Dekabr 9, 2021

Texaslı tibb işçisi xəstələrə hava inyeksiya edərək onların ölümünə səbəb olub

Texasda bir tibb işçisi 4 xəstəyə, baş tutmuş ürək əməliyyatlarından sonra hava inyeksiya etməklə cinayət törətməkdə təqsirləndirilir.

Turaz.org xəbər verir ki, 37 yaşlı Vilyam Deyvis, məhkəmə tərəfindən böyük bir cinayətə səbəb olmaqla günahlandırılır və edam cəzasına məhkum oluna bilər.

İttihamçılar bildirir ki, o, 2017-ci ilin iyun ayından 2018-ci ilin yanvar ayına kimi 7 nəfəri hədəf olaraq seçib.

Cinayətlərin baş verdiyi “Christus Mother Frances” Xəstəxanası, məhkəmənin verdiyi qərarın az da olsa zərərçəkənləri sakitləşdirəcəyinə ümid etdiyini bildirir.

47–74 yaş aralığına malik kişilərin ateriya damarlarına inyeksiya olunan hava ölümcül beyin zədələnməsinə gətirib çıxarır və “tutma bənzəri simptomlar”la müşahidə olunurdu.

Məhkəmə Deyvis tərəfindən öldürülən dörd kişinin əməliyyatlardan sonra əvvəlcə yaxşılaşdığını və həkimlərin onların vəziyyətinin niyə birdən–birə bu qədər sürətlə pisləşməsindən xəbərsiz olduğunu deyir.

Yerli hakimiyyət orqanları bildirir ki, həkimlər yalnız KT müayinəsinin nəticələrində xəstələrin beynindəki havanı görəndən sonra yaranan vəziyyətdən şübhələnib.

Dallaslı həkim pulmonoloq Vilyam Yarbro məhkəməyə çıxışında onilliklərdir tibbdə belə bir hadisə müşahidə etmədiyini deyib.

Məhkəmə zamanı Deyvisin xəstələrdən birinin otağına daxil olmasından sonra ürək monitoru siqnalının 3 dəqiqə ərzində səslənməsi və xəstənin inyeksiya nəticəsində ölməsi ilə bağlı görüntülər nümayiş etdirilib.

Deyvisin vəkili Filip Heyes məhkəmə zamanı iddia etdi ki, xəstələrin ölümünün bu cür baş verdiyinə dair heç bir dəlil yoxdur və tibbi prosedurlarla bağlı ciddi problemləri olan bu xəstəxana bütün günahları Deyvisin üzərinə yıxır.

Məhkəmə zamanı çıxış edən Texas ştatının Smit qraflığının prokuroru Ceykob Putman xəstəxananın qatilin gizlənməsi üçün mükəmməl yer olduğunu vurğulayıb.

Prokurorlar, insanları öldürməkdən və cinayət törətməkdən həzz aldığını bildirdikləri Deyvis üçün ölüm hökmü tələb edəcəklər.

Deyvis isə hələlik, 8,75 milyon dollar müqabilində Smit Qraflıq Həbsxanasında zaminə buraxılacaq.

Tərcümə edən: Eltac Abbasova

Həmçinin bax: https://turaz.org/tokayev-fyodor-dostoyevskinin-200-illik-yubileyi-munasibetile-anim-tedbirleri-kecirmeyi-tapsirib/

Translate »