May 17, 2022

Sevgiyə həsrət- müharibə qoxan dünya

Evimdə oturub televizoru izləyirəm. Gündəm ancaq savaş, müharibə. İnternet resurslarında, sosial şəbəkələrdə izləyirəm dünyanı , yenə də savaş, müharibə. İçimdən keçən hissləri məcbur qalıb qələmin gücü ilə kağıza tökürəm və yazımda sanki əvvəlcə özüm özümlə, sonra isə hamı ilə  söhbət edirəm..

Bu gün biz insan olaraq ətrafımızdakılara qarşı necə davranmalı olduğumuzu sanki unutmuşuq.  Biz deyəsən, varlıq fərqimizi ifadə etməkdən uzaqlaşmışıq.  Mələklərə həsəd aparacaq möhtəşəm imkanlarımıza baxmayaraq, hətta şeytanı belə utandıracaq işlər görürük.  Hiss etmirsinizmi, biz nifrətlə oturub-durur, hirslənir və həmişə bir-birimizə intiqam hissi ilə baxırıq. Beləliklə, ürəyimizdə sevgidən əsər qalmadı,  sinəmiz bomboş, düşmən dumanı bütün hisslərimizə bulaşdı və  uzun illərdir  söhbətin o sehrli təsirindən xəbərsizik.

Bir qədər də sərt danışacağam. Düşüncələrimiz daima pis hisslər arxasındadır.  Ətrafı yandırmağı, hər şeyi özümüzə bənzətməyi və  “özgə” adlandırdıqlarımıza təzyiq göstərməyi sanki vəzifə bilirik.  Ağıl və məntiqə baxmayaraq, çoxumuz həmişə hisslərimizin rəhbərliyi altında yaşayırıq.  Bizim kimi düşünməyənləri sıxışdırıb susdurmaq ən bariz şüarımızdır.  Bəzi problemlərin müxtəlif həll yolları ola biləcəyini düşünmədən yanlış bildiyimizə gedirik və bu yolda nə dağıntılar törədirik.  Bir-birinin qəlbinə girib qəlb dili ilə özümüzü ifadə etmək, könül bəyan etmək indi “köhnə üsula” bənzəyir… Eqoizmimizin beynimizdə yaratdığı mənfi fikirlərlə oturub qalxırıq.  Bəzən nifrətdən o qədər çılğınlaşırıq ki, imkanımız çatırsa qalxıb insanların başına çıxırıq.  Əzə bildiklərimizi əzir, əlimiz çatmayanların şərəf və ləyaqəti ilə oynayır, hətta imkanımız varsa media vasitəsilə onları məhv edirik. Bu cür neqativ şeylər qarşısında indi dünyanın hər yerində zalımların “hay huy”u və ya məzlumun ahı eşidilir.  İllərdir məzlumlar və qurbanlar diyarı olan bəzi ölkələr davamlı təzyiq altındadır, xalqlar kədərlidir.  Ağıllar boğulur, hisslər, duyğular sönür, çoxluq öz dəyərlərindən uzaqlaşdırılır, hamı bir-birinin canavarına çevrilir.  Fərqli düşüncələrin, fərqli anlayışların olduğu belə cəmiyyətlərdə vuranla kəsənə qarşı qarşısıalınmaz döyüşlər başlanır, insanlar bir-birinə qarşı qoyulur.  Biri digərinin gözünü çıxarır, öldürür, yaxud da bir xalqın nümayəndəsi olan insan digərinin üstünə  bomba yüklü maşınları sürür.  Hər yerdə vəhşiliklər baş alıb gedir. Çox təəssüf və nə yazıq ki, bütün bunlar insan ruhunun işidir.. Vicdan mexanizmi iflic olmuş kimidir. İradələr amansız planlar güdür,  ağıllar natəmiz hisslərə təslim olur. Potensial olaraq Haqqı görmək üçün qəbul edilən ürək sanki bütün işığı sönmüş bir monastıra çevrilib.  İnsanlar varlıq məqsədinə zidd olaraq pozğunluq içərisindədir.

Düzdür, tarixdə neqativ hallar  həmişə yaşanıb, lakin bu dəfəki dağıntılar və zərərlər qismən qloballaşan dünyanın və qabaqcıl texnologiyanın töhfəsi ilə çox fərqli və ürküdücü oldu.  Televiziya və internet ekranlarına, qəzet və jurnalların səhifələrinə baxdıqca dəhşətdən titrəyir, tez-tez üzümüzü çeviririk.  Gözümüzü yumub qulağımızı tıxasaq da, istər-istəməz zehnimizə nüfuz edən bəzi hadisələr bir xəncər kimi sinəmizə  sancılır, qəlbimizdə, ruhumuzda sağalmaz yaralar açır.  Sanki dünyada xəzan çağı başlayıb.  İnsanlar quruyub tökülən yarpaqlara bənzəyirlər. Xarabalığa çevrilmiş vilayətlər, həyatın nə olduğunu anlamadan öldürülən körpələr, çarəsiz insanlar… Zülmə məruz qalanlar onlara əl uzadılmasını gözləyir, gözləyir, lakin çox vaxt insanlarin laqeydliyi və ya acizliyi qarşısında bir daha çökür.

Bütün bunların qarşısında insanlar inkarla sarsılır və deyirlər: “Deməli, indi Qurbanlar həmişə bir-birlərini belə yeyəcəklər. Kütlələr bir-biri ilə vuruşacaq. Heç kim heç kimi ürəkdən sevməyəcək. İnsanlar bir-birlərini düşünməyəcəklər. Zülmə uğrayana heç kim əl uzatmaz. Məzlumun başına sığal çəkməz. Dünyanın taleyini qan düşünən qanlı dəlilər idarə edər. Onlarda ancaq qan danışar, qan tökər. Dünya sanki yenə tiranlar dövrünə qayıdib.  Bu belə davam edə bilməz. Əgər davam edərsə insanlığın, bəşəri dəyərlərin ölümü baş verər.  Elə isə yol ayrıcında olduğumuz bu günlərdə hələ ki tam susmayan vicdanimizin səsinə qulaq asaraq ürəkdən “sevgi” və “qardaşlıq” deyək!  Rəngi ​​və naxışı ilə insan olmağın fərqini bütün dünyaya bir daha göstərək!  Kinlərin,  nifrətlərin dünyanın üzünü qaraltdığı bu günlərdə bir daha bütün səmimiyyətimizlə bir-birimizə qucaq açaq!  Gəlin,  vicdanlarımızın səsinə qulaq asıb qəlbimizin qapılarını hər kəsə açaq!  Gəlin, özümüzü quruyub yox olmağa məhkum olan damlalar kimi görməkdən xilas olaq, şəlalələrlə bütövləşərək okean olmaq üçün addımlayaq!  Hamımız insan olduğumuza görə, genimizdə Adəmin genləri var. Odur ki, bütün şeytani nəfslərə üsyan edərək, yerin xəlifəsi və göylərə çatmağa hazır olduğumuzu aləmləri lərzəyə salacaq bir səslə hayqıraq və bir daha varlıq fərqini mələklərə bildirək.   Gəlin, getdiyimiz yolları şəhərlərə çevirək, əl-ələ, ürəkdən ürəyə həqiqətə üz tutaq.

YAZAR: İlahə Allahverdiyeva

Translate »