Fevral 2, 2023

Qırğızıstan və Yaponiya enerji sahəsində əməkdaşlığı müzakirə ediblər 

Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov Yaponiyanın “Muroo Systems Co” şirkətinin prezidenti Zhongsing Panı qəbul edib.

 

Turaz.org xəbər verir ki, tərəflər enerji sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüş zamanı Aqilbəy Cəfərov respublikanın “Muroo Systems Co” şirkəti ilə investisiya və texnoloji əməkdaşlığın genişləndirilməsində, ölkənin enerji infrastrukturunun müasirləşdirilməsi və texnoloji yenilənməsi üçün kapitalın, qabaqcıl təcrübələrin və müasir texnoloji həllərin cəlb edilməsində maraqlı olduğunu qeyd edib.

 

Nazirlər Kabinetinin sədri vurğulayıb ki, Qırğızıstanda enerji sektorunun inkişafı milli prioritet kimi müəyyən edilib, ölkədə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində real praktiki addımlar atılır. Aqilbəy Cəfərov bildirib ki, bu gün Qırğızıstan Respublikasının Energetika Nazirliyi ilə “Muroo Systems Co” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu gələcək praktiki əməkdaşlıq üçün mühüm sənəddir. Yaponiyanın “Muroo Systems Co” şirkətinin prezidenti qeyd edib ki, o, su elektrik stansiyalarının tikintisi üzrə perspektivli layihələrin həyata keçirilməsi üzrə sıx əməkdaşlığa və konstruktiv danışıqlara hazırdır.

 

“SES layihəsi uğurla həyata keçirilərsə, Yaponiyanın bir çox şirkətləri də Qırğızıstanın investisiya potensialını görəcək və digər yapon şirkətləri üçün Qırğızıstana sərmayə yatırmaq üçün imkanlar açılacaq”, – deyə o qeyd edib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/ilk-merkezi-asiya-metbuat-forumu-astanada-kecirilir/

Translate »