Fevral 3, 2023

Ukrayna səfiri Azərbaycana təşəkkür edib

“Dost Azərbaycan xalqına bu çətin müharibə günlərində Ukraynaya etdiyi genişmiqyaslı köməyə görə təşəkkür edirəm”.

 

Turaz.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

 

“Azərbaycanın göstərdiyi yardımlar arasında minlərlə ton ərzaq məhsulları, tibbi avadanlıqlar və tibbi ləvazimatlar sayəsində Ukraynada bir çox insanların həyatının xilas edildiyini unutmuruq. İndiyədək edilən bütün yardımlar Azərbaycanın səmimi dostluğunun bariz nümunəsidir və biz bunu çox yüksək qiymətləndiririk. Bunu heç zaman unutmayacağıq. Azərbaycan rəhbərliyinə və xalqına çox minnətdarıq. İnanıram ki, biz dostlarımızın köməyi ilə ayaq üstə dayanacağıq və mütləq qalib gələcəyik”, – səfir bildirib.

 

Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə bu gün Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.

 

Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.

 

Xatırladaq ki, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır.

 

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/ai-ermenistanin-azerbaycanla-serhedinde-musahideci-missiyasinin-uzadilmasini-muzakire-edir/

Translate »