Dekabr 4, 2022

Şokolad haqqında bilmədiklərimiz

Çoxlarının əvəzedilməz qidası: “Şokolad dərini günəşdən qoruyur”

İstər uşaqların, istərsə də yaşlıların imtina olunmaz damaq dadı var – şokolad. Lakin təəssüf ki, bir çoxları bu ləzzətdən düzgün şəkildə istifadə etmirlər. Necə?

Mütəxəssislər şokoladın saxlanma şəraiti, orqanizmə təsirləri barədə Turaz.org-a danışıblar.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, sevərək qəbul edilən bu qida mütləq təbii olmalıdır. Onun sözlərinə görə, təbii şokoladın tərkibi ən az 70 faiz kakaodan ibarət olur: “Şokoladın hər yaş qrupunun sevimli olmasının əsas səbəbi şirin dadı və insanların onu qəbul etdikdə özünü yaxşı, enerjili, gümrah hiss etməsidir. Təəssüf ki, bu gün satışda aşağı faizli, tərkibində süd, çərəzlər kimi əlavə qatqılar var. Bu şokoladlar təbii olsa da, tərkibində kalori miqdarı və qatqı maddələri çox olduğu üçün orqanizmə təbii şokolad kimi faydalarını vermir. Bu gün bazarda saxta, tərkibində kakao olmayan şokoladlar çoxdur. Bunu qiymətindən, dadından da hiss etmək olur”.

Keyfiyyətli şokoladın təmiz kakaodan hazırlandığı üçün qiymətinin yüksək olduğunu deyən mütəxəssis bildirib ki, belə şokoladlar ağızda əlavə dad vermədən rahatlıqla əriyir, kakao dadı hiss olunur: “Təbii acı şokoladın dadı yedikdən sonra ağızda qalmır. Saxta şokolad ağızda əriməkdə çətinlik çəkir. Ağızda xoşagəlməz, əlavə yağ dadı hiss olunur. Şokoladın acılığı da xoşagəlməz olur. Bütün qida məhsullarındakı kimi şokoladın da orijinallığını laboratoriya analizi ilə təyin edə bilərik. Bəzi insanlar daimi paketli qidalardan istifadə edib, siqaret çəkdiklərinə görə dad reseptorları pozulur. Buna görə də tam olaraq həmin məqamları tuta bilmirlər.

Təbii şokolad qatqısız olmalıdır. Tərkibində süd olmamalıdır. Ən azından həmin şokolad otaq temperaturunda qoyulduqda əriməyə başlayır və formasını itirir. Amma saxta şokoladlar uzun müddət isti temperaturda ərimir, formasını dəyişmirik. Təbii şokolad qırıldıqda həssas, xırtıltılı səsi çıxırsa, saxta şokoladda səs olmur. Çünki tərkibində bitki yağları olduğu üçün səs çıxarmadan qırılır. Təbii şokolad hamar və parlaq olur. Saxta şokoladlar uzun müddət qaldıqda üzərində ağ təbəqə əmələ gəlir və uzun müddət qalır”.

Gün ərzində bir insanın istehlak edəcəyi şokolad miqdarının standart olmadığını qeyd edən Məhsəti Hüseynova bunun gündəlik qəbul edilən qidalardan asılı olduğunu vurğulayıb: “Orta hesabla götürsək, qadınlar həftədə 2 dəfə, kişilər isə ona nisbətdə daha çox şokolad qəbul edə bilərlər. Günlük şokolad miqdarı təxminən 90-100 qramı keçməmək şərti ilə olmalıdır. Şokoladı günün birinci yarısında qəbul etmək tövsiyə olunur. Şokoladın yüksək kalorili olduğunu nəzərə alsaq,  gün ərzində bizə enerji verəcək. Tərkibi amin turşuları, antioksidant maddələri, A, E vitaminləri ilə zəngindir. Şokolad ürək damar xəstəlikləri riskini azaldır, mərkəzi beyin sistemi funksiyasını yaxşılaşdırır, yaddaşı gücləndirir, insanların işlək olması funksiyasını artırır. Şokolad qəbul etdikdə dərimizi günəşdən alacağı zərərli şüalardan da qoruyur. Çünki şokoladın tərkibində ola flovonoid maddəsi bir çox qidalarda yoxdur. Adətən günəş kremlərinin tərkibində olur.

Şokolad qan dövranı üçün çox yaxşıdır. Günün birinci yarısında istehlak etikdə təzyiqi normallaşdırır, immunitet sistemini gücləndirir. Bunun əvəzinə təbii kakaodan da istifadə edə bilərik. Şokoladın tərkibində tərkibində təbii triptofan maddəsi var, zülal qaynağıdır.

Nəzərə almaq lazımdır ki, şokolad istehlak olunan gün şirin meyvələrin miqdarını azaltmalıyıq. Birlikdə qəbul etdikdə orqanizmdə şəkər miqdarı artacaq. Həddindən artıq istehlak zamanı isə qaraciyərdə piylənmə baş verir. Saxta şokoladlardan uzaq durmaq lazımdır. Əgər günlük 100 qram normadırsa, tərkibi südlü, çərəzli şokoladlarda bu normanı azaltmalıyıq”.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov isə şokoladın keyfiyyətinə saxlanma şəraitinin təsirinin olduğundan danışıb. Onun sözlərinə görə, şokoladı soyuducuda saxlamaq olmaz: “Soyuducu nəm olduğuna görə şokolad nəmi, pendir, yaxud toyuq kimi qida məhsulları qoyulduqda, qoxusunu özünə çəkə bilər. Buna görə də bəzən soyuducudan çıxarılıb yeyilən şokoladların dadında fərq olur. Əsl şokoladın saxlanma şəraiti onun əriməsini də nəzərə aldıqda, günəş şüalarından uzaq, sərin yerdə 17 dərəcə, quru yerdə saxlanılmalıdır. Nəmdən uzaq olmalıdır. Orada sudan söhbət gedə bilməz. Hava keçirməz qablarda saxlanması üstünlükdür. Soğan, sarımsaq, ağartı məhsullarından, günəş şüalarından uzaq saxlamaq lazımdır”.

Ekspert piştaxtalarda açıq şəkildə satılan şokoladlardan uzaq durmağı tövsiyə edib: “Şokolad yuyulmayan məhsullar sırasına daxildir. Buna görə də üstüaçıq şokoladlardan çəkinmək lazımdır. Çünki hava və damcı yolu ilə gələn virus və bakteriyalara, sərbəst radikallara açıq olduğu üçün belə şokoladları istehlak edən insanlarda müəyyən xəstəliklər baş qaldırır. Buna görə paketli şokoladları almağa üstünlük vermək lazımdır. Tarixinə, paketlənməsinə diqqət olunmalıdır. Saxlanma şəraiti düzgün tənzimlənməyən şokoladlar qurd sala bilər. Buna görə alıcılar bunu nəzərə alıb, diqqətli olmalıdır”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »