonra vurduğumuz qollarda ofsayd olduğunu bildirdi. Demək istərdim ki, cənab Conni van den Brom qeyd etdiyiniz kimi, “Qarabağ” layiq olduğu qələbəni keyfiyyətli və baxımlı oyunla qazandı. Hakim qərarları bəhanə olaraq göstərməyə ehtiyac yoxdur. “Lech” yaxın 30 il ərzində bu qədər böyük hesabla məğlub olmamışdı. Ona görə bu üsyanı hardasa başa düşmək olar.

Növbəti mərhələdə İsveçrə çempionu “Zurich”lə qarşılaşmada “Qarabağ”ımıza uğurlar!

Turaz.org “Turaz Təhlil”dən Elgiz Zari 

 

Translate »