Oktyabr 4, 2022

Türkiyə–Azərbaycan dostluğu dünyaya nümunədir

Türkiyə–Azərbaycan dostluğu dünyaya nümunədir


Azərbaycan Prezidenti İlham Əliyevin “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir. Eyni zamanda, biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri bir daha təsdiqləyir ki, “bir millət, iki dövlət” vəhdətini heç bir kənar qüvvə poza bilməz.


Bunu AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə qeyd edib ki, Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilib genişləndirilməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu gün Türkiyə–Azərbaycan dostluğu dünyaya nümunədir. Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş dostluq və qardaşlıq münasibətləri Prezident İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxması dünyaya örnəkdir.


Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı olduğu hər iki xalqın nümayəndələrinə bəllidir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik” sözlərini bir daha xatırlatmaq istərdim. R.T. Ərdoğanın “Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz Vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir” fikirləri həm işğalçı Ermənistana, həm də onun tərəfdarlarına ciddi mesajdır.


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə davam edir. İki ölkə arasındakı hərbi əməkdaşlıq haqqında saziş vardır. Buna əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi artıq ənənə halını alıb. Birgə təlimlərə iki ölkənin ordusunun şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb edilməsi hərbçilərimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, həm də əsgər və zabitlərimizin döyüş qabiliyyətini artırır.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Dövlətimizin başçısı da bu təlimləri yüksək qiymətləndirib.

Azərbaycan və Türkiyə ordusunun birlikdə həyata keçirdiyi hərbi təlimlər bir daha onu göstərir ki, regionda sülhün bərqərar olunması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və başqa sahələrdə olduğu kimi, hərbi əməkdaşlığın da yüksək səviyyədə qurulması hər iki dövlətin maraqlarına uyğundur.


Qardaş Türkiyə dövləti bütün qüvvəsi ilə Azərbaycan dövlətinin yanında olduğunu dəfələrlə nümayiş etdirib. Türkiyə birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu rəsmən elan edib. Qardaş ölkənin hərbi rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin bu günlərdə ölkəmizə səfəri zamanı səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqlədi. Ermənistanın sərhədboyu ərazilərdə mütəmadi olaraq törətdiyi təxribatlar qardaş ölkənin əhalisini də ciddi narahat edir. Bu il iyulun 12- də Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş növbəti təxribat qardaş ölkədə də ciddi narazılığa səbəb oldu. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da Prezident İlham Əliyevlə görüşü zamanı türk xalqının Ermənistanın bu təxribatına nifrətini diqqətə çatdırdı. Onun “həqiqətən, biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür” deməsi hər birimizdə qürur hissi yaratdı.


Ermənistan silahlı qüvvələrinin Tovuzdakı son təxribatı beynəlxalq hüququn norma və prinsiplərinə növbəti hörmətsizlikdir. Qardaş ölkənin Prezidenti başda olmaqla, bütün 83 milyonluq türk xalqı bu təxribatı nifrətlə qınayır. Hulusi Akar da bu təxribatın Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından indiyədək cinayətkar hərəkətlərin davamı olduğunu vurğuladı. Onun “Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik” deməsi iki ölkə arasında dostluq və qardaşlığın sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.


Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal iştirakçılarıdır. İki qardaş ölkənin birliyini heç bir qüvvə poza bilməz.

Menbe:azertac.az
Müxbir:Arzu Əliyeva

Həmçinin bax:https://turaz.org/cin-korona-vaksinine-patent-verdi/

Həmçinin bax:https://kafkazh.com/bioakustika/

Translate »