Oktyabr 28, 2021

Qeyri-neft sektorunun dinamik inkişafının kadr təminatı məsələsində UNEC liderdir”

“Qeyri-neft sektorunun dinamik inkişafının kadr təminatı məsələsində UNEC liderdir”

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır. UNEC 90 illik tarixində çox şərəfli yol keçib. Bu gün universitet Azərbaycanın və Qafqazın ən nüfuzlu universitetləri sırasındadır və ölkə ali təhsilini beynəlxalq reytinq siyahılarında təmsil edən universitetlərdən biridir.

“UNEC-də tədrisin təşkilinin təkmilləşdirilməsi istiqamətində bir çox mühüm işlər görülüb”

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, SOCAR-ın əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, son illər UNEC-də tədrisin təşkilinin təkmilləşdirilməsi istiqamətində bir çox mühüm işlər görülüb: “Bu məqsədlə universitetdə bir çox yeni meqa fakültələr, eləcə də ingilis dilində Beynəlxalq İqtisadiyyat Məktəbi, rus dilində Rus İqtisad Məktəbi, türk dilində Türk Dünyası İqtisad Fakültəsi, “SABAH” Mərkəzi, İnklüziv Təhsil Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, UNEC Biznes Məktəbi yaradılıb. Önəmli məqamlardan biri də odur ki, məhz UNEC-in Türk dilində təhsil proqramları Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən akkreditasiya olunub və bu proqramlardan məzun olan tələbələrin diplomları Türkiyə Respublikasında birbaşa tanınır. İqtisad Universitetinin ingilis dilində olan təhsil proqramlarına abituriyentlər tərəfindən çox üstünlük verilir. Sözügedən təhsil proqramları İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutu (CFA) kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən akkreditasiya edilib. Bu proqramların məzunları həmin təşkilatların müvafiq sertifikatlarını əldə etmədə bir çox imtiyazlara malikdirlər. Hazırda UNEC həm də ölkədə “SABAH” qrupları üzrə ən çox tələbənin təhsil aldığı universitetdir. Müasir dünyada inkişafın özəyini təşkil edən, onu stimullaşdıran birinci amil rəqabət mühitinin yaradılmasıdır. İqtisad Universiteti nəinki digər ali təhsil müəssisələri ilə rəqabətdə aktivdir, həmçinin, UNEC-in öz daxilində struktur bölmələr arasında belə rəqabət mövcuddur. UNEC-in “SABAH” qrupları” ilə Beynəlxalq İqtisadiyyat Məktəbi arasında belə bir rəqabət mühiti yaradılıb. Bu isə təhsilin inkişafına ən təsiredici amillərdən biridir”.

“Bunu UNEC-in uğurlarından hesab etmək olar”

Ekspertin dediyinə görə, UNEC əmək bazarının ehtiyacına uyğun, müxtəlif sahələr üzrə keyfiyyətli kadr və mütəxəssislər hazırlamaq istiqamətində də mühüm addımlar atılır: “Bildiyimə görə, bu ildən UNEC-də I qrup üzrə texniki və texnoloji ixtisaslarda 9, ümumilikdə isə 10 ixtisas üzrə qəbul aparılacaq. Müasir iqtisadi sistemi rəqəmsal texnologiyanın tətbiqi olmadan mükəmməl şəkildə qurmaq və idarə etmək mümkün deyil. Məhz bu konteksdən yanaşaraq UNEC-də texniki və texnoloji ixtisaslar yeni yaradılan “Rəqəmsal iqtisadiyyat” və “Mühəndis iqtisadiyyatı” fakültələrində tədris olunacaq.

II ixtisas qrupunda yeni açılan “Beynəlxalq ticarət və logistika” ixtisasında tədris 4 dildə -Azərbaycan, türk, rus, ingilis dilində olacaq. II ixtisas qrupu üzrə UNEC-də ümumilikdə 9 ixtisas üzrə qəbul aparılacaq. 2020-2021-ci tədris ilindən III ixtisas qrupu üzrə də UNEC-də qəbul həyata keçiriləcək. Abituriyentlər “Sosial iş” ixtisası üzrə UNEC-də təhsil ala biləcəklər. Bir sözlə, UNEC-də I-V ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək. Bunu UNEC-in uğurlarından hesab etmək olar”.

Önəmli məqam

E.Əmirov vurğulayıb ki, vacib məqamlardan biri də bu ildən UNEC-in müasir standartlara cavab verən, modern memarlıq elementləri ilə zəngin yeni kampusunun istifadəyə verilməsidir: “Yeni binada texniki və texnoloji ixtisaslar tədris olunacaq. UNEC-in müasir standartlara cavab verən yeni tədris binasında mövcud olan tədris laboratoriyaları, geniş auditoriyalar, linqafon kabinetləri, kitabxana və sair tələbələrin yüksək səviyyədə təhsil almasına imkan yaradacaq. Aparılan müşahidələr göstərir ki, son illər UNEC-də universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, keyfiyyətli təhsil mühitinin formalaşdırılması, ən başlıcası isə yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb”.

“Distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir”

Ekspertin sözlərinə görə, artıq uzun illərdir ki, dünyanın aparıcı ali təhsil müəssisələrində distant təhsil sistemi tətbiq olunur. Bu gün distant təhsilə, onlayn tədrisə maraq göstərənlərin sayı kifayət qədərdir və bu say gündən-günə artmaqdadır. Azərbaycanda distant təhsilə kütləvi keçidə koronavirus pandemiyası təkan verib. İndiyədək ölkədə distant təhsil növü bu qədər miqyaslı şəkildə tətbiq edilməyib. Pandemiya dövründə distant təhsili tətbiq etmək imkanına malik bir sıra universitetlərimizdə artıq bu metoddan istifadə olunub.

Bu gün ölkə universitetləri içərisində yeganə distant təhsil mərkəzi olan Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” Mərkəzində distant təhsil uğurla tətbiq olunub:

“Diqqətçəkən məqamlardan bir də Mərkəzdə distant təhsil üçün hətta Qərbin ən reytinqli universitetlərindən belə daha mükəmməl infrastruktur yaradılmasıdır. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “UNEC Ekstern”in üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Burada elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir. Tələbələr istənilən vaxt dərslərin video bazasına, dərsdən sonra isə müəllimlərin mühazirəsinə təkrar baxa bilirlər. Distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. UNEC isə belə infrastruktura malik olan universitetdir. Müasir dövrdə koronavirus kimi dəhşət qarşısında olsa da belə, təhsilsiz qalmaq mümkün deyil. Ən ekstremal vəziyyətlərdə belə bu təhsil formasından istifadə etmək mümkündür. Fikrimcə, UNEC-də yaradılan bu mərkəz vasitəsilə distant təhsil formasını tətbiq etməklə növbəti tədris ilində də təhsilin fasiləsizliyini birmənalı şəkildə qorumaq mümkündür”.

“Kitabxana universitetin reytinq göstəricilərinin qiymətləndirilməsi zamanı ən başlıca meyarlardan biridir”

E.Əmirov bildirib ki, bu gün dünyanın bütün aparıcı universitetlərində məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, bazalarına daxil olmaq imkanına malik kitabxanalar fəaliyyət göstərir:

“Beynəlxalq reytinq cədvəllərində kitabxana universitetin qiymətləndirilməsi zamanı ən başlıca meyarlardan biri hesab olunur. Burada həm kitabxananın tutumu, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı, elektron resurslara, digər universitetlərin bazalarına çıxış imkanları əsas götürülür. Bu səbəbdən də, dünyanın aparıcı universitetlərində sadalanan imkanları özündə əks etdirən kitabxanalar yaradılıb. 2018-ci ildə UNEC-də də müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilən, ixtisaslaşmış və geniş fonda malik ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərən kitabxana fəaliyyətə başlayıb. Diqqətçəkən məqamlardan biri də odur ki, çoxsaylı istifadəçilərin eyni anda daxil olduqları zaman konfliktlərin yaranmaması üçün kitabxana xüsusi prosessorlara malik güclü serverlərlə təchiz edilib. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə bilirlər. Həmçinin, tələbələr “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış da əldə edə bilərlər. UNEC-də 760 mindən artıq elektron resursa malik kitabxananın olmasını yüksək qiymətləndirirəm”.

“UNEC-i ölkəmiz üçün ən zəruri kadr ixrac mərkəzlərindən biri kimi dəyərləndirirəm”

İqtisadçı ekspert qeyd edib ki, ölkələrin milli iqtisadiyyatlarının dayanıqlı inkişafında rol oynayan amillər arasında peşəkar kadr potensialı xüsusi çəkiyə malikdir. Neft sənayemizin inkişafı üçün kadr bazasının formalaşmasında bir neçə ali məktəb öz töhfələrini paralel olaraq versə də, qeyri-neft sektorunun inkişafında kadr təminatı məsələsində UNEC birmənalı lider mövqeyə malikdir:

“Nəzərə alaq ki, müasir dünyada iqtisadçıların fəaliyyətləri təkcə məhdud iqtisadi məkanla yekunlaşmır. Onların idarəçilik potensialı (hüquqşünaslarla paralel) qeyri-iqtisadi mərkəzlərin rəhbərliyindən tutmuş, yerli və beynəlxalq təşkilatların idarəçiliyinə qədər üstünlük təşkil edir. Məsələyə bu konteksdən yanaşdıqda UNEC-i ölkəmiz üçün ən zəruri kadr ixrac mərkəzlərindən biri kimi dəyərləndirirəm”.

“UNEC dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı hədəfləyib”

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyir ki, UNEC-də əldə edilən bu uğurlarla kifayətlənmək niyyətində deyil:

“Universitet 2018-ci ildə qəbul etdiyi “UNEC-100″ İnkişaf Strategiyasını qarşıdakı illərdə reallaşdırmaqla 100-cü ilini qeyd edəcəyi 2030-cu ilə daha böyük uğurlarla daxil olmağı hədəfləyib. Sənəd UNEC-in 2030-cu ilə qədərki dövr ərzində onun fəaliyyətinin əsas strateji istiqamətlərini özündə ehtiva edir. Strategiyada 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunub. Eyni zamanda, sənəddə qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret strateji fəaliyyət istiqamətləri də öz əksini tapıb. Sənədə görə, UNEC 100 yaşını qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı nəzərdə tutub. Ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu sayəsində yaxın gələcəkdə UNEC dünya universitetlərinin reytinq siyahılarında vətənimizi daha yüksək yerlərdə təmsil edəcək, Prezident İlham Əliyevin universitet qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına böyük töhfələr verəcək”.

Mənbə:AzEdu.az
Müxbir: Zahidə Nəbizadə

Həmçinin bax:https://azertag.az/xeber/Bakinin_ticaret_dovriyyesinin_hecmi_azalib-1569725

Translate »