Fevral 3, 2023

Qrip olan şəxslərin yalnış 3 müalicə üsulu: “Bu qidaların heç bir təsiri yoxdur”

Son günlər qrip əlamətlərindən şikayət edərək vəziyyəti ağırlaşanların sayı artıb. İnsanlar COVID-19 infeksiyasından şübhə etsələr də, test nəticələri neqativ çıxır. Bəs yayılan hansı xəstəlikdir?

Mövzu ilə bağlı Turaz.org-a danışan həkim-anestezioloq Şahin Məmmədov bildirib ki, yayılan xəstəlik mövsümü xarakter daşıyır. Onun sözlərinə görə, xəstəliyi ağır keçirən şəxslər antivirus dərmanlardan istifadə etməlidirlər: “Effekti sübuta yetirilmiş və FDA tərəfindən təstiqlənmiş qrip əleyhinə antiviral pereparatlar olan “Oseltamivir ( Tamiflu)”, “Zanamivir ( Relenza)”, “Peramivir ( Rapivab)” və “Baloksavir marboksil (Xofluza)” istifadə edə bilərlər. Təəssüf ki, paytaxtda yalnız “Tamuflu” tapmaq mümkündür. Əgər bu pereparata qarşı fərdi həssaslıq, əks göstəriş yoxdursa – həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Bu pereparat hətta sonrakı günlər də başlanıldıqda müsbət effekt verir”.

Mütəxəsis ağırlaşmağa meyilli xəstələrə hər il vaxtında qrip əleyhinə vaksinasiya olunmağı tövsiyə edib: “Bir çox insanlar qrip, soyuqdəymə əlamətləri olan zaman yanlış müalicələr tətbiq edirlər. Xəstələndikdə saunaya getmək olmaz. Bu halda həm oradakı digər insanlara virusu yaya, həm su itirməklə sağalmanı gecikdirə bilərlər. Saunanın ümumi soyuqdəymə (common cold) əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib. Saunaya başqa vaxtlar getmək isə orqanizmə faydalıdır.

Yaxud da bəzi şəxslər bolca soğan-sarımsaq istehlak edirlər. Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi proqnozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Bu qidaların virus əleyhinə heç bir təsiri yoxdur.

Bir qisim şəxs isə spirtli içkidən istifadəni artırır. Bu, geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda, boğazda deyil. Sirt sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir. Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır, bu  isə immunitetə böyük zərbədir”.

 

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »