Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubleyi ərəfəsindəyik. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni bir partiyanın təməli qoyuldu. Zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyası 70 illik əsarətdən sonra yenicə müstəqillik qazanan lakin o zamankı səriştəsiz rəhbərlərin Azərbaycanı az qala məhvə sürüklədiyi bir zamanda xalqın yeganə ümid yeri oldu. Dövlətçiliyimizin keşiyində dayanaraq güclü siyasi bir qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası eyni zamanda tariximizdə yeni bir yüksəliş mərhələsinin əsasını da qoymuş oldu.
Tarixdən hər birimizə məlum olduğu kimi müstəqilliyimizin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra vətənimiz böyük fəlakətlərlə üzləşdi. O zamankı hakimiyyətin dövlətə, xalqa qarşı etdiyi xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Hər zaman öz məkirli niyyətlərini həyata keçirmək istəyən Ermənistan yaranmış bu vəziyyətdən istifadə efərək vətəndaş müharibəsinin bir addımlığında olan Azərbaycana qarşı işğalçılıq siyasətlərini daha da gücləndirmişdi. Həmin dövrdə İmperiyanın əsarətindən xilas olaraq birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçən digər xalqlar kimi Azərbaycanda da bir neçə siyasi partiya yaranmışdı. Lakin onların heç biri nəinki xalqı xilas etməyə cəhd edirdi əksinə qürurlu bir millətin gələcəyə olan bütün arzu və ümidlərini öldürmüşdülər.Məhz belə bir faciəvi vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Ömrünün çox hissəsini xalqa xidmət etməyə həsr edən , xalqın unudulmaz lideri Heydər Əliyev ona ünvanlanan müraciəti qəbul etdi. O zamankı hakimiyyətin yaratdığı maneələrə baxmayaraq Azərbaycanın bütün bölgələrindən seçilmiş ziyalıların Naxçıvana getməsi ilə məhz Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər partiyaya sədr seçildi. Sonralar Ulu Öndər partiyanın yarandığı tarixi şəraiti qiymətləndirərək demişdi : ” Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır.”
Bütün bunlar xalqın Ulu Öndərə olan inamının ifadəsi idi. Keçən hər bir zaman ,yaşanan hər bir tarixi hadisə xalqın inamının doğru olduğunu sübut etdi. Xalq yaxşı anlayırdı ki belə bir ağır zamanda millət üçün nicat yolunu yalnız qorxmaz , qətiyyətli və hər saniyə öz vətənini düşünən bir lider tapa bilər. Bu lider isə Heydər Əliyevdən başqası ola bilməzdi . Hələ 1978-ci ildə Azərbaycanın SSR-nin tərkibində olduğu vaxtda dilimizi Azərbaycan SSR-in Konstitusiyasında dövlət dili kimi təsdiq etdirməyə nail olaraq milli kimliyimizi məhv olmağa qoymayan o Böyük insan müstəqilliyimizin ilk illərində yaranan böhranın üstəsindən gələrək Ölkəmizin iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə nail olmağı bacardı.
Ulu Öndərin hakimiyyətiə gəlməsi ilə bütün sahələrdə mühüm addımlar atıldı.Ölkəmizdə sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi Heydər Əliyev siyasətinin uğurları idi . Eyni zamanda Heydər Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bir sıra regional və beynəlxalq təşkilatlara üzv seçildi.
Yarandığı gündən bu günə qədər bir çox uğurlara imza atan Yeni Azərbaycan Partiyasının Vətən müharibəsi zamanı yaratdığı siyasi həmrəylik, inteqrasiya və milli birlik modeli isə xüsusilə vurğulamaq lazımdır. Bu gün əldə etdiyimiz milli birlik və bu birliyin bizə qazandırdığı güc sayəsində 30 il düşmən işğalında qalan torpaqlarımızın azad olunması Yeni Azərbaycan Partiyasının bu günkü rəhbəri , Heydər Əliyev siyasətinin laiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasətin qələbəsidir. Qazandığımız bütün bu uğurlar müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verən Yeni Azərbaycan Partiyasının qələbələr ,zəfərlər partiyası olduğunu sübut edir.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
” Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi
Son Xəbərlər
Havanın çirklənməsi xroniki öskürək yarada bilər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Gürcüstan üçüncü dünya müharibəsi ilə üz-üzə