Sentyabr 28, 2022

Son 15 gündə Laçında 1 318 ədəd PMN-Э növlü mina aşkarlanıb – BƏYANAT

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır.

Turaz.org-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə bəyanatda bildirilib.

Belə ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən ancaq cari il avqustun 15-dən 31-dək 1 318 ədəd PMN-Э növlü minalar aşkar edilib.

Həmin minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunub.

Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

“Həmçinin, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.

Ermənistanın basdırdığı piyada əleyhinə mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir. Bununla isə Ermənistan düşmənçilik niyyətini bir daha sübut edir”, – bəyanatda bildirilib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »