Oktyabr 2, 2022

Şərur, Kəngərli, Şahbuzda torpaqlardan istifadədə qanun pozuntuları aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur və Kəngərli rayonlarında, eyni zamanda Şahbuz rayonunun Türkeş, Sələsüz, Daylaqlı, Mərəlik, Kiçikoba, Külüs, Şahbuzkənd, Keçili, Mahmudoba və Nursu kəndlərində monitorinqlər yekunlaşdırılıb.

 

Turaz.org xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, Şərur rayonunun Alışar, Aşağı Yaycı, Yuxarı Yaycı, Axura, Dərvişlər, Gümüşlü, Həmzəli, Muğanlı, Püsyan, Şahbulaq, Siyaqut və Tumaslı kəndlərində 22 hektar, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 1,3 hektar və Şahbuz rayonunun 10 yaşayış məntəqəsində 38 hektar torpaq sahəsi əvvəlki vəziyyətinə (bələdiyyə mülkiyyətinə) geri qaytarılıb.

Yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarını zəbt etmiş vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.

Şərur, Kəngərli və Şahbuz rayonlarında monitorinqlər nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması işləri və Şahbuz rayonunun digər yaşayış məntəqələrində monitorinqlər davam etdirilir.

Müxbir: Əzizə Əlizadə

Translate »