Sentyabr 30, 2022

Türkiyə hərbi sənayesinin son 5 ildə keçdiyi inkişaf yolu – MÜSAHİBƏ

Türkiyə hərbi sənayesinin inkişafını görmək üçün son 5 ilə nəzər sala bilərik. İkinci Qarabağ müharibəsində öz sözünü deməsi Türkiyə hərbi sənayesinin inkişafının göstəricisidir. Türkiyə NATO üzvü ölkələr arasında ABŞ Silahlı Qüvvələrindən sonra gələn ən böyük ikinci hərbi gücdür və NATO-nun nüvə paylaşma siyasətinin bir hissəsi olan beş ölkədən biridir. 2014-2018 illər arasında Türkiyə silah ixracatını 170 % artırıb. 2018-ci ildə Türkiyə sayca 14-cü ən böyük silah ixracatçısı olub. Bununla da, Türkiyə silah bazarında öz yerini tutduğunu göstərib.

Türkiyənin hərbi sənayesinin 5 ildə necə inkişaf etdiyi və silah bazarında payı haqqında türkiyəli təhlükəsizlik və terrorla mübarizə eksperti İmbat Muğlu  Turaz.org-a müsahibə verib.

Türkiyənin Müdafiə sahəsi son beş ildə necə inkişaf edib?

– 15 iyul FETÖ-nün xain çevrilişindən sonra, yəni 2016-2022-ci illər arasında müdafiə sənayesinin əsasını təşkil edən investisiyalar uğurla yekunlaşıb. Bu prosesdə müdafiə sənayesi sahəsində, xüsusilə aviasiya sektorunda mühüm inkişaflar var. Türkiyə Silahlı Qüvvələrinin iki mühüm elementindən biri canlı qüvvə, digəri isə silah və avadanlıqlardır. Türk milləti hərbi peşəni tarixin ilk dövrlərindən özünə bir şüar olaraq qəbul edib. Ancaq qələbəyə gedən yolda təkcə insan ünsürü kifayət etmir. Xüsusilə texnologiyadakı inkişaflar və buna uyğun olaraq silahların təsiri hər keçən gün artmağa davam edir. Silahlı qüvvələrin müasir alət və avadanlıqlarla təchiz edilməsi zərurəti texnoloji innovasiyaları sürətləndirib və bu istiqamətdə layihələr hazırlanıb.

Türkiyə müdafiə sənayesində milli hərbi ehtiyaclarını necə təmin edir?

– Türkiyədə müdafiə sənayesinə, ordunun müdafiə qabiliyyətinin artırılmasına töhfə verən qüvvələr var. Belə ki, hava, dəniz və quru qüvvələrinin sırasına milli silahların daxil edilməsi ilə keyfiyyətli inkişaf və istehsal artımına şahidlik edirik. Türkiyə son illərdə müdafiə sənayesində, demək olar ki, hər sahədə milli və yerli məhsul istehsal etməyə başlayıb və təhlükəsizlik qüvvələrinin bütün ehtiyaclarını qarşılaya bilib. Türkiyənin irəli sürdüyü strateji planlar ölkənin bu sahədəki üstünlüyünü gücləndirməklə kifayətlənməyib. Müdafiə və təhlükəsizlik texnologiyaları, eyni zamanda bu üstünlüyü qoruyacaq sənayeləşmə, texnologiya və satınalma proqramlarını da formalaşır.

Türkiyənin yerli silah sisteminin əsasını nə təşkil edir?

– 15 iyul 2016-cı il tarixdə baş verən xain çevriliş cəhdi Türkiyədə dövlətin hərtərəfli yenidən qurulmasına gətirib çıxarıb. Bunlardan biri də Müdafiə Nazirliyinin yenidən qurulmasıdır. Türkiyənin sərhədindəki təhdidlərə qarşı başda Suriya və İraq olmaqla, sərhədin o tayında PKK-ya qarşı davam edən əməliyyatlar aparır. Digər bir səbəb isə Türkiyənin hərbi önləyici qüvvə olmadan regional güc ola bilməyəcəyini dərk etməsidir və buna görə də müstəqil xarici siyasətin əsaslarının qoyulmasına başlanılıb.

Bəzi ölkələrin Türkiyəyə silah satışına qadağa qoymasının əsas səbəbi nədir?

– Türkiyənin Suriyadakı əməliyyatlarından sonra bəzi Qərb ölkələri Türkiyəyə silah satışını qismən və ya tamamilə dayandırıb. Bu ölkələr Almaniya, İtaliya, İngiltərə, Fransa, Çexiya, Norveç, Hollandiya, İsveç və Finlandiya kimi göstərilib. Xüsusilə, NATO-ya üzv olan bir çox ölkələr Türkiyə ilə deyil, terror təşkilatları ilə ittifaqlar qururlar. Bu bir həqiqətdir ki, Türkiyəyə tətbiq edilən embarqolar bizim daxili silah sənayemizi inkişaf etdirib və bu günə çıxarıb. Biz bunu inkar edə bilmərik.

Son vaxtlarda Türkiyə müdafiə sahəsində öz sözünü deyən ölkələrdən birinə çevrilib. Bu da özünü İkinci Qarabağ müharibəsində də özünü göstərdi. Bundan sonra hansı ortaq layihələr ola bilər?

– Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən andiçmə mərasimində “Türkiyə olan yerdə Azərbaycan var” sözləri ilə gələcək baxımından əlaqələrin istiqamətini göstərib. Cənab Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı münasibətlər iki ölkə arasındakı münasibətləri əvvəlcə strateji tərəfdaşlıq, sonra isə strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Azərbaycan-Türkiyə hərbi əlaqələri 1992-ci ildə imzalanmış hərbi təlim sazişi ilə başlamış və 2010-cu ildə Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında sazişlə hazırlanmışdır. Əhəmiyyətli dönüş nöqtələrindən biri 2007-ci ildə tərəflər arasında yaradılmış Ali Hərbi Şura olub. Daha sonra müdafiə sənayesi sahəsində əməkdaşlıq artdı və 2020-ci ildən başlayaraq Azərbaycan ordusu Türkiyə ordusu modelinə keçid prosesinə başladı. İkinci Qarabağ müharibəsində Türkiyədə hərbi təlim keçən və türk ordusu modeli ilə qurulan xüsusi bölmələrin hərbi uğurları bu prosesi daha da sürətləndirdi. İki ölkə arasında müdafiə sənayesi sahəsində 2000-ci illərdə başlayan əməkdaşlıq İkinci Qarabağ müharibəsindən əvvəl və sonra daha da sürətləndi. Müharibədən əvvəl Azərbaycan Bayraktar TB2-ləri Türkiyədən idxal edirdi və TB2-lər Qarabağ müharibəsinin qalibiyyətlə başa çatmasında çox mühüm rol oynayıb.

Bu ortaqlıq hansı ölkələrə göz dağı verə bilər?

– Türkiyə-Azərbaycanın, demək olar ki, hər sahədə birgə fəaliyyət göstərməsi sionist dövlətləri qorxutmaqla yanaşı, 30 ilə yaxındır Qarabağı işğal altında saxlayan Ermənistanı, ona dəstək verən İran və Rusiyanı da qorxuda bilər.

Türkiyə müdafiə sahəsində milli hərbi bazasını öz ehtiyaclarını tam nə vaxt qarşılaya bilər? Yəni bəzən hansısa ölkələrdən asılılığı olur. Yaxın zamanda biz bunu deyə bilərik ki, Türkiyə hərbi bazasını özü formalaşdıracaq?

– Türkiyə təyyarə, tank və helikopter istehsalı, proqram təminatı və sursat istehsalı kimi bir çox sahəni milliləşdirib. Bu milliləşmənin gələcəkdə daha da artacağı düşünülməkdədir. Türkiyə 2023 hədəfləri ilə yaxın gələcəkdə hər sahədə təkbaşına milli addımlar atmağa hazırdır.

Biz görürük ki, son zamanlar Türk dövlətləri ortaq layihələr həyata keçirməyə çalışırlar. Məsələn, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi var. Bu bəyannaməyə digər Türk dövlətlərinə də aid etmək olar mı?

– 2021-ci il iyunun 15-də Şuşada müttəfiqliklə bağlı imzalanan bəyannamədə vurğulanıb ki, “iki qardaş ölkə silahlı qüvvələrin müasir tələblərə uyğun formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək. 2021-ci ilin avqust ayında bu prosesi sürətləndirmək və həyata keçirmək üçün Türkiyədən Azərbaycana 4 general təyin edilib. Azərbaycan üçün strateji əhəmiyyətə malik olan Hadrutda Azərbaycan Komando bölmələrinin yaradılması diqqətəlayiq olub. Eyni nöqteyi-nəzərdən bu və buna bənzər müqavilələrə digər qardaş Türkiyə dövlətləri də daxil edilə bilər.

 

Araşdırmaçı:  “Turaz.org” Təhlil komandası – Məryəm Məmmədova

Translate »