Fevral 2, 2023

Türk şəxs adlarının dilimizə transliterasiyası

Bu günkü mövzumuz dilimizə keçən sözlərin, şəxs adlarının transliterasiyası və dilə uyğunlaşdırılması barədədir. Maraqlı və bir o qədər gündəmimizin mövzusuna uyğun olan bu yazı üçün Şahlar Məmmədova təşəkkür edirik. (red.)

Turaz.org olaraq, diqqətinizə çatdırmaq istərdik ki, yazıda bir sıra mübahisəli məsələlərə toxunulmuşdur. Onların həll edilməsi üçün birgə səy göstərməli və öz Ana dilimizin qeydinə qalmalıyıq. Hər kəs üçün öz dili, öz Ana dili əziz olduğu kimi, bizim üçün də Azərbaycan dili əziz və müqəddəsdir.

Transliterasiya standartlarının hazırlanması ilə bağlı məsələlər 2013-cü ildə təsdiq olunmuş Dövlət Proqramının icrasına dair Tədbirlər Planının 6.1.4 (milli transliterasiya standartlarının hazırlanması) və 6.3.9-cu bəndlərində (milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyasını həyata keçirən proqram təminatının hazırlanması) nəzərdə tutulmuşdur. Məsələ 2013-2014-cü illərdə AMEA və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən öz həllini tapmalı idi. Bu sahədə gecikmələr olsa da, dilçi mütəxəssislərdən  ibarət  komissiya yaradıldı və müəyyən işlər görüldü. Məsələn, 2022-ci ildə “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində”  kitabı işıq üzü gördü. Ərazi vahidlərimizin adlarının ingilis dilinə transliterasiya edilməsi varianlılığın aradan qaldırılmasına xidmət edəcəkdir. Göründüyü kimi, transliterasiya məsələsi son dərəcə vacib və strateji məsələdir.

Lakin Milli Transliterasiya Sistemində hazırda təqdim edilən transliterasiya cədvəlləri yalnız mətnin və ya veb-səhifənin transliterasiyası üçün nəzərdə tululub. Milli transliterasiya cədvəlləri (yer adları, xüsusi adlar və s.) Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən standartlaşdırılmalıdır. Amma görünən budur ki, fonetik transkripsiya yolu ilə transliterasiya problemi tam həllini tapmadığından xarici adların da yazılışı və tələffüzündə pərakəndəlik hökm sürür. Odur ki, transliterasiya ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac vardır, çünki mövcud standartlar praktik baxımdan yetərli deyildir.

Transliterasiya – yazının bir qrafikadan digər qrafikaya keçididir. Bu zaman bir yazı sisteminin vahidi digər yazı sisteminin müvafiq vahidi ilə əvəz olunur. Amma burada söhbət fonetik transkripsiya yolu ilə transliterasiya probleminin həllindən gedir.

Bəs Azərbaycan dilinin orfoqrafiya normalarında məsələ necə həllini tapıb? Bu haqda Azərbaycan dilinin orfoqrafiya normalarının 2-ci və 3-cü bəndlərində  (alınma sözlərdə saitlərin yazılışı və alınma sözlərdə samitlərin yazılışı) təsbit olunub. Hazırkı normalarda (3.6-cı bəndə əsasən kimyəvi element adları əslinə uyğun yazılır) sözün azərbaycanlılaşdırılması əsas götürülür.

Türk di­lin­dən di­li­mi­zə trans­li­te­ra­si­ya (hərf­bə­hərf çev­ril­mə) və səs­lə­rin kon­ver­ta­si­ya­sın­da çə­tin­lik ol­ma­sa da, bə­zi ad­la­rın­ di­li­miz­də yazılışı mübahisə doğurur. Mə­sə­lən, Ka­lın adı­ dilimizdə Qa­lın, Ye­di­te­pe yer adı­ isə Yə­di­tə­pə şək­lin­də yazılır. Halbuki Ka­lın is­mi türk di­lin­də “bəxşiş”, “hədiyyə” anlamındadır. Qalın sözü isə Azər­bay­can di­lin­də si­fət ki­mi, yəni “yo­ğun”, “sıx”, “ko­bud” mə­na­la­rın­dadır. Hərfbəhərf çevrilmə zamanı sözün mənası təhrif olunursa, deməli, müvafiq sözün  mənbə dildəki kimi yazılması daha məqsədəuyğundur. Mehmet Kırık adı da bu qəbildəndir. Kırık soyadını dilimizə uyğunlaşdırdıqda “Qırıq” kimi səslənir, bu da estetik deyildir. Belə nümunələr çoxdur. Bu onu göstərir ki, Türk ad və soyadlarını dilimizin yazı sisteminə uyğunlaşdırarkən bu məqamlar da nəzərə alınmalıdır.

Doğrudur, Sovet dövründə Türk antroponimləri dilimizin daxili qanunlarına uyğun şəkildə yazılırdı. Məsələn, Hikmet, Kemal, Aziz, Fuat adları Hikmət, Kamal, Əziz, Fuad şəklində dilimizin ad sisteminə  uyğunlaşdırılırdı. Son zamanlar isə həm Türkiyədəki kimi, həm də azərbaycanlılaşdırılmış variantda yazılır. Məlumat üçün qeyd edim ki, Monitorinq Mərkəzi apardığı monitoriqlər zamanı xeyli sayda belə faktlar qeydə alıb və hətta təkliflərlə də çıxış edib.

Ümumiyyətlə, variantlılıq təkcə Türk şəxs adlarının yazılışı ilə bağlı deyildir. Latın qrafikalı başqa dillərdə işlənən ad və soyadların yazılışında da pərakəndəlik vardır. Bu da vahid prinsipin olmaması ilə bağlıdır. Monitorinq Mərkəzinin apardığı monitorinqlərin nəticələri də bunu deməyə əsas verir.

Müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı fərdi xüsusiyyətlər də özünü göstərir.  Məsələn, müasir türk dilinin orfoqrafiya prinsiplərinə görə əcnəbi onomastik vahidlər – xüsusi isimlər, firma adları və s. əsillərinə uyğun şəkildə yazıldığından türk yazısındakı hərflərin miqdarı əlifbadakından çoxdur. Buna baxmayaraq, yazıda Türk dilinin daxili qanunları qorunur. Məsələn, antroponimlərin orfoqrafiyasına nəzər saldıqda bunu aydın şəkildə görə bilirik. Orxan – Orhan, Mehriban – Mihriban, Fuad – Fuat, Əli – Ali və s.

Bəziləri belə hesab edir ki, Azərbaycan yazısınıda digər dillər kimi, orijinalı latın əlifbasında olan adlar eynilə saxlanılmalıdır. İnternet erasının zərurəti kimi bu həm dildə həmin adların yazılışını standartlaşdırmağa, həm də onlar arasında keçidləri asanlaşdırmağa xidmət edə bilər.

Bu, cəlbedici görünsə də, əlifbamızda olmayan hərflərin, qrafemlərin, onlara müvafiq fonemlərin dildə oturuşması deməkdir.

Dünya dillərindəki sözlərin düzgün oxunması üçün Beynəlxalq Fonetik Əlifba sistemi mövcuddur. Bu sistemə səsləri ifadə edə bilən 102 hərf və 52 fonetik işarə daxildir. Bu, orijinal tələffüzlə bağlı problemi  aradan qaldıra biləcək ortaq “səs əlifbası”  olsa da, tətbiqi real deyildir.  Ona görə də biz başqa dillərdəki adları öz dilimizin yazı sisteminə uyğunlaşdıraraq əlifbamızı sabit saxlamağa çalışmalıyıq. Çünki Azərbaycan dilinin orfoqrafiya və orfoepiyası bu dilin öz daxili qanunlarını yazıda və ədəbi tələffüzdə əks edirir. Yuxarıda qeyd etdiyim transliterasiya standartları ilk növbədə əlifba və yazı sabitliyini qorumaq üçündür. Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də antroponimlər kodifikasiya olunur, orfoqrafik normaya uyğun işlənir. Kodifikasiyanı milli, tarixi, beynəlxalq, ictimai, etik və s. amillər şərtləndirir. Ona görə də yazıda müvafiq amillər mütləq nəzərə alınmalıdır.

Müəllif: Fil.ü.f.d., dos. Şahlar Məmmədov (Göytürk)
DDK yanında Monitorinq Mərkəzinin
Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri

Müxbir və redaktor: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/orfoqrafik-herc-merclik
Həmçinin bax: kafkazh.com/qorqud-toponimi-haqqinda-3-fikir

Translate »