İyul 4, 2022

Türkmənistan və Taliban arasındakı gərginliyin arxa pərdəsi

ABŞ-ın Əfqanıstanı tərk etməsi və Talibanın demək olar ki, heç bir müqavimətə rast gəlmədən 15 avqust tarixində Əfqanıstanda hakimiyyəti ikinci dəfə ələ keçirməsi Cənubi və Orta Asiyada geosiyasi vəziyyəti kökündən dəyişdi.

Əfqanıstanı tərk edən ABŞ sözün əsil mənasında yüz milyardlar dəyərindəki hərbi silah-sursatını Əfqanıstanda qoydu və beləliklə istər-istəməz Talibana hərbi dəstək göstərmiş oldu. ABŞ-ın bölgəni tərk etməsi və Talibanın hakimiyyəti ələ keçirməsi bölgənin digər əsas söz sahiblərindən olan Çinə iqtisadi cəhətdən böyük üstünlük qazandırdı. Çünki Əfqanıstan yeraltı sərvətlərlə olduqca zəngin bir ölkədir. Əfqanlıstanda kəşf edilən və istismarına başalanan dəyərli metal yataqları Çin üçün böyük xammal mənbəyidir.

Bölgənin digər bir böyük oyunçusu Rusiya isə xələfi SSRİ-nin səhvini təkrarlamaq istəmədiyini göstərdi və Taliban hakimiyyətini tanıyan ilk dövlətlərdən biri oldu. İran isə hər nə qədər məzhəb və ideologiya fərqliliyi olsa da Talibanla ticarət müqaviləsi bağlayaraq Talib hakimiyyətini rəsmi şəkildə tanıyan ilk dövlət oldu.

Maraqlısı isə budur ki, Taliban hakimiyyəti ələ keçirdikdən sonra daxili problemləri həll etmək əvəzinə qonşu dövlətlərlə problem yaratmağa başladı. Tacikistan və Türkmənistanla müharibə vəziyyətinin yaranmasına qədər gətirib çıxaran gərginliklər bizə bir neçə fərziyyə irəli sürməyə əsas verir:

1. ABŞ-ın Talibandan Rusiyaya qarşı istifadə etmək niyyəti
2. Rusiyanın Talibandan Orta Asiya ölkələrinə qarşı istifadə etmək niyyəti
3. Talibanın yeni tranzit axtarışı

1. Birinci fərziyyəyə əsas olaraq ABŞ-ın Taliban işğalına qarşı səssiz qalmasını və bununla yanaşı Əfqanıstandakı yüz milyardlar dəyərində olan silah-sursatı ölkədə qoyaraq tərk etməsini misal göstərə bilərik. ABŞ Talibanın əli ilə Tacikistan və Türkmənistan sərhədində gərginlik yaradaraq Rusiyanı bu bölgəyə fiziki olaraq çəkmək istəyə bilər. Çünki Rusiyanın bu bölgədə ordu saxlaması günü-gündən iqtisadiyyatı çökən Rusiya üçün dəhşətli sonluq ola bilər. Xüsusilə böyük qaz ehtiyatına malik Türkmənistanla yaşanan gərginlik Xəzər dənizində statusunun dəyişməsini istəməyən Rusiya və İrana da əlavə problem yarada bilər. ABŞ eyni zamanda yenidən Rusiyanı Əfqanıstana çəkərək böyük insan və resurs itkisinə də nail olmaq istəyə bilər.

2. İkinci fərziyyənin doğruluq payı o qədər böyük olmasa da Rusiya Talibanın əli ilə Orta Asiya ölkələrinin- xüsusilə də Özbəkistanın Qərbə yönəlməsinin qarşısını almağa çalışa bilər. Rusiya Taliban- terrorizm təhdidinə qarşı Orta Asiya dövlətlərini “qoruya biləcək” yeganə qüvvə olduğunu göstərərək dünyada imicini dəyişdirməyə çalışa bilər.

Lakin burda iki nüans ikinci fərziyyəni həm təsdiqləyə, həm də təkzib edə bilər. Əgər Rusiya Orta Asiya dövlətlərinin hamısında qoşun saxlamaq istəsə bunu Qazaxıstana müdaxilə etdiyi kimi edə bilər. KTMT-nin “sülhməramlı” kontingentini bu ölkələrdə yerləşdirə bilər.

İkinci nüans isə Qazaxıstanda baş verən iğtişaşlara “xarici qüvvələrin müdaxiləsi” donunu geyindirən və etirazçıları terrorçu adlandıran Rusiya baş verənləri Talibanla əlaqələndirib bölgəyə müdaxiləni daha da kəskinləşdirə bilər.

3. Üçüncü fərziyyənin də doğruluq payı olduqca yüksəkdir. Çünki Pakistan Talibanı nə qədər dəstəkləsə də taliblərin gücləndikdən sonra onlara da problem yaradacağını yaxşı anladıqları üçün Talibanı asılı halda saxlamağa çalışır. Talibanın Pakistana hazırda ərazi iddiası olduğunu da nəzərə alsaq Pakistan taliblərə tranziti məhdudlaşdırdığını anlaya bilərik.

Ölkə idarəsində maliyyə qaynağına ehtiyacı olan Taliban yeni tranzitlər axtarmağa başlayıb. Hətta Talibanın Maliyyə nazirinin sözcüsü Əhməd Vəli Haqmal Əfqanıstanın ABŞ və Avropa banklarda olan maliyyə qaynaqlarını geri verəcəyi təqdirdə qadınlara təhsil hüququ tanıyacaqlarını vəd etmişdi. Lakin ABŞ Talibanı maliyyə ilə sıxışdıra və istəklərini həyata keçirə bilər. Buna görə də Talibanın ölkə kənarındakı maddi qaynağı geri alması bir az çətin məsələdir.

İslam şəriətinə əsaslanan dövlət quracaqlarını vəd edən taliblər İslamçıdan çox Puştun milliyətçiliyi sərgiləyir və artıq 90-cı illərdəki ideologiyadan nisbətən uzaqlaşdıqlarını və maliyyə qarşılığında istənilən addımı atacaqlarını göstərirlər. Buna əsas olaraq Çinin istəyi ilə Əfqanıstana sığınan Uyğur türklərinin Çinə təhvil verilməsini və ideoloji düşmən olduqları İranla ticarət əlaqələrini göstərə bilərik. Şübhəsiz ki, bu ticarət əlaqələrində əsas yeri narkotik tutur.

Türkmənistan isə Tacikistanla müqayisədə hərbi və insan resursu cəhətdən daha zəifdir. Tacikistana hücum birbaşa KTMT ilə müharibə anlamına gəlir. Ancaq KTMT-yə üzv olmayan Türkmənistana hücum yenə də Rusiyanı bölgəyə çəkməyə hesablana bilər. Digər bir tərəfdən Türkmənistan üzərində tranzit əldə etmək isə Talibanın maddi sıxıntılarını nisbətən azalda bilər. Sonuncu dəfə yanvar ayının 4-də sərhəddə baş verən istidentdə hər iki tərəf itki verdiyini açıqlamış və bir-birlərini təxribatçı adlandırmışdılar. Türkmənistanın sərhəddə əlavə hərbi qüvvə cəmləşdirməsi Talibanın istənilən addımı qarşı adekvat tələb görəcəyi anlamına gəlir.

Fərziyyələri dəyərləndirdikdən sonra “Taliblərin” bəzi dairələr tərəfindən maddi dəstək qarşılığında Türkmənistan üzərindən müəyyən gərginlik yaratmaq istədiyi nəticəsinə gələ bilərik.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlildən Nağı Nağıoğlu
HƏMÇİNİN BAX: Rusiya Uzaq Şərqi satıb? Sürətli çinliləşmə nədən xəbər verir?
HƏMÇİNİN BAX: Əli bəy Hüseynzadə

Translate »