Dekabr 8, 2021

Tələbələr arasında ilk dəfə keçirilən “EdTech Startap” müsabiqəsinə qeydiyyat aparılır

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında tələbələr arasında keçiriləcək “EdTech Startap” müsabiqəsinə qeydiyyat aparılır.

Nazirlikdən Turaz.org-a bildirilib ki, müsabiqəyə qeydiyyat noyabrın 12-dək davam edəcək. Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud problemlər üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır.

Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr müsabiqədə iştirak edə bilərlər. Tələbələr komanda şəklində təhsil sahəsində mövcud olan bir problem seçib verilən müddət ərzində onun həllini təmin edən layihə üzərində işləyəcəklər.

Müsabiqə iki mərhələdən ibarətdir. Hər mərhələnin sonunda keçiriləcək qiymətləndirmədən sonra üç qalib komanda elan olunacaq.

Birinci mərhələdə tələbələr müəyyən mövzuda araşdırma aparıb öz layihə təklifini hazırlayacaq və onu qısa bir videoda təqdim edəcəklər. İlkin mərhələ bitdikdən və komandaların videoları qəbul olunduqdan sonra münsiflər heyəti həmin işlər arasında 10 ən yaxşı layihəni seçəcək. Bu mərhələdən keçən 10 komanda finala vəsiqə qazanacaq. Həmin komandalar onlar üçün təyin olunacaq mentorla işləmək şansını qazanacaq və final tədbirinədək öz layihələrini təkmilləşdirə biləcək. Final tədbirində komandalar öz layihələrini əyani şəkildə münsif heyətinə təqdim edəcək. Münsif heyətinin qiymətləndirməsindən sonra qaliblər elan olunacaq. Qaliblərə öz startap ideyalarını reallaşdırmaq üçün pul mükafatı veriləcək.

Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün edtechstartup.az/ səhifəsinə müraciət etmək olar.

 

Müxbir: Nağızadə Ayşən

Translate »