Noyabr 29, 2022

Qazaxıstan və Serbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Qazaxıstan və Serbiyanın xarici işlər nazirliklərinin nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

 

Turaz.org Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edərək, siyasi, ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirmək niyyətini təsdiqləyiblər.

 

 

Bununla yanaşı, çoxtərəfli formatda qarşılıqlı fəaliyyət məsələlərinə, eləcə də beynəlxalq gündəliyə xüsusi diqqət yetirilib. Danışıqlar masasında Qazaxıstan tərəfdən Qazaxıstan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Olyas Süleymanov, Serbiya tərəfdən isə Xarici İşlər Nazirliyinin Rusiya və Avrasiya Departamentinin direktoru Vladimir Yoviçiç iştirak ediblər. Diplomatlar iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən səfərlərin mübadiləsi, ikitərəfli Hökumətlərarası Komissiyanın və İşgüzar Şuranın müntəzəm iclaslarının keçirilməsi, habelə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi planlarını ətraflı müzakirə ediblər.

 

Eyni zamanda, görüş zamanı ikitərəfli ticarətin artırılması üçün mövcud potensialın nəzərə alınması ilə ticari-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi xüsusi vurğulanıb. Əməkdaşlığın ən perspektivli istiqamətləri arasında kənd təsərrüfatı, turizm, enerji və hərbi-texniki əməkdaşlıq sahələri, habelə nəqliyyat və logistika marşrutlarının inkişafı yer alıb. 2022-ci ilin 9 ayının yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 52,9 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq göstəricisindən 3,7 dəfə çoxdur.

Müxbir: Aytac Cəfərov

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/almati-seherinin-cenub-serqinde-zelzele-qeyde-alinib/

 

Translate »