Dekabr 5, 2022

“Qazaxıstan-Türkiyə əlaqələri türk dünyasını gücləndirir”: Hulusi Kılıç

Qazaxıstan və Türkiyə aralarındakı ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq istəyir. Bu barədə Astanada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev bildirib. Onun sözlərinə görə, son 15 ildə Ankara Qazaxıstana 4,35 milyard dollar sərmayə qoyub.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bu barədə “Turaz.org“a danışarkən bildirib ki, oktyabrın 12-13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana rəsmi səfəri olub. Bu səfərdə yüksək səviyyəli strateji əməkdaşlıq şurasının dördüncü toplantısı da baş tutub:

“Toplantıda müxtəlif istiqamətlərdə qərarlar qəbul edilib və altı saziş imzalanıb. Bundan daha öncə, 2022-ci ilin mayında Qazaxıstan dövlət başçısının Türkiyəyə səfəri olub. Bu zamanı da iki ölkə arasında 14 rəsmi sənəd imzalanıb. İndiki görüşdə verilən önəmli qərarlardan biri də Türkiyə və Qazaxıstan arasında ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırılması ilə bağlı oldu. 2021-ci ildə bu rəqəm beş milyard dollar idi. Bundan başqa hər iki dövlət müdafiə sahəsində də əməkdaşlığın gücləndirilməsi istiqamətində razılığa gəldilər. ABŞ, ATƏT ilə Türk Dövlətləri Təşkilatının ekonomik iş birliyinin davam etdirməsi mövzusunda müzakirələr apardılar”.

H.Kılıç Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkənin də məhz Türkiyə olduğunu vurğulayıb:

“Bundan sonra rəsmi Ankara bu ölkə ilə bir sıra diplomatik əlaqələr qurmağa başlayıb. Türkiyə, Qazaxıstan və Azərbaycan “Türk Dövlətləri Təşkilatı”nda ən önəmli ölkələrdir. Deyə bilərik ki, Qazaxıstanla Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması türk dünyasını daha da gücləndirəcək. Onu da qeyd etmək lazımdır ki, sovetlər birliyinin dağılmasından sonra Qazaxıstanın ilk prezidenti olan Nursultan Nazarbayevin “Türk Dövlətləri Təşkilatının” qurulmasında böyük əməyi olub. Azərbaycan, Türkiyə və Qazaxıstanın dəstəyi ilə isə “Türk Dövlətləri Təşkilatı” bugünə gəlib çıxıb. Bu üç dövlətin ekonomik potensialı son dərəcə yüksəkdir. Qazaxıstan da Azərbaycan kimi sürətli inkişafa meyl edən bir ölkədir. Türkiyəni də qardaş dövlətlərin zənginləşməsi, güclənməsi xoşbəxt edir. Dolayısı ilə Qazaxıstanla Türkiyə arasındakı əlaqələrin inkişafı da bütün türk dünyası üçün faydalıdır. Bu birbaşa “Türk Dövlətləri Təşkilatı”na yansıyacaq”.

Turaz.org” Təhlil Komandası – Buqələmun

Translate »