Oktyabr 3, 2022

Sosial şəbəkələrin bloklanmasına ehtiyac varmı? – Ekspert açıqladı

Bəzən vətəndaşlar müharibə dövründə sosial şəbəkələrin ölkə ərazisində bloklanması üçün çağırışlar edirlər. İndiki anda hökumətin sosial medianı bloklaması nə dərəcədə doğru olardı? Düşünürük ki, indiki halda bunun üçün elə də zərurət yoxdur. Çünki, müşahidələr və apardığımız monitorinqlər göstərir ki, hazırda azərbaycandilli sosial media məkanında əvvəlki dövrlərlə müqayisədə müsbətə doğru xeyli fərq var.

Bunu Turaz.org-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, vətən müharibəsi dövründən sonra vətəndaşlar sosial şəbəkədə xəbər gördükdə rəsmi mənbə axtarışına çıxırlar.

Ekspert bildirir ki, sosial şəbəkə istifadəçiləri hərbi xarakterli, düşmən üçün faydalı ola biləcək, həmçinin ruh düşkünlüyü , ajiotaj və çaşqınlıq yarada biləcək məlumatları, videoları demək olar ki, paylaşmırlar və ya çox az paylaşırlar:

“Paylaşanlar da həmin an ictimai qınaqla üzləşirlər. Müşahidələr göstərir ki, hansısa şübhəli və qeyri-dəqiq paylaşımla rastlaşanlar da dərhal onun mənbəyini, təsdiqini soruşurlar, rəsmi mənbə axtarırlar. Görünən odur ki, azərbaycandilli sosial şəbəkə istifadəçilərinin formalaşdırdığı ictimai mühit, informasiya mühiti olduqca faydalıdır.

Bu mühitdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində Ali Baş Komandana və Orduya dəstək, dövlətçilik xətti, milli həmrəylik, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üstünlük təşkil edir. Son illərdə sosial şəbəkə bir ictimai platforma olaraq ölkəmizdə xeyli inkişaf edib”.

Osman Gündüzün fikrincə, hazırkı dövrdə dövlət qurumları və rəsmilər tərəfindən rəsmi informasiyaların yayılması intevsivliyini artırmaq və sosial şəbəkələrdən effektiv istifadəni artırmaq lazımdır: “Xüsusən də xarici auditoriyaya yönəlik effektiv fəaliyyət üzərində düşünmək daha doğru olardı. Əlbəttə, rəsmi informasiyalar adətən gec açıqlanır və ya bəzən açıqlanmır. İndiki anda hökumətin daha çevik və effektiv formada rəsmi informasiyalara əlçatanlığı təmin etməsi doğru olardı.

Rəsmi informasiyalara əlçatanlıq olmadığı halda isə adi istifadəçilərə tövsiyyəmiz o ola bilər ki, onlar rəsmi mənbədən əlavə güvənli hesab olunacaq media qurumların, jurnalistlərin və blogerlərin, ictimai şəxslərin də sosial hesablarını izləməklə faktlatı, məlumatları dəqiqləşdirə bilərlər.

Dəqiqləşdirilməmiş məlumatların indiki anda yenidən paylaşımını etmək isə doğru olmazdı”.

Ekspert Tik-tok platformasının fəaliyyətinin dayandırılmasına da münasibət bildirib: “TikTok-ıa bağlı bizim fikirlərimiz məlumdur. Uşaqlar üçün zərərli tərəfləri çoxdur. Gələcəkdə bu məsələyə baxıla bilər və uşaqlar üçün onun məhdudlaşdırılması məntiqli olardı. Amma indiki anda TikTok-dan da “bir damcı da” olsa Azərbaycan maraqları üçün faydalanmaq doğru olardı”.

Müxbir: Ağayeva

Translate »