Oktyabr 5, 2022

Rəna Hüseynova: Şagirdlərin sevimli müəllimi olmaq ən böyük arzumdur.

Rəna Hüseynova: Şagirdlərin sevimli müəllimi olmaq ən böyük arzumdur.

Seçdiyimiz elm sahəsində öhdəsindən gələ bilməyəcəyimiz çətinlik yoxdur. Daha çox oxumaqla, hər gün yeni biliklər qazanmaqla, əzmlə, yorulmadan çalışaraq ən yüksək nəticəni əldə etmək mümkündür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində musiqi fənni üzrə ən yüksək (60) bal toplayan Rəna Hüseynova deyib.
O, imtahan barədə təəssüratlarını bölüşüb: “2012-2017-ci illərdə Gəncə Dövlət Universitetində musiqi müəllimliyi ixtisası üzrə təhsil almışam. Yevlax şəhərində yaşayıram. İndiyə kimi heç bir yerdə işləməmişəm. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmişdim. Təəssüf ki, o vaxt 22 bal toplamışdım. Zəif nəticə göstərməyimə səbəb məntiq fənnindən sualların olması idi.
Təhsil sahəsində cari ildə olan yenilikləri təqdirəlayiq hesab edirəm. İmtahanda tətbiq olunan səhv suallara baxılması yeniliyi də alqışlanmalıdır. Çünki səhvləri görüb növbəti illərdə onun üzərində daha çox çalışırsan.
Yarım saata sualları cavablandırıb bitirməyimə baxmayaraq, səhvlərimə nəzər salmaq üçün imtahanın sonunu gözlədim. Şükür ki, o anı yaşamaq mənə nəsib olmadı. Sualların çətinlik səviyyəsi normal idi. Lakin mənə görə çətin və düşündürücü suallar çox idi. Onu da deyim ki, üzərində daim işləyən, hər zaman bilik əldə etməyə çalışan insan üçün elmin qapıları açıqdır. Mən isə bu yolu əzmlə və çətinliklə qət etmişəm. 22 bal toplayan gün qarşıma məqsəd qoydum ki, daha yüksək nəticə əldə edəcəyəm. Düzü bu balı toplayacağımı özüm də gözləmirdim. Ancaq 50 balı keçməyi hədəfləmişdim. Bu yolda mənə dəstək olan valideynlərimə, ailə üzvlərimə minnətdaram. Qeyd edim ki, heç bir fərdi hazırlığa getməmişəm, kursda iştirak etməmişəm. Qətiyyətlə çalışıb, imtahanlara hazırlaşmışam.
“Bu gün imtahan nəticəmi 22 baldan 60 bala yüksəltməyin qürurunu və sevincini yaşayıram. Bu uğuru əzmim, savadım və özümə inamım sayəsində əldə etmişəm. Topladığım bala uyğun vakant yer seçib, savadlı və şagirdlərin sevimli müəllimlərindən biri olmağı qarşıma məqsəd qoymuşam. Müəllimlik fəaliyyətimlə bağlı çoxlu planlarım var. Onları həyata keçirib, daha böyük uğurlar əldə etmək istəyirəm. Çalışacağam ki, hər bir uşağa fərdi yanaşaraq onların psixoloji vəziyyətini nəzərə alıb, şagirdlərlə müəllim və yeri gələndə yaxın insanı kimi rəftar edərək, onların xırda uğurlarını da qiymətləndirib, daha yüksək nailiyyətlər əldə etməsi üçün əlimdən gələn köməyi əsirgəməyim”, – deyə Rəna Hüseynova vurğulayıb.

Mənbə: azertag.az

Müxbir: Məmmədova Zöhrə

Həmçinin bax:https://kafkazh.com/quslar-sinifi/

https://www.bbc.com/azeri/azerbaijan-53835705

Translate »