Mart 25, 2023

Təhsil ekspertindən nazirliyə etiraz: “Dünyanın heç bir ölkəsində sertifikat pulla satılmır”

Noyabrın 5-də ölkəmizdə “Təhsildə yeni çağırışlar” mövzusunda III beynəlxalq forum keçirildi. Adından da göründüyü kimi forumda beynəlxalq ekspertlər iştirak edərək, məruzələrlə çıxış etdilər. Hibrid formada keçirilən tədbirə iştirakçıların bir qismi onlayn, digər qismi isə əyani qoşuldu. Beynəlxalq sertifikat isə iştirakçılara 20 manat ödəniş etməklə təqdim edildi. Maraqlıdır, bu tədbirlər ölkəmizdə təhsilin inkişafına təsir göstərə bilirmi? Bu kimi forumlarda iştirak hüququ qazanmaq üçün meyarlar olmalıdırmı? Belə tədbirlərdən alınan sertifikat/diplomların nə kimi əhəmiyyəti var? Ümumiyyətlə, bu tədbir qəbzlərinə baxanlar varmı?

Mövzu ilə bağlı Turaz.org-un suallarını Təhsil Araşdırmaları Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov cavablandırıb.

Ekspertin sözlərinə görə, təhsil beynəlxalq əməkdaşlığı və beynəlxalq təcrübənin paylaşılmasını özündə əks etdirən bir sahədir.  Bildirib ki, dünyada elm, təhsil sahəsində baş verən innovativ yeniliklər, eyni zamanda qiymətləndirmə, öyrətmə və öyrənmə ilə bağlı yeniliklər mütləq şəkildə bölüşdürülməlidir və bu təcrübədən istifadə etmək lazımdır: “Azərbaycan da mütəmadi olaraq bu tipli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Amma etiraf edək ki, bizim Türkiyədə və yaxud da ki, Avropada gördüyümüz beynəlxalq tədbirlərlə Azərbaycanda keçirilən III beynəlxalq forum tamamilə fərqlənirdi. Birincisi, tədbirin əhatəsi o qədər də geniş olmadı. Yəni burda əhatə dariəsi dedikdə iştirakçıların cəlb edilmə məsələsindən danışıram. Kifayət qədər müsbət çağırışlar, müsbət yeniliklərin bölüşdürüləcəyi bir platformaya daha çox insanın cəlb edilməsini gözlədiyimiz halda, Elm və Təhsil Nazirliyi buraya daha çox siyahıyla, özünə yaxın olan insanları dəvət etdi. Təsəvvür edin, beynəlxalq konfransda iştirak etməkdən ötrü minlərlə insan qeydiyyatdan keçib, sertifikat üçün pulu ödəyib, amma onların çox cüzi bir hissəsi çağırılıb. Tədbir keçirilən zala baxanda da gördük ki, çox az adam dəvət edilmişdi”.

Elm və Təhsil Nazirliyinin tədbirlərinin daha çox pul qazanmaq mahiyyəti daşıdığını deyən ekspert sertifikatların ödənişli olması mövzusuna toxunub: “Heç bir ölkədə beynəlxalq sertifikat tədbirdə iştirak etmədən pulla satılmır. Dünyada beynəlxalq sertifikat üçün ödəniş ən azı 100  dollardan başlayır. Üstəlik, mütləq şəkildə vizual olaraq iştirak etməli, öyrəndiklərini əldə etdiyi bilikləri göstərərək bu sertifikatı əldə etməlisən. Amma bizdə daha çox işin mahiyyətində pul qazanmaq olduğu ortaya çıxdı. Təsəvvür edin, istənilən bir şəxs sadəcə 20 manat ödəməklə dövlətin üzərində möhürü, imzası olan sertifikatı alıb bunu istifadə edə bilər. Əslində Beynəlxalq Sertifikatın hər hansı bir üstünlüyünü yalnız biz işə qəbul prosesində CV də yazılan formada görə bilər. Yəni iki şəxs eyni müsabiqədə iştirak edərsə, işə qəbul və yaxud digər tədbirlərdə bu zaman beynəlxalq sertifikatı olan şəxsə üstünlük veriləcək. Amma baxmayacaqlar ki, bu sertifikat hansı formada əldə edilib. Keçirilən beynəlxalq tədbirin iştirakçılarına nəzər yetirək. İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin daha fərqli çıxışlarını gözləyirdik. Nazirliyin hədəfi inkişafdırsa, tərəqqi edirsə, bu qədər dar çərçivədə forum keçirməməlidir. Kifayət qədər vəsait ayrılıb, həmin şəxslər dəvət olunub. Onlar heç də bura qonaq olsun deyə, gəlib restoranda otursunlar deyə dəvət edilməyiblər. Onlar mütləq şəkildə təcrübəsini bölüşməyə gətiriblər və biz təcrübəyə daha çox insanı cəlb etməliyik”.

Tədbirin mahiyyətindən söz açan K.Əsədov bu tipli tədbirlərin Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsini artırmağa xidmət etməli olduğunu bildirib: “Çünki istər sertifikasiya, istər digər Azərbaycanda müəllimlərin bilik və bacarıqlarını ölçən imtahanlar sadəcə olaraq yerli bilikləri yoxlayır. Amma mütləq şəkildə beynəlxalq tədbirlərlə, beynəlxalq qiymətləndirmənin ölçmə vasitələrini öyrənməliyik. Amma görünən ondan ibarətdir ki, nazirlik sadəcə görüntü, pul qazanmaq xətrinə tanınmış ekspertləri xaricdən dəvət edib. Maraqlı odur ki, Azərbaycanın heç bir yerli ekspertlər orada iştirak etmədi. Bunlar ciddi səhvlərdir. Eyni zamanda çox dar çərçivədə onlarla görüşlər təşkil edildi.

Azərbaycanda təhsilin inkişafını istəyiriksə, beynəlxalq çağırışlara cavab verməliyik və beynəlxalq çağırışlara kifayət qədər ədalətli yanaşmalıyıq. Digər tərəfdən, təşkilatçıların təhsil bilikləri o qədər də yüksək deyil. Bunu açıq şəkildə gördük. Bu gün təhsilin idarə olunması bu və ya digər formada yalnız özünə yaxın olan bir neçə nəfəri cəlb edən fəaliyyət növüdür”.

 

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva

Translate »