Dekabr 5, 2021

Qazaxıstan, su məsələsində qonşu dövlətlərdən asılılığını azaltmağı planlaşdırır

Turaz.org xəbər verir ki, Qazaxıstanın prezidenti Kasım Comərt Tokayev ölkənin su obyektlərinin ekosisteminin qorunması və transsərhəd çaylarda ekoloji vəziyyəti haqqında məlumat verib.

“Transsərhəd çaylarda, xüsusən Sırdərya, Ural və İli çaylarında fəlakətli dayazlaşma və ekoloji vəziyyətin pisləşməsi müşahidə olunur. Bu, əsasən, qonşu ölkələrdən gələn suyun həcminin azalması ilə əlaqədardır ki, bu da su istehlakının artması ilə izah olunur”, – deyəTokayev bildirib.
Bundan əlavə, o, su istehlakı sahəsində yeni texnologiyalar və rəqəmsallaşma məsələsinə də toxunub.
“Su istehlakına, o cümlədən yeni texnologiyalardan istifadə və rəqəmsallaşmaya yanaşmaların kökündən dəyişdirilməsinə ehtiyac var. Bu, ilk növbədə sənaye və kənd təsərrüfatına aiddir”.
Qazaxıstan prezidenti həmçinin ölkənin su ehtiyatlarından ehtiyatlı istifadə etməyə çağırıb.
“Ekosistemin qorunması və ehtiyatlardan ehtiyatlı istifadə üçün mən 120 kanalın yenidən qurulmasına başlamaq və 9 yeni su anbarının tikilməsi barədə göstəriş vermişəm”, – deyə Kasım Comərt Tokayev qeyd edib.
Qazaxıstan lideri bildirib ki, bu mühüm təşəbbüs digər ölkələrdən gələn sudan asılılığı azaldacaq.

Tərcümə edən: Nəzrin Məmmədova

Həmçinin bax:https://turaz.org/bas-nazir-hazirda-britaniya-ile-azerbaycan-arasinda-munasibetler-en-yuksek-seviyyededir/

Translate »