Oktyabr 3, 2022

Sədir Cəfərov TDT Ağsaqqallar Şurası ilə görüşüb

Sədir Cəfərov Türk Dövlətləri Təşkilatının Ağsaqqalları Şurası ilə görüşüb.

Turaz.org xəbər verir ki, Qırğızıstan Prezidenti Sədir Cəfərov Türk Dövlətləri Təşkilatının (TDT Ağsaqqallar Şurası) ağsaqqalları ilə görüşüb.

Qonaqları salamlayan Qırğızıstan prezidenti ağsaqqalların cəmiyyətdə və dövlətdə çox mühüm və şərəfli yer tutduğunu qeyd edib. Prezident, həm də bildirib ki, ağsaqqların nüfuzu danılmazdır və tarixin gedişatı onların təsiri ilə müəyyən edilir.

Sədir Cəfərov qloballaşma dövründə və bir çox xalqların öz əsil kimliyini itirdiyi dövrdə Ağsaqqallar Şurasının əhəmiyyətini vurğulayıb. Onun fikrincə, iştirakçı dövlətlər ağsaqqalların müdrikliyinə müraciət etməklə Təşkilatı dünyanın ən güclü birliklərindən birinə çevirə biləcəklər. Beləliklə, gələcək nəsillər bu Təşkilatın bayrağını qürurla daşıya biləcəklər.

Prezident qeyd edib ki, Ağsaqqallar Şurası mühüm müşavirə orqanıdır, Dövlət Başçıları Şurası ona qulaq asır və ona arxalanır. Ağsaqqallar Şurası öz fəaliyyəti çərçivəsində Təşkilatın işinə töhfə verən mühüm qərarların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Bu işlərə təşkilatın rəmzlərinin təsdiq edilməsi aiddir. Belə ki, təşkilatın bayraq və loqosu, Türk Dünyası Mükafatı, Türk Dünyası Mükafatı Türk Dünyası Universitetləri yaradılıb, türk dünyası tarixinə dair ortaq dərslik hazırlanır, gənc nəsillər bu dərsliklər əsasında yetişdirilir.

Söhbət zamanı Sədir Cəfərov xatırladıb ki, iki aydan sonra Qırğızıstanın təşəbbüsü ilə Türkiyədə IV Ümumdünya Köçəri Oyunlarının keçirilməsi planlaşdırılır. İndi Qırğızıstan tərəfi Qırğızıstan mədəniyyətinin, məişətinin, adət-ənənələrinin və incəsənətinin təbliğ edilməsinə diqqət yetirməklə, həm idman, həm də mədəni istiqamətdə bu Oyunlarda iştirak etməyə fəal şəkildə hazırlaşır.

Öz növbəsində ağsaqqallar səmimi qəbula görə dövlət başçısına minnətdarlıq edərək, Sədir Cəfərovun Təşkilatın inkişafına böyük töhfə verdiyini qeyd ediblər. Onlar Təşkilatın Ağsaqqallar Şurasının əsas fəaliyyət istiqamətləri ilə tanış olub və ölkələr arasında gələcək qarşılıqlı fəaliyyət üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar.

Görüşün nəticəsi olaraq iştirakçılar türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsinin zəruriliyi ilə bağlı həmfikirlik nümayiş etdiriblər.

Prezident Sədir Cəfərov görüşdə Qırğızıstan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində böyük xidmətlərinə görə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı “Danaker” ordeni ilə təltif edib.

İclasda Qırğızıstandan Medekan Şerimkulov, Azərbaycandan Həsən Əziz oğlu Həsənov, Qazaxıstandan İkram Adırbəyov, Türkiyədən Binəli Yıldırım, Özbəkistandan Bəxtiyar Seyfullayev, Türkmənistandan Rəcəb Bazarov, eləcə də Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreev iştirak edib.

Ağsaqqallar Şurası məşvərət orqanıdır və təşkilat üzv ölkələrin nüfuzlu vətəndaşları (keçmiş baş nazirlər, nazirlər, deputatlar, səfirlər) arasından təyin edilmiş ağsaqqallardan ibarətdir. Qırğızıstan Respublikası Ali Şurasının keçmiş sədri Medetka Şerimkulov Qırğızıstanı şurada təmsil edir.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/rusiyada-ozbekistanli-isci-miqrantlarin-sayi-keskin-sekilde-artir
Həmçinin bax: kafkazh.com/azerbaycan-ssr-de-korenizasiya-siyaseti-l-hisse

Translate »