Oktyabr 21, 2021

Şərqdə diktaturanın tarixi kökləri və idarəetmə sistemləri

Ölkədə bir çox şəxs hələ də Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə edərək “Avropada niyə bu, belədir, bizdə bu belə deyil, niyə Avropada demokratiya var, bizdə yoxdu” tipli suallar verir. Azərbaycanlıların əksəriyyəti Qərb ölkələrindəki demokratiyanın rahatlıqla bu ölkədə də tətbiq edilə biləcəyinə inanır. Onların düşüncəsinə görə, bunun üçün sadəcə iqtidar dəyişikliyi olması və rəhbərliyə xalqın qeydinə qalacaq bir siyasi elitanın gəlməsi yetərlidir. Reallıq bu qədər sadədirmi? Qətiyyən sadə deyil. Hər bir ölkənin idarəetmə sistemi onun tarixində gedən proseslərin nəticəsində formalaşır. Buna təsir edən 2 vacib amil var.

1) Kapitalizmin ən yüksək mərhələsinə çatılması

2) Qədimdən gələn dövlətçilik ənənəsi

1-ci qrupa aid olan dövlətlərə inkişaf etmiş ölkələr daxildir ki, bu dövlətlərin də idarəetmə forması mütləqiyyət olduğu zaman və bu dövlətlərdə güclü mərkəziyyətçilik mövcud olduğu zaman, həmin dövlətlərin Asiya ölkələrindən, xüsusilə Azərbaycan və İrandan heç bir fərqi yox idi. Çünki başında mütləq hakimin durduğu dövlətlər də Asiya ölkələri kimi feodalizm quruluşunda yaşayırdılar.

 

16-cı əsrdə Avropada burjua inqilabının baş verməsi təkcə kilsəni deyil, eyni zamanda idarəetmə sistemini də tamamilə dəyişdirdi. Dövlətin başında duran kralların gücü getdikcə azaldı, xalqın hakimiyyətə təsir etmə imkanları çoxaldı. İctimai-iqtisadi münasibətlər sənayenin formalaşması ilə yeni bir ictimai iqtisadi formasiyaya (kapitalizmə) çevrildi. Beləcə, kapitalizmin yaranması və inkişafı dövlətin idarəetmə sistemini dəyişdirdi. Bu dəyişiklik özündə demokratiyanı da gətirdi. Hazırda Avropada bu formada idarəçilik inkişaf etmiş kapitalizmin yaratdığı ənənədir. Kapitalizmin zəif inkişaf etdiyi və yaxud demək olar ki, inkişaf etmədiyi Şərqi və Cənubi Avropanın bəzi ölkələrində demokratik idarəetmədə problemləri indiki dövrdə də görürük. Məsələn, Bolqarıstan, Çernoqoriya, Rumıniya, Albaniya, Polşa kimi dövlətlərdə Qərbi və Şimali Avropa ilə müqayisədə kapitalist iqtisadi münasibətlərin yarımçıq inkişafı onlarda tam demokratik institut yaratmağa mane olur. İndiki dövrdə bu ölkələrdə nisbi demokratiya da Avropa İttifaqının təzyiqi (təsiri) vasitəsi ilə formalaşıb.

 

Azərbaycan isə heç vaxt Qərbi Avropanın yolu keçməyib. Azərbaycan Sasanilər imperiyası tərkibində Avropadan əvvəl feodalizmə keçsə də, bu münasibətlər 19-cu əsrin sonlarına qədər dağılmadı. 1828-ci ildə Çar Rusiyasının tərkibinə keçdikdən sonra yalnız 19-cu əsrin sonlarında Bakıda neft sənayesinin hesabına kapitalist iqtisadi münasibətlər formalaşd Bakı ilə Azərbaycanın digər regionları arasında ictimai-iqtisadi münasibətlər fərqli olduğundan, yəni Bakıdan fərqli olaraq Azərbaycanın digər bölgələrində hələ də feodal ictimai münasibətləri qaldığından, 1917-ci ildə Bakıdakı kimi həmin bölgələrdə demokratik idarəetmə forması yarana bilmədi.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulması ərəfəsində həm yazıb-oxuma baxımından, həm də siyasi aktivlik baxımından Bakı və regionlar arasında dərin bir uçurum var idi. Sovet hakimiyyəti dönəmlərində bu uçurum qismən aradan qaldırılmağa başlandı.

İlk olaraq 1940-ci illərin əvvəllərinə qədər ölkədə savadsızlıq ləğv edildi, digər regionlarda yaradılan sənaye sahələri və digər iqtisadi tədbirlər nəticəsində Bakı və regionlar arasında uçurum praktiki olaraq qismən də olsa yox oldu. Ancaq yox olmayan bir şey var idi: feodal patriarxal ənənələr. Sovet dövründə də dövlət aparatı feodal qalıqlardan qurtula bilmədi. Bu, özünü dövlət əmlakından keyfi istifadə, rüşvət, qohumbazlıqla göstərirdi. Azərbaycan SSR-dəki qeyd etdiyim bu nüanslar keçmiş SSRİ-nin hər yerində var idi (kapitalist münasibətlərin inkişaf etdiyi regionlar-Baltikyanı ölkələr və Sankt Peterburq istisna). Yuxarıda qeyd etdiyim Avropa dövlətləri olan Rumıniya, Bolqarıstan kimi ölkələrdə rüşvətin bu qədər çox olması, Azərbaycan kimi yarımçıq kapitalizm dövrü keçməsi və feodal münasibətlərdən tam olaraq qurtula bilməməsi ilə bağlıdır.

Bu feodal münasibətlər açıq aydın özünü Kommunist blokun çökməsi ilə göstərməyə başladı. SSRİ-yə daxil olan Baltikyanı ölkələr çox rahatlıqla demokratik idarəetmə sistemini formalaşdırdılar. SSRİ-yə daxil olan digər 12 respublika isə bu nailiyyəti əldə edə bilmədi. Azərbaycanda indiki idarəçilik bir çox azərbaycanlının fikrinə görə SSRİ-nin mirasıdır. Reallıqda bütün bunlar feodal ictimai münasibətlərin qaldığı bütün ölkələrdəki tarixi qanunauyğunluqdur.

2-ci qrupa daxil olan ölkələrin bir qismində demokratiyanın olması, digərində isə olmamasının səbəbi həmin dövlətlərin qədimdən gələn dövlətçilik ənənəsidir. Məsələn elə dövlətlər vardır ki, həmin dövlətlərdə kapitalizm münasibətləri inkişaf etməsə də həmin dövlətlər demokratik dövlətlərdir. Bu da həmin dövlətlərin mərkəziyyətçi olub-olmaması ilə bağlıdır. Güclü mərkəziyyətçi idarəetmə quruluşundan keçən dövlətlərdə xalqın dövlət idarəetmədə iştirak etməsi üçün vaxt tələb olduğundan, bu idarəetməyə malik olmanın yeganə yolu, inqilablar, kilsənin gücünün zəifləməsi, feodal ənənələrin kapitalizmin inkişafı ilə mümkün ola bilər.

Tarixi idarəetmə baxımından mərkəziyyətçi olmayan dövlətlərdə isə bu kimi mərhələ keçməyə ehtiyac yoxdur. Misal üçün qədim türk xalqlarını götürək. Türklərin qurduğu Göytürk, Uygur, Qırğız, Xəzər xaqanlığında (monqol dövlətlərində də bu formada dövlət ənənəçiliyi var idi) dövlətin başçısı müxtəlif tayfa liderlərinin birlikdə iştirak etdiyi qurultay vasitəsi ilə seçilirdi. Burada mərkəzləşmiş dövlətlərdə (İran misalında) olduğu kimi idarəçilik atadan oğula keçid prinsipi ilə getmirdi. Dövləti idarə edəcək şəxsin bacarıqlı sərkərdə olması və böyük ərazilər fəth etməsi də xan (xaqan) seçilməsi üçün kifayət deyildi. Misal üçün, Çini fəth edən Kubilay xan digər monqol boyları ilə münasibətləri kəskinləşdirdiyi üçün Münke xanın ölümündən sonra xan seçilmədi. Monqol boylarının hərəsinin ayrıca qurultay formalaşdırması ölkədə ikihakimiyyətlilik yaratdı. Beləcə, xan (xaqan) seçilməsi üçün qurultayda iştirak edən boyların ümumi səsverməsi vacib idi. Güc yolu ilə hakimiyyəti ələ keçirmə dövlətin bölünməsi, digər tayfaların ayrıca bir dövlət qurması ilə nəticələnirdi. Bu, step demokratiyasının xüsusi bir nümunəsidir.

Türk xalqlarında bu dövlətçilik ənənəsi İran coğrafiyasına girənə qədər davam etdi. İlk dəfə Qaraxanilər dövləti step demokratiyasından imtina edərək, mərkəzləşmə və aşağıdan yuxarı iyerarxik tabeçilik sisteminə keçidi başlatdı. Bu ənənəni daha sonra Qəznəvilər, Səlcuqlar, Osmanlılar, Hülakülər, Şirvanşahlar, Səfəvilər, Qacarlar, Şeybanilər, Teymurilər və s. türk dövlətləri davam etdirdi. Beləcə, 10-cu əsrdən etibarən türk xalqlarında olan ənənəvi idarəçilik sistemi təkcə qırğız, uyğur və monqollarda qaldı. İndiki Azərbaycanı formalaşdıran oğuz türkləri də Oğuz yabqu dövlətinin içərisində konfederativ boylar formasında təmsil edilirdi. Oğuz türkləri Səlcuq türkləri adı ilə cənuba doğru hərəkət etdikdən sonra İranı ələ keçirdi və keçmiş ənənəvi sistemi tamamən unutdu. Beləcə, İran coğrafi arealı türklərin əlinə keçsə də türklər bu arealın içərisində step mədəniyyətini itirdilər və iranlılara çevrildilər.

Bu tarixi transformasiyanı müasir dövrdə də görürük. İran coğrafi arealına daxil olan Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan kimi dövlətlərdə dövlət sisteminin sərt şəkildə inzibatçı, mərkəziyyətçi və iyerarxik olması bu sistemin qalığıdır. Bu dövlətlərin bütün səlahiyyətləri əlində cəmləmiş super prezident respublikaları olması, dövlət idarəçiliyində qohumbazlığın, orta əsrlər İranında hakimiyyətin irsi şəkildə atadan oğula keçməsinin bir başqa formada təzahürüdür. Bu kimi ölkələrdə diktatura olması tarixi qanunauyğunluqdur. Başqa bir formada desək, xalq yumşaq idarəçiliyi hakimiyyətin zəifliyi kimi görür və bütün bunlar hərc-mərcliklə nəticələnir. Bunu Mirzə Fətəli Axundov “Aldanmış kəvakib” povestində çox ustalıqla göstərir.

Qırğız və monqollarda isə tarixi ənənəvi idarəçilik heç bir zaman dəyişmədi. Bu səbəblə Sovet İttifaqı tərkibində olan Qırğızıstan və “Kommunist blok”-da olan Monqolustanda demokratik idarəçiliyə keçid rahat baş verdi. Qırğızıstanda bir müddət Əsgər Akayevin diktaturası olsa da sonda bu iqtidar xalq tərəfindən devrildi, prezident Kurmanbek Bakiyevin devrildiyi ikinci inqilabdan sonra ölkə parlament respublikasına keçidi tamamladı. Hazırda Qırğızıstan demokratik cəmiyyət qurma yolunda inamla irəliləyir. Monqolustan isə Qırğızıstanla müqayisədə keçid dövrünə ehtiyac duymadı və 1991-ci ildən etibarən demokratik idarəçiliyə keçid başlandı. Hazırda Monqolustan dünyanın ən demokratik ölkələrindən biri hesab edilir.

YAZAR: Əli Novruzov

Translate »