Fevral 1, 2023

Qarlı havanın təhsil müəssisələrinə təsiri: 85 tələbə imtahana gəlməyib

Hava şəraitinin normadan şaxtalı və qarlı keçməsi birbaşa olara təhsil müəssisələrində davamiyyətə təsir edir. Ali məktəblərdə imtahan sessiyalarının başladığını nəzərə alsaq, tələbələrə güzəştlər edilirmi?

Turaz.org təhsil müəssisələrindəki son vəziyyəti araşdırıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb. Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır.

 

Bakı Dövlət Universitetində sorğumuza cavab olaraq bildirildi ki, bu gün 85 tələbə hava şəraiti və digər səbəblərə görə imtahanda iştirak etməyib. Həmin tələbələrə mövcud qanunvericiliyə uyğun olaraq şərait yaradılacaq.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir. Qarlı hava şəraitinə baxmayaraq, imtahanların təşkilində hər hansı problem müşahidə edilməyib. yoxdur. Kəskin hava şəraiti ilə imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr isə əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatıla biləcəklər.

Qarlı hava şəraiti nəzərə alınaraq Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AZMİU) sorğumuza cavab olaraq bildirildi ki, gecikən tələbələrin imtahanlarda iştirakı təmin olunur. Bununla yanaşı, kəskin hava şəraiti ilə əlaqədar imtahana gələ bilməyən tələbələr üçün şərait yaradılacaq.

Bakı Slavyan Universitetindən isə qarlı hava şəraitinə baxmayaraq, imtahanlara gecikmə halı qeydə alınmadığı bildirilib. İmtahanlar universitetin hər iki tədris binasında üç növbədə keçirilir.

Azərbaycan Dillər Universitetində isə (ADU) qarlı hava şəraiti ilə əlaqədar imtahana gecikən tələbələrə bir saatadək şərait yaradılıb. Belə ki, imtahanların saat 10:00-da başlayıb 12:00-da bitməsinə baxmayaraq, gecikənlər sessiyaya buraxılıblar.

Həmçinin yaşayış yerinə görə imtahana gələ bilməyən tələbələrin iştirak etməməsi üzrlü sayılacaq və onlar üçün sessiya müddətində növbəti günlərdə yenidən imtahan təşkil olunacaq.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.

 

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »