Dünya ölkələri artıq silahlar üzərindən yox, kiberhücumlar vasitəsilə bir-birinə meydan oxuyur. Dünya ortalamalarına baxdığımızda, Azərbaycan kiber hücumlara məruz qalan və ya kiber təhdidlərə ev sahibliyi edən ölkələr arasındadır. Təəssüf ki, bəzi vətəndaşlar təcrübəsiz olduqları üçün asanlıqla bu hücumların qurbanına çevrilirlər.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz kiberhücumların artması ilə bağlı Turaz.org-un suallarını cavablandırıb.
– Osman bəy, kiberhücumların artmasının başlıca səbəbləri nələrdir?
– Sosial media yaranandan bəri kibertəhdidlər var. Son dövrlərdə yeni sosial media istifadəçilərinin çoxalması, onların təcrübəsizliyi bu tendensiyanı artırıb. Yeni istifadəçilərlə yanaşı, Azərbaycan kiberhücumçulara daha çox maraq kəsb etməyə başlayıb. Adətən əvvəllər kiberhücumlar özünü təsdiq etmək istəyən qruplar tərəfindən olunurdusa, hazırda kiberhücumçuların yanaşma üsulubu da dəyişib. Burada müəyyən qurumlar, təşkilatlar, bəzi ölkələrin dövlət qurumlarının müdaxiləsi ilə qarşılaşırıq. Kiberhücum edənlərin əhatəsi genişlənib.
– Kiberhücumlardan necə qoruna bilərik?
– Bunun qarşısını almaq üçün aidiyyəti qurumlarla yanaşı, istifadəçilər də diqqəli olmalıdırlar. İlk olaraq istifadəçilər özləri öz təhlükəsizliklərini qorumalıdır. Elementar təhlükəsizlik qaydası deyilən bir şey var – telefonu, kompüteri təhlükəsizlik normalarına cavab verməlidir. İstifadə etdiyi sosial mediada resurslarından çərçivələr daxilində, qaydalara uyğun istifadə etməlidir. Spam mesajlara diqqətli yanaşmalıdır, tanımadığı, arzulamadığı yerdən gələn mesajlara aldanmamalıdır. Ola bilər ki, istifadəçi “bu qədər pul qazanmısan, filan xidməti sənə təqdim edəcəyik” tipli mesajlar alsın, bunlara inanmamalıdır. Həmçinin, bununla bağlı dövlət qurumları, banklar səviyyədə maarifləndirmə tədbirləri aparılmalıdır. Bu istiqamətdə böyük bir rəqəmsal savadlılıq işi aparılmalıdır.
– Necə düşünürsünüz, təhsilin keyfiyyəti kiberhücumlarda rol oynayırmı?
– Əvvəlki illərdə bütün ümumtəhsil müəssisələrində informatika fənni demək olar ki, kənara atılmışdı. Baxmayaraq ki, informasiya texnologiyalarının elementar əsasları, kompüter texnologiyalarından istifadə vərdişləri informatika fənni vasitəsilə şagirdlərə ötürülürdü. Lakin 1-ci sinifdən 11-ci sinifədək bu fənnin şagirdlərə tədris olunmasına baxmayaraq builki ilə qədər informatika fənni diqqətdən kənar qalırdı.
Ona görə ki, şagirdlər universitetlərə daxil olanda onlara informatika lazım olmurdu. Hətta kompüter texnologiyaları, kibertəhlükəsizlik seçənlər də qəbul imtahanında informatika əvəzinə kimya üzrə imtahan verirdi. Bu da bütövlükdə ölkədə informasiya mədəniyyətinin, informatikanın inkişafının qarşısını alan amil olaraq dəyərləndirilirdi. Amma bu il bu, ləğv olundu. Gələn ildən isə IT ixtisasını seçənlər informatikadan imtahan verəcəklər, kimyadan yox. Ona görə indi orta məktəblərdə, ailələrdə informatika fənninə diqqət artıb. Hesab edirəm ki, qarşıdakı illərdə bu sahədə vəziyyətin yaxşılaşdırılmasını proqnozlaşdırmaq olar.
– Ölkədə rəqəmsal savadlılıqla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
– Fikrimcə, ölkədə rəqəmsal savadlılıqla bağlı vəziyyəti yetərli hesab etmək olmaz. Burada problemlər var. Düşünürəm ki, rəqəmsal savadlılığın aradan qaldırılması, maarifçiliyin artırılması üçün xüsusilə aidiyyəti qurumlar addım atmalıdır. Bizdə də buna cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti var. Bu xidmət fəaliyyətini canlandırıb, istifadəçilərə metodik informasiya dəstəyi göstərməli, kompaniyalar təşkil etməlidir. Rəqəmsal savadlılığı artırmaq üçün sistemli işlər aparmalıdır.
ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Qarabağ Azərbaycan ərazisidir – Paşinyan