Sentyabr 28, 2022

Qəhrəmanlarımızdan- Malik Hüseyn oğlu Həsənov

Malik Hüseyn oğlu Həsənov 1986 -cı il 26 fevralda Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. O, ailədə 2 bacı 2 qardaş olaraq böyüyüb. İlk təhsilinə 1992- ci ildə Şəhid Səməd İsmayılov adına Nehrəm kənd 1 nömrəli tam orta məktəbində başlayıb. Hələ uşaqlıqdan yaşıdlarından fərqlənmişdir. Evin ilk övladı olan Malik sakit, ağıllı və tərbiyəli böyümüşdür. O, öz ailəsinə, yaxınlarına hər zaman böyük qayğı göstərərək həmişə ailəsinin fəxri olmuşdur.

İgidimiz əvvəldən vətəninə bağlı bir şəxsiyyət kimi yetişmişdir. Malik səbrli biridir. O, haqsızlığa dözmür və həmişə haqqın tərəfində olurdu Ailəsinə bağlı olan igidimiz heç kimin qəlbini qırmaz, qəlb qırmaq onun ən qorxduğu şeylərdən biri idi. Malik, idman növlərindən güləşlə məşğul olmağı sevirdi. 8-ci sinifdə oxuyarkən hərbiçi olmaq və vətənin qulluğunda durmaq qərarı alan igidimiz hərbiyə imtahan verir. 2000-ci ildən 2003-cü ilə kimi C. Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra 2003-cü ildən 2007-ci ilə kimi Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Bakıda tədris mərkəzində komandirlərin təkmilləşdirmə mərkəzində 1 il müddətində təhsilini davam etdirmişdir.

Məktəbi bitirdikdən sonra Beyləqan, Bakı, Gəncə, Goranboy, Tərtərdə artileriyaçi işləmişdir. Ağır artilleriya və raket qoşunlarının zabiti kimi bir çox vəzifələrdə qulluq etmişdir. 2007-ci ildə isə ailə həyatı qurub. Ailəli olmasına baxmayaraq o həmişə öz işini böyük bir ləyaqətlə yerinə yetirib. Hərbiçi olaraq fəaliyyət göstərdiyi müddətcə bir çox mükafatlara layiq görülmüşdür.

2016-cı ildə aprel döyüşləri baş verəndə orda uğurlu fəaliyyət göstərərək vətənpərvərliyini ortaya qoymuş və bu döyüşdə medala layiq görülmüşdür. 2018-ci ildə igidimiz mayor rütbəsinə layiq görülmüşdür. Uğurla fəaliyyət göstərən igidimiz ailəsinə “Biz bu torpaqları almalıyıq ki, övladlarımıza qalmasın, bizim övladlarımız böyüyəndə müharibə görməsinlər deyə biz canımızla, qanımızla bu işi həll etməliyik və edəcəyik” deyirdi.

2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüz uğurunda başlayan döyüşlərdə Tərtər, Suqovuşan, Talış kənd, Hadrut, Xocavənd, Şuşa döyüşlərində topçu kimi iştirak etmişdir. O, əsgərlərini övladları, doğmaları kimi sahiblənib, bütün döyüş boyunca onlara hədsiz qayğı göstərib. Vətən Müharibəsindən ayağından yaralansa da, müharibəni tərk etməmişdir. Ruhdan düşməsinlər deyə ayağındakı qəlpə yarasını əsgərlərinə belə bildirməyən mayor döyüş bitənə qədər canı, qanı bahasına döyüşmüşdür. Ən böyük arzusu isə düşmənin əsarəti altında olan torpaqlara ayaq basmaq idi və igidimizin bu arzusu 10 Noyabr 2020-ci il qələbənin çalınması ilə həyata keçdi və igidimiz döyüş yoldaşları ilə böyük əmək sərf edərək azad etdikləri torpaqlara ayaq basdı.

Mayor Malik Həsənov adını tarixə yazdırdı. Ömrunun son gününə qədər bu millətə, bu torpaqlara sevərək qulluq edəcəyini bəyan edən igidimiz bütün ailəsinin və bütün Azərbaycanın fəxri olmuşdur.

Hazırladı: Naxçıvan Müəllimlər İnstitutu Tarix Müəllimiyi ixtisası I kurs tələbəsi İnci Hüseynova

Translate »