Fevral 3, 2023

Qasım-Comərt Tokayev Pekində Xi Jinping ilə danışıqlar aparıb

Şənbə günü Pekində Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev və Çin Prezidenti Xi Jinping arasında danışıqlar olub.

Turaz.org xəbər verir ki , ikitərəfli danışıqlar zamanı liderlər hərtərəfli Qazaxıstan-Çin strateji tərəfdaşlığına, o cümlədən siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, eləcə də mədəni-humanitar sahələrə dair geniş spektrli məsələləri müzakirə ediblər. Dövlət başçıları beynəlxalq gündəliyə dair də fikir mübadiləsi aparıblar. Prezident Tokayev Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasiminin qüsursuz təşkilini yüksək qiymətləndirib və əlavə edib ki, tədbirin özü yeniləşmə və qlobal pandemiyanın çağırışlarının aradan qaldırılması ilə bağlı güclü mesaj verir. Qasım-Comərt Tokayev Xi Jinpingə Qazaxıstanda vəziyyəti sabitləşdirmək səylərinə möhkəm dostluq dəstəyinə və Yeni Qazaxıstanın qurulmasında lazımi yardım və dəstəyi göstərməyə hazır olduğuna görə minnətdarlığını bildirib. Dövlət başçısı daha sonra Xi Jinpingin müdrik rəhbərliyi ilə Çinin iqtisadi inkişafda əldə etdiyi uğurları yüksək qiymətləndirib və qeyd edib ki, 30 il ərzində Qazaxıstan və Çin birgə bütün sahələrdə həqiqi strateji tərəfdaşlığın möhkəm təməlini qurmağa nail olublar.

Qazaxıstan-Çin dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət münasibətlərinin dərinləşdirilməsində yeni uğurlar əldə etmək üçün yaxın əməkdaşlığa hazır olduğunu bir daha vurğulayan Qasım-Comərt Tokayev Xi Jinpingə bu ilin sentyabrında Qazaxıstana dövlət səfərinə dəvət edib. Qazaxıstan lideri əmindir ki, Çin prezidentinin səfəri iki ölkə arasında strateji tərəfdaşlığa ciddi təkan verəcək. Pekində keçirilən ikitərəfli danışıqlar zamanı ticari-iqtisadi əlaqələrə, “Bir yol, bir kəmər” təşəbbüsünün gələcək həyata keçirilməsinə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirilib. Öz növbəsində, Xi Jinping Pekində keçirilən görüşün Qazaxıstan və Çin arasında münasibətlərdə yeni 30 illik dövr açdığını vurğulayıb. Çin prezidenti Nur-Sultan və Pekinin kənd təsərrüfatı, yaşıl enerji, süni intellekt, maliyyə və elektron ticarət sahələrində əməkdaşlıq edə biləcəyinə diqqət çəkib. Xi Jinping əmin olduğunu bildirib ki, Qasım-Comərt Tokayevin müdrik və güclü rəhbərliyi altında Qazaxıstan qüdrətli və firavan dövlət quracaq. O, həmçinin regional təhlükəsizliyin təmin edilməsində CICA-nın fəaliyyətini və təşəbbüslərini yüksək qiymətləndirib. Sonda Xi Jinping Prezident Tokayevin bu ilin payızında Qazaxıstana dövlət səfəri ilə bağlı dəvətini qəbul edib və Qasım-Comərt Tokayevlə müntəzəm əlaqə saxlamağa hazır olduğunu bildirib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Şirinzadə Aliyə

Həmçinin bax: https://turaz.org/ozbekistanda-elektrik-kesildikden-sonra-surtan-qaz-kimya-kompleksinde-yenidenqurma-isleri-aparilir/

Translate »