Dekabr 4, 2022

Şəhid Ümid Orcuc oğlu Niftəliyev

Keçən hər gün tarixə dönür, lakin tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var, sadəcə unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. O günləri unudulmaz edənlər isə qəhrəmanlardır. Bu qəhrəmanlardan biri də şəhid Ümid Niftəliyevdir.

Şəhid Ümid Oruc oğlu Niftəliyev 20 oktyabr 1998-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. O, 2005-ci ildə Nehrəm kənd tam orta məktəbinin 1-ci sinfinə başlamışdır. Ailədə 2 qardaş, 1 bacı olaraq böyüyən Ümid ailəcanlı, böyüklə böyük, uşaqla uşaq olan, sakit təbiətli gənc olmuşdur. O, idman növlərinin bəziləri ilə məşğul olur, futbol oynamağı xoşlayırdı. Orta məktəbdə oxuduğu zaman hərbiyə olan sevgisinə görə imtahan vermiş və 2015-ci ildə Naxçıvanda Heydər Əliyev adına Hərbi liseyə qəbul olmuşdur. 2017-ci ildə Naxçıvandakı təhsilini başa vurub Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə daxil olmuşdur.

27 sentyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə başladı. Bu zaman qəhrəmanımız Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbində təhsil alırdı. 29 sentyabrda o, təhsilini yarımçıq qoyub “kiçik leytenant” rütbəsi ilə Füzuli, Cəbrayıl, Şuşa istiqamətlərində gedən döyüşlərdə qatılmış, ayağından qəlpə yarası almışdı. 10 noyabr 2020-ci ildə ll Qarabağ müharibəsi  Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Ümid yenidən təhsilinə davam etdi. Hərbi məktəbi bitirdikdən sonra  Laçında xidmətə başladı. Müharibədə göstərdiyi şəxsi şücaətinə görə 29 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şuşanın azad olunması” medalı ilə təltif edildi.

Laçında xidmət göstərdiyi müddətdə düşmən tərəf atəşkəsi pozmuş və müharibə başlatmışdı. 16 noyabr 2021-ci ildə gedən döyüşlər zamanı Ümid ən yüksək zirvə olan şəhidlik zirvəsinə ucaldı. 18 noyabr 2021-ci ildə yaşadığı Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsinə gətirilərək dəfn edildi.

Vəfatından sonra Prezident İlham Əliyevin qərarı ilə 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif edilmişdir.

Şəhidlər heç vaxt ölmür, onlar əbədi olaraq ürəklərdə yaşayır! Sən də həmişə Azərbaycan xalqının ürəyində yaşayacaqsan, şəhid Ümid Niftəliyev! Məkanın cənnət, ruhun şad olsun.

Turaz.org” – Hüseynova İnci

Translate »