Avqust 14, 2022

Türkiyə PA-nın rəsmisi Qarabağdan danışıb: “Proseslərin sürətlə irəliləyəcəyini düşünürəm”

 

“Proseslərin bundan sonra sürətlə, konstruktiv istiqamətdə irəliləyəcəyini düşünürəm. Bizim bu mövzuda mövqeyimiz açıq və konkretdir”.

Turaz.org xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan bizim sərhəd qonşumuzdur. Ona görə də sərhədin açılmasını, diplomatik əlaqələrin başlamasını diləyirik. Bunun üçün bəzi şərtlər yerinə yetirilməli, məlum məsələlər müzakirə edilməlidir. Xüsusi nümayəndələrin işi onsuz da bu məqamların həlli ilə bağlıdır. Ermənistanın bir tərəfdən Azərbaycanla, digər tərəfdən Türkiyə ilə əlaqələrini normallaşdırması bütün bölgəyə fayda verəcək. Bu, ən çox Ermənistana lazımdır. Çünki Ermənistan kiçik, yoxsul, əhalisi az olan, dənizə çıxışı olmayan, ticarət yolları məhdud ölkədir. Azərbaycanla sülh müqaviləsinin imzalanması əlaqələrin yaranması deməkdir. Türkiyə ilə əlaqələrin normallaşacağı təqdirdə sərhəd ticarətindən sərhəd təhlükəsizliyinə, Türk Hava Yollarının uçuşlarına qədər bir çox sahədə inkişaf olacaq. Bütün bunlar Ermənistanın, erməni xalqının xeyrinədir. Bizim ölkəmizdə yaşayan erməni vətəndaşlarımızla da çox yaxşı əlaqələrimiz var. Onlara qarşı ayrı-seçkilik, hücum olarsa, hər zaman konkret mövqe sərgiləyəcəyik, onları müdafiə edəcəyik. Onların bir problemləri olanda dərhal bizə müraciət edə bilərlər”, – Ərdoğanın sözçüsü vurğulayıb.

İbrahim Kalının sözlərinə görə, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:

“1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhəddi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi. Prezidentimiz də ilk gündən etibarən Azərbaycanla Ermənistan arasındakı münasibətlərə adekvat olaraq Türkiyənin də Ermənistanla əlaqələri normallaşdırmaq istiqamətində addımlar atacağını demişdi. Bildiyiniz kimi, bu istiqamətdə xüsusi nümayəndələr də artıq təyin olunub”.

Müxbir: Əzizə Əlizadə

Translate »