Oktyabr 4, 2022

Sağlamlığın qayğısına qalmaq, yoxsa? – Qida əlavələri haqqında bilmədikləriniz

 

Fəsil dəyişikliyi orqanizmdə təlatümlərin başladığı dövrdür. Qışdan yaza keçid zamanı orqanizmdə oyanma, yaydan payıza keçid zamanı isə sönmə, zəifləmə prosesləri aktivləşir. Soyuqda insandakı bioloji proseslərin sürəti aşağı düşür. Amma payız vaxtı amitominoz əlamətləri də özünü göstərməyə başlayır. Payızda müəyyən xəstəliklərin, mədə-bağırsaq, allergik, auto-immun xəstəliklərinin kəskinləşməsi müşahidə edilir. İnsanlar orqanizmə əlavə dəstək üçün qida əlavələrinə üz tuturlar.

Bəs qida əlavəsi nədir? Hansı hallarda istifadə olunmalıdır? Qida əlavələrinin orqanizmə hansı zərər və faydaları var? Qida əlavələri canlı qidanı (meyvə/tərəvəz) əvəz edə bilirmi? Mütəxəssislər mövzu ilə bağlı fikirlərini Turaz.org ilə bölüşüblər.

“Həkimlə məsləhətləşmək mütləqdir”.

Həkim professor Adil Qeybullanın sözlərinə görə, qida əlavələri qidanın tərkibinə daxil olan, qidaya dad, struktur, rəng verən, ayrılıqda qida kimi istifadə olunmayan maddələrdir. O qeyd edib ki, bu vasitələrdən kortəbii şəkildə istifadə etmək sağlamlığa ciddi zərər vura bilər.

“Qida əlavələri ilə yanaşı, dərman əlavələri də var. Dərman əlavələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reysterində ayrıca dərman vasitəsi kimi qeydiyyata düşməyən, dərman mallarının cövhər, ekstratlar şəklində olan formalarıdır. Bunlar tablet, ampul kimi dərman formaları deyil və böyük əksəriyyəti ÜST-ün reysterinə salınmır. Qida əlavəsi dedikdə vitaminli, müxtəlif təyinatlı qida əlavələri nəzərdə tutulur. Bunlar “Herbalife” kimi istifadə olunan qida əlavələridir. Lakin onlar da ÜST reysterinə daxil edilməyib. Hesab edirəm ki, insanların dərman vasitələrinin, qida əlavələrinin istifadəsi ilə bağlı ciddi məlumatları, düzgün təsəvvürləri olmalıdır. Ən az həkimləri ilə məsləhətləşməlidirlər. Xüsusilə başqa xəstəliyi olanlar bu məsələdə daha diqqətli olmalıdırlar. Potoloji hal olan piylənmədən əziyyət çəkənlər arıqlamaq üçün müxtəlif qida əlavələrindən istifadə edirlər. Amma bu, mütləq həkim, peşəkar dietoloq məsləhəti ilə olmalıdır. Bütün pəhrizlər yazılarkən orqnizmdəki maddələr mübadiləsi, yanaşı xəstəliklər, minerallar, istər qaraciyər fermentlərinin, sərbəst radikalların göstəriciləri mütləq nəzərə alınmalı və buna uyğun pəhriz təyin olunmalıdır. İnsanların özbaşına olaraq bu cür maddələrdən istifadəsi düzgün deyil”.

“Qida əlavəsi canlı qidanı əvəz edə bilməz”.

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qida əlavələri və qida qatqı maddələri, adətən, bir-biri ilə qarışdırılır. Mütəxəssisin sözlərinə görə, qida əlavələri vitamin və minerallarla, bir çox hallarda kapsul formasında ekstratlarla zənginləşdirilən, maye şəklində hazırlanan əlavələrdir.

“Bunlar daha çox orqanizmin immun sisteminin aşağı düşməsi, yaxud hansısa vitamin çatışmazlığı nəticəsində yaranan problemləri aradan qaldırmaq üçün istifadə olunur. Bir çox hallarda hazır, paketlənmiş, dondurulmuş məhsulların, demək olar ki, qida dəyəri, vitamini aşağı olduğu üçün qida əlavələrinin zəruriliyi ortaya çıxır. İlk olaraq qeyd edim ki, heç bir qida əlavəsini (hər hansı vitamin və mineraldan olan, yaxud da makro-mikro elementi əvəz edən) təbii, çiy, canlı qidanı əvəz edə bilməz. Çünki orqanizmə lazım olan, orqanizm tərəfindən mənimsənilən qida əlavəsi yalnız təbii qidanın tərkibində olur. Qəbul etdiyimiz qida əlavəsi kimyəvi üsulla, müəyyən qatqı maddələri əlavə olunaraq süni şəkildə hazırlanır. Bunlar da birbaşa olaraq tam şəkildə orqanizmdə mənimsənilmir. Nisbətən onun növünə görə dəyişərək, bir hissəsi orqanizmdə həzm olunur və bizə lazımlı maddəyə çevrilə bilir. Amma düzgün qidalarla, normada qəbul edildikdə 90 faizə qədər düzgün miqdarda orqanizmdə həll olunur. Məsələn, dəmiri qəbul etmək üçün ət yeməklərinin yanında C vitamini tərkibli limon, göyərtilərdən istifadə olunmalıdır. Bu zaman ətin tərkibindəki dəmir C vitamini ilə reaksiyaya girərək orqanizmdə düzgün şəkildə həzm olunacaq. Bu kimi proseslər təbii halda həyata keçdikdə, süni qida əlavəsi ilə əvəz oluna bilməz. Mütləq şəkildə canlı qidalardan istifadə etmək ən doğrusudur. Süni hazırlanmış qida əlavələri mövsümi, yerli meyvə və tərəvəzlərdən aldığımız vitamin və minerallar, qidalarla qəbul etdiyimiz faydalı maddələrin yerini verə bilməz. Əgər orqanizmdə hər hansı maddə çatışmırsa, onu qida əlavəsi ilə bərpa edib, sonradan qida əlavəsi qəbulunu dayandırdıqda həmin problem təkrar baş qaldıracaq”.

“Qida əlavələrinin çoxu üzərində yazıldığı tərkibi əks etdirmir”.

Mütəxəssis bildirib ki, mövcud bazarda insanlara mənşəyi məlum olmayan qida əlavələri təqdim olunur:

“Bu gün satışda olan qidalar kifayət qədər zəngin qida dəyərinə malik olmadığı üçün insanlarda vitamin çatışmazlığı müşahidə olunur. Bu, xüsusilə temperatur dəyişikliyi zamanı, yaz və payız mövsümündə özünü göstərir. Bir çox vitaminlər var ki, onların çatışmazlığı birbaşa müəyyən xəstəliklərin ortaya çıxmasına səbəb olur. Bu, əsasən, bizim ölkədə və dünyada xarakterik olan dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığı olan şəxslər qan azlığından əziyyət çəkirlər. Həmçinin, D vitamini çatışmazlığı müxtəlif təsirlərdə özünü göstərir. Bir çox hallarda sink çatışmazlığı kimi ortaya çıxan məsələlər isə gənc yaşda olan oğlanlarda keçəlliklə özünü biruzə verir. Bu isə zəngin tərkibli qidalardan kifayət qədər istifadə olunmadığından xəbər verir. Belə olan halda yalnız və yalnız analiz verdikdən sonra qida əlavəsi istifadə etmək olar. Əgər bizdə hər hansı maddə çatışmırsa, onu almalıyıq. Təəssüflə qeyd etmək istəyirəm ki, nəyə çox təlabat, reklam varsa, biznes maraqları dövriyyəyə girir və bu şəkildə bu gün satışda qida əlavələri kimi satılan dərmanların çoxu üzərində yazıldığı tərkibi əks etdirmir. Bu səbəblə bunları aldıqda güvənilən, mənşəyi məlum olan və hər hansı problem ortaya çıxanda şikayət edə biləcəyimiz müəssisənin məhsulu olmalıdır. Çünki qida əlavələrinin üzərində yazılır ki, dərman vasitəsi deyil, qidaların tərkibini zənginləşdirmək üçündür. Belə olan halda onlar heç də üzərində yazılan həmin maddələrdən deyil, orqnizmə çox da zərəri olmayan hər hansı ədviyyatlar, maddələrdən kapsullar hazırlayıb, preparatlar şəklində satırlar. Mütləq diqqətli olmaq lazımdır ki, orqanizmi sağlamlaşdırmaq istədikdə aldanmayaq. Bir çox problemlər zamanında aradan qaldırılmasa, gələcəkdə arzuolunmaz xəstəliklərə səbəb ola bilir. Diqqət etmək lazımdır ki, bu kimi məhsulların üzərində “süd verən analar, hamilələlər, azyaşlı uşaqlara olmaz” deyə məlumat qeyd olunursa, bu, həmin məhsulların risk faktorlu məhsullar sırasında olmasından xəbər verir. Həmçinin, allergiyası olanlar bu kimi vasitələri qəbul etikdə diqqətli olmalıdır”.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Ağayeva

Translate »