Yanvar 26, 2022

Təhsil naziri: “Gələn il innovativ məktəblər layihəsinə başlanılacaq”

STEAM Azərbaycan Festivalına start verilib.

Turaz.org xəbər verir ki, Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edir.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, “STEAM Azərbaycan” 100 mindən çox şagirdi əhatə edir: “15 bölgədə “STEAM” mərkəzləri açılacaq. Hazırda Quba, Gəncə, Salyan, Ağdaş rayonlarında STEAM mərkəzləri fəaliyyət göstərir. Növbəti tədris ilindən başlayaraq innovativ məktəblər layihəsinə başlayacağıq. İnanıram ki, layihə Azərbaycan gəncliyini ən yaxşı şəkildə hazırlayacaq”.

O qeyd edib ki, layihə ilk başlayan müddətdən Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və göstərdiyi dəstək nəticəsində həyata keçirilib: “Bu gün burada olan gənclərin qurduqları stendlərin böyük qismi də işğaldan azad olunmuş ərazilərdəki quruculuq işləri ilə bağlıdır”.

Məlumat üçün bildirək ki, festival çərçivəsində “STEAM Open (Makerthon)”, “Hackaton”, “Micro:bit”, “Lego Sumo senior”, “Lego Sumo junior”, “Line folower”, “3D Cad”, “Short movie”, “Edu dron”, Humanoid robot, üzrə kateqoriyaları istiqamətində yarışlar keçirililəcək.

Müxbir: Əzizə Əlizadə

Translate »