Noyabr 28, 2021

Şəhid kapitanın son sözləri: “Şəhid olsam məni sipər edin, sizə güllə dəyməsin”

“Xoş o adamın halına ki, ona şəhidlik nəsib olur. Boşuna və bihudə ölümə getməkdən Allaha pənah aparıram”.

Turaz.org “Report”-a istinadən xəbər verir ki, bu cümlələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Həmid Cəfərli sentyabrın 27-də dostuna yazmışdı.

H.Cəfərli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön xətdə döyüşüb, Cəbrayıl istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında fəal iştirak edib. Döyüş zamanı altı gün şəxsi heyəti ilə mühasirədə qalaraq Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad olunmasında iştirak edib.

Şəhid kapitanın anası Zemfira Cəfərova deyir ki, arzusu zabit olub, xalqına şərəflə xidmət etmək idi: “Həmid Cəbrayıl yüksəkliklərinin işğaldan azad edilməsi uğrunda vuruşub və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb”.

Qeyd edək ki, Cəfərli Həmid Kərim oğlu 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olub. 8-ci sinfədək bu məktəbdə təhsil alıb. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2007-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin məktəbi Qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, leytenant rütbəsi alıb.

Daha sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə zabit ixtisas kursuna göndərilib.

Leytenant Həmid Cəfərli 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kəşfiyyatçı tağım komandiri kursunu bitirib. O, 2012-ci ildən N saylı hərbi hissənin Kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsinə təyin olunub. 2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərman və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illik yubiley medalı ilə təltif olunub, həmçinin baş leytenant rütbəsi alıb. 2015-ci ildə isə Qazax rayonundakı N saylı hərbi hissədə kəşfiyyat bölüyü komandiri vəzifəsinə təyin edilib. Dəfələrlə düşmənin yerləşdiyi ərazilərə kəşfiyyat qrupları aparıb. 2016-cı ildə göstərdiyi xüsusi xidmətlərə görə vaxtından əvvəl kapitan rütbəsi alıb. 2017-ci ildə isə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilib. O, 3-cü dərəcəli “Qüsursuz xidmətlərinə görə” və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubiley medalları ilə təltif edilib. 2019-cu ildə isə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin olunub.

Həmid Cəfərli 2020-ci il oktyabrın 5-i saat 13:20 radələrində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakıda II Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə ”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi. Oğlulları Cabbar (5 yaş), Hüseyn (4 yaş) və qızı Zeynəb (1 yaş) yadigar qalıblar.

Müxbir: Əzizə Əlizadə

Translate »