Oktyabr 28, 2021

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid Rəşad Babayev

Vətən müharibəsində qazandığımız şanlı Qələbə yenilməz Ordumuzun əsgər və zabitlərinin şücaəti, qorxmazlığı sayəsində əldə olunub.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən minlərlə igidimizdən biri də  Xüsusi Təyinatlı Qüvvələrin şəhidi Rəşad Babayevdir.

Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur.

1998-ci ildə Bakı şəhəri Nizami rayonu R. Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinifinə getmişdir.

2006-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2006-ci ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə 8 yaşından Cüdo idman növü ilə məşğul olmuşdur. Yüksək nəticələr əldə etmiş 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. 2017-ci ildən Nigar Babayeva ilə Ailəlidir.

Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilmişdir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin  N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə  N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirmişdir. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir.

2016-cı ildə Türkiyənin İzmir şəhərində  keçirilən “EFES-2016” beynəlxalq təlimlərinin fəal iştirakçısı olmuş, sertifikat ilə təltif olunmuşdur. 2017-ci ildə 30 aprel – N saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibəti ilə döyüş hazırlığında yüksək nəaliyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissənin komandiri tərəfindən fəxri fərman ilə təltif olunmuşdur. 28 fevral 2020-ci ildə xidmətdə olduğu N saylı hərbi hissədə keçirilmiş “Cüdo, yunan-roma və sərbəst güləş yarışı”nda yüksək nəticələr əldə etdiyinə görə fəxri fərman ilə təltif olunmuşdur. 25-28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Rəşad Babayev “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zaman Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

O, bir il bundan öncə şəhid olaraq yenidən doğuldu. Əziz, şəhid qardaşımız Tanrıya səni əmanət edərkən, bilmirdik ki, O, səni bizdən də çox sevir və öz dərgahına yüksəldəcək. Tanrı ruhunu əbədi olaraq şad etsin. Məkanın cənnət-behiştdir inşallah. Əbədi həyatın gözəl olsun.

Turaz.org kollektivi olaraq, şəhidimizin ailəsi və yaxınlarına dərin kədər və qürur hissi ilə baş sağlığı verir, onlara mətanətli olmalarını, uca Allaha dua etmələrini təmənni edirik.

Turaz.org” İnformasiya Agentliyinin əməkdaşı: Əzizə Əlizadə

Translate »