Sentyabr 28, 2022

Şəhidlik zirvəsinə ucalan qəhramanlarımızdan Muradov Namaz

Vətən… Ana yurd… Vətən yalnız müəyyən sərhədləri olan coğrafi məkan deyil, sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Eyni zamanda Vətən bir millətin uzun illərlə yaşadığı, özünəməxsus adət-ənənələrinin, birliyinin topraq ilə birləşimidir. Vətən bu müqəddəs torpaq sahəsi, milləti ilə məhdudlaşmır. Vətənin atributları (bayrağımız, gerbimiz, himnimiz) da milləti üçün müqəddəs və doğmadır. Və minlərlə insan vətən uğrunda canlarından keçir, şəhidlik zirvəsinə ucalırlar. Bu zirvə elə bir zirvədir ki, insan üçün bundan daha şərəfli mövqe, daha uca zirvə yoxdur. Şəhidlik zirvəsinə ucalan qəhramanlarımızdan biri də Muradov Namaz Fərman oğludur. O, 1984-cü il oktyabrın 18-də Lerik rayonunun Günəşli kəndində dünyaya göz açmışdır. Ailədə 9-u oğlan, 5-i qız olmaqla 14 uşaq idilər. Şəhidimiz ailəsi çox kasıb olduğu üçün odun sataraq onları dolandırmağa çalışırdı. İllər keçdi və Muradov Namaz əsgərlik yaşına çatdı, Lerik rayonundan hərbi xidmətə çağırıldı. Əsgərlik xidmətini başa vurdu. Komandirləri də ondan çox razı idilər. Ağdam döyüşlərində iştirakı zamanı düşmən gülləsinə tuş gəldi. O, başından və ürəyindən snayperlə vurulmuşdu… 2 gün komada qaldıqdan sonra, 3-cü günü bu dünyaya gözlərini əbədiyyən yumdu. Və o zirvəyə ucaldı. Şəhidlik zirvəsi… Hal-hazırda Lerik rayonunun Günəşli kəndinin orta məktəbi onun adını daşıyır. Muradov Namaz… Şəhidlərimizin qarşında baş əyir, analarının əllərindən öpürəm. Öpürəm ki, Polad Həşimov, Mübariz İbrahimov, Muradov Namaz kimi yüzlərlə qəhramanları dünyaya gətiriblər. Onlar cismən olmasa da, ruhən yanımızda, xatirələri və mərdlikləri ilə qəlbimizdədirlər.
Şəhidlər ölməz !
Vətən bölünməz !

Zeynallı Firəngiz

Translate »