İyun 10, 2023

“Türkiyədə terrorun arxasında duranlar cavablarını alacaq”-Türkiyədən sərt reaksiya  

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticədə 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Partlayışın hicablı bir qadın tərəfindən törədilməsi müəyyən edilib. Təhlükəsizlik kameraları vasitəsilə həmin şəxsi müəyyən etmək mümkün olub.

İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində terror aktı törətməkdə şübhəli bilinən qadın gizləndiyi evdə aşkar olunaraq, saxlanılıb. Onun kimliyi və hadisənin digər detalları barədə məlumat verilməyib.

Hazırda faktla əlaqədar araşdırma aparıldığı deyilir. Hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. İddialara əsasən, İstanbuldakı partlayış Suriyadakı kürd qruplaşmalarının sifarişi əsasında həyata keçirilib.

Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar TURAZ.ORG-a açıqlamasında bildirib ki, hadisə baş verəndə arxasında kim olmasına dair fərqli fikirlər vardı:

“İlk olaraq, ağıla İran, ABŞ, Rusiya, İsrail, bəzi ərəb ölkələri, Suriya gəlirdi. Lakin sonra fikirlər formalaşdı və ABŞ-ın YPG PKK-ya, Suriyaya göstərdiyi himayə, dəstək, təchizat və silah bir tərəfdən yönləndirmənin ABŞ olduğu ilə bağlı güclü bir iradə yaratdı. Hadisəni törədən PKK-ya qatılmış ərəb kökənli bir suriyalıdır və bu təşkilat Suriyadakı varlığını ABŞ-a borclu, oradan dəstək gördüyü üçün bu hadisənin arxasında ABŞ olduğu fikri formalaşır. Bu bir siyasi məsələ deyil, bu dövlət məsələsi və bu yöndən baxmağın doğru olacağını düşünürəm. PKK terror təşkilatına qarşı həm ölkə daxilində, həm də Suriya və İraqda çox uğurlu əməliyyatlar həyata keçirilir. Artıq terror təşkilatı ölkə daxilində tükəndiyi üçün son çırpınışlarını edir. PKK bunu Türkiyəyə qarşı tək həyata keçirmir, təbii ki, ona dəstək olan ölkələr var. Amma həmin ölkələr istədiklərinə nail ola bilməyəcəklər. Türkiyənin uğurlarını qəbullanmayan ölkələr gec-tez cavablarını alacaqlar”.

Araşdırmaçı: Turaz.org Təhlil komandası – Məryəm Məmmədova.

 

Translate »